Deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən gün keçirilən iclasında energetika naziri Pərviz Şahbazovla aralarında yaranmış mübahisəyə aydınlıq gətirib.
Bununla bağlı Modern.az-a açıqlama verən deputat bildirib ki, “Elektroenergetika haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra tariflərdə dəyişikliyin olmaması mümkün deyil:
"Biz 3 sual qoymuşduq. Bunlar tariflər, pilot layihələrin həyata keçirilməsi və vaxt məsələsi ilə bağlı idi. Layihədə 2025-ci ilə qədər birinci, 2028-də ikinci və həmin ildən sonra isə üçüncü etap olaraq qərarlaşdırılıb. Nazir qeyd etdi ki, qərar qəbul olunarsa, tariflərə təsir etməyəcək. Mən də söyləyirəm ki, dünyada elə bir praktika yoxdur ki, sən özəl investisiya gətirəsən, şirkət orada iştirak etsin və sonda həmin yer köhnə tariflə işləsin. Nazir dedi ki, tariflərə dövlət səviyyəsində baxılacaq və tənzimlənəcək. Bu, ümumiyyətlə mümkün olan şey deyil. Çünki şirkət investisiya qoyursa, oradan gəlir götürməlidir".
V.Əhmədov vurğulayıb ki, sözügedən qanun layihəsinin indiki durumda qəbul olunması insanların sosial vəziyyətində problemlər yarada bilər:
"Əslində bunu pilot layihə şəklində həyata keçirə bilərik. Əvvəlcə bir-iki rayon, daha sonra digər ərazilərdə tətbiq etmək olar. Biz pilot layihəni yavaş-yavaş həyata keçrməliyik ki, insanlar əziyyət çəkməsin. Əsas arqumentlərdən biri odur ki, hazırda "Azərişıq" gəlirlə işləyən təşkilatdır. Sözügedən qurum iki ildir ki, gəlirlə fəaliyyət göstərir.
Mən çıxışımda onu da bildirdim ki, Qarabağda iki il ərzində 10 şirkətin görmədiyi işi "Azərenerji", "Azərişıq" və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirdi. Onlar kifayət qədər professional şəkildə işlədilər. Bunlar gəlirlə işləyən müəssisələrdir. Qanun qəbul ediləndən sonra söyləyəcəklər ki, yavaş-yavaş ayrılmağa başlayaq. Bu da dövlət və vətəndaşlar üçün problem yaradacaq. Mümkün deyil ki, tariflərdə dəyişiklik olmasın. Qiymət artımı olacaq. Belə olduğu halda vətəndaşların sosial vəziyyətində problemlər yaranacaq. Biz təklif edirik ki, yeni layihəni 2025-ci ildə yox, 2028-ci ildən sonra reallaşdırmağa başlayaq. Həmçinin, qarşıdan parlament və prezident seçkiləri gəlir. Bunları da nəzərə almaq lazımdır".
Qeyd edək ki, ötən gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Deputat Vahid Əhmədov sözügedən qanun layihəsinə etirazını bildirib. O deyib ki, yeni qanun qiymət artımına səbəb olacaq:
“Ciddi qiymət artımı olacaq. Bunu üçüncü oxunuşa çıxarmaq olmaz. Qanun qəbul olunarsa, mən mətbuat konfransı keçirib, camaatı məlumatlandıracam. Qanunun qəbulu narazılığa səbəb olacaq. Kim deyirsə ki, tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir. Yeni qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Qarşıdan 2025-ci il seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim ona ehtiyacımız yoxdur".
Nazir Pərviz Şahbazov isə enerji sahəsində qiymət artımının olmayacağını söyləyib: “Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qanunun qəbulu qiymətlərin artması demək deyil. Qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür”.
Daha sonra Vahid Əhmədov pilot layihə həyata keçirilməsini təklif edib. Nazir buna qarşı çıxaraq, deputatın təklifini dəstəkləməyib.