İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qərar layihəsi parlamentin bu gün keçirilən iclasında qəbul olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnam Kərimovun Azərbaycanın və Avropanın aparıcı universitetlərində yüksək hüquqi təhsilə yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Birinci vitse-spiker qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət"in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra edib.
Əli Hüseynli İnam Kərimovun bundan sonra da hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, İ.Kərimov kənd təsərrüfatı naziridir.