Modern.az

Milli Məclisin tarixindən: spiker Rəsul Quliyevin parlamentdəki son ÇIXIŞI

Milli Məclisin tarixindən: spiker Rəsul Quliyevin parlamentdəki son ÇIXIŞI

20 İyun 2013, 10:06

Qayıtmaq arzusu ilə gedən keçmiş spikerin yolu bağlı qaldı…


Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik... Beləliklə,

1996-cı il sentyabrın 11-də Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev səhhətilə bağlı istefa verdi. Parlamentin iclasında iştirak edən prezident Heydər Əliyev onun ünvanına xoş sözlər söylədi. Xatırladaq ki, spikerin o zaman “Novoye vremya” jurnalına müsahibəsi həm hakimiyyət daxilində, həm də hakim partiyada ciddi narazılığa səbəb olduğundan Rəsul Quliyevin ünvanına kəskin ittihamlar səslənirdi.

Rəsul Quliyevin istefa ərizəsindən:

- Hörmətli deputatlar! Azərbaycan Respublikasında aparılan genişmiqyaslı islahatlar mühüm qanunvericilik bazası yaratmağı tələb edir. Bu iş Milli Məclisin və onun rəhbərliyinin gərgin iş rejimi hesabına həyata keçirilə bilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlar ağır iş rejimi səhhətimin pozulmasına səbəb olub. Ona görə də 11 sentyabr 1996-cı ildən Milli Məclisin sədri vəzifəsindən istefa verdiyimi nəzərə çatdırıram. Bununla yanaşı, bəyan etməyi özmə borc bilirəm ki, dövlət başçısı Heydər Əliyevin apardığı daxili və xarici siyasəti, onun əməli fəaliyyətini bütövlükdə dəstəkləyirəm.

Heydər Əliyev isə deyir ki, Rəsul Quliyev ilk dəfə keçən ilin (1995-in) aprelində xəstələnməsi barədə məlumat verib:

- Və son aylarda xəstəliyinin ciddiləşməsi və bununla əlaqədar uzunmüddətli müalicə olunması haqqında da məlumat verib. İstefa ərizəsi ilə əlaqədar bildirmək istəyirəm ki, Rəsul Quliyev 1993-cü ilin iyun ayından Azərbaycan dövlətçiliyinin qorunması və sabitləşməsi prosesində aparılan tədbirlərdə fəal iştirak etmişdir. Bu xidmətlərə görə mən Rəsul Quliyevə vəzifəsindən istefa verərkən təşəkkürümü bildirirəm, ona cansağlığı, tezliklə müalicə olunub sağalmasını və gələcək işlərində müvəffəqiyyət arzu edirəm.

Rəsul Quliyev:

- Sözsüz ki, müalicədən sonrasizin sıralarınızda olacam və Azərbaycan dövlətçiliyinin inkişafı yolunda öz əməyimi sərf edəcəyəm.

Üstündən az qala 17 il keçir. Amma Rəsul Quliyevin Azərbaycana qayıtmaq arzusu çin olmur….

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...