Vətəndaşların rifah halının yaxşılaşdırılması üçün prezident vəsait ayırır, amma bəzən işlər yerlərdə uğurla icra edilmir, nəticədə vətəndaşlar narazı qalır.
Modern.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlar müraciətlərini Milli Məclisin kürsüsündən səsləndirməyi xahiş edirlər:
"Yardımlının suya kəskin ehtiyacı olan bir neçə kəndinə əvvəllər Sineyir bulağından su çəkildi. İyun ayından başlayaraq oktyabr ayının əvvəllərinə qədər kəndlərə su çatmır və sakinlər də narazılıq edirlər, şikayət məktubları göndərirlər. Rayonun Dağüzü və Qaraqaya kəndlərinin yaxınlığında sıldırım qayalıqlar arasında axan şirin sulu çayların birində bənd tikilsə idi, bəlkə biraz çox xərc gedərdi. Amma su öz axarı ilə bütün kəndlərə gedib çıxar və problemlər də yaranmazdı.
Digər bir məsələ yenə cənab Prezidentin sərəncamı ilə suya kəskin ehtiyacı olan Mirimli kəndində sakinlərin rifahını yaxşılaşdırmaq üçün subartezian su quyusu qazıldı. Lakin indiyə qədər kənd sakinlərinin şikayətlərinin ardı-arası kəsilmir. Yaxşı olar ki, bu məsələlərlə bilavasitə məşğul olan müvafiq yerli qurumlar problemin mahiyyətini öyrənib həll etsinlər",- Yardımlının deputatı deyib.