Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında əlaqələrin inkişafına, münasibətlərin səviyyəsinin yüksəlməsinə və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Azər Badamov qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında olan münasibətlər özünün inkişaf mərhələsini yaşayır.
"Ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Cənab Prezidentin Qazaxıstana səfəri çərçivəsində yenə də əlavə sənədlər imzalandı ki, bunların icrası ilk növbədə ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə impuls verəcək. Qazaxıstanla Azərbaycan eyni kökə malik xalqlardır. Həmçinin dil, din və mədəniyyətləri də oxşardır. Ona görə də Türk Dövlətləri Təşkilatında da təmsil olunuruq. Qazaxıstanla sənədlərin imzalanması da türk dövlətləri arasında iqtisadi-siyasi münasibətlərin inkişafına gətirib çıxaracaq",-parlamentari söyləyib.
A.Badamov vurğulayıb ki, ölkələrimizin yaxınlaşması digər türk dövlətlərinin də həm iqtisadi, həm də siyasi cəhətdən inteqrasiya olunmasını sürətləndirəcək: "Qazaxıstan böyük iqtisadiyyata malik olan ölkədir və Azərbaycan da dünyada öz sözünü demiş, Türk dünyasında qalib olmuş, beynəlxalq arenada kifayət qədər çox nüfuza malik olan bir dövlətdir. Bu gün yeni dünya nizamı formalaşır və burada yeni təşkilatların gücünün artması vacib məsələdir. Bu baxımdan yeni yaranmış Türk Dövlətləri Təşkilatı da imzalanan müqavilələr, əməkdaşlıq imkanlarının genişlənməsi və bu istiqamətdə həyata keçiriləcək işlərlə yeni dünya nizamında özünəməxsus yer tutur. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunmasının əhəmiyyəti odur ki, istifadə etdiyi ənənəvi marşurutlarda müəyyən problemlər yaranıb və bu kəmər vasitəsilə neftin Bakı üzərindən Avropaya ixrac olunması yeni marşurutun əldə olunması deməkdir. Yəni Qazaxıstan öz neftini Ukrayna-Rusiya müharibəsinə və Avropanın Rusiyaya qoyduğu sanksiyalara baxmayaraq, yeni marşurutla Azərbaycan vasitəsilə Avropaya ixrac edə biləcək. Bu, ölkəmiz üçün də böyük əhəmiyyət daşıyır. Çünki qarşılıqlı fayda əsasında nəqletmə prosesi həyata keçirilir. Azərbaycan da nəql etdiyi neftin həcmindən aslı olaraq əlavə gəlirlər əldə edəcək".
Deputat Elşad Mirbəşiroğlu isə söyləyib ki, görüş zamanı sənədlərin imzalanması gələcəkdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində birgə addımların atılacağı deməkdir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində iki ölkənin gələcək əməkdaşlıq istiqamətlərini bir daha müəyyənləşdirən və daha da genişləndirəcək sənədlər imzalandı. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Qazaxıstan Dövlətlərarası Ali Şurasının yaradılması barədə sənədin imzalanması iki ölkənin strateji tərəfdaşlığının daha da dərinləşməsi istiqamətində fəaliyyətin kordinasiyasını şərtləndirəcək. Bu, çox mühüm sənəddir. Belə bir sənədin imzalanması ona dəlalət edir ki, Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin genişləndirilməsi istiqamətində də ayrıca kompleks addımlar atılacaq. Nəzərə almaq lazımdır ki, Qazaxıstan prezidenti cənab Tokayev ötən ilin avqustunda Azərbaycanda səfərdə olan zaman 2022-2026-cı illər üçün iki dövlətin əlaqələrini gücləndirəcək sənəd imzalandı. Azərbaycan Prezidentinin Qazaxıstana aprel ayının 10-da səfəri zamanı imzalanan sənədlər və müzakirə olunan məsələlər bir daha nümaiş etdirdi ki, Azərbaycanla Qazaxıstan kifayət qədər yüksək inkişaf səviyyəsinə çatmış siyasi münasibətlərə malik olmaqla yanaşı, həm də yaxşı oturuşmuş iqtisadi əməkdaşlıq sistemini qurmağı bacarıblar", - deputat söyləyib.
E.Mirbəşiroğlu vurğulayıb ki, gələcəkdə iki dövlətin iştirakı ilə hayat keçiriləcək layihələr münasibətlərin inkişafına müsbət təsir göstərəcək:
"Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 461 milyon dollar təşkil edir. Qazaxıstan iqtisadiyyatında ölkəmizin sərmayəsi də kifayət qədər ciddi səviyyədədir. Bu sərmayə təxminə 365 milyon dollar təşkil edir. Qazaxıstanda hazırda sırf Azərbaycanın investisiyası ilə 195 şirkət fəaliyyət göstərməkdədir. Hər iki ölkənin sərmayəsi əsasında da 210 şirkət aktiv vəziyyətdədir. Bu onu göstərir ki, Azərbaycan və Qazaxıstan iqtisadiyyatları bir-birlərinə yaxşı inteqrasiya edib. Sonrakı mərhələdə hər iki dövlətin vacib iştirakı ilə həyata keçiriləcək layihələr münasibətlərə və əməkdaşlığa ciddi müsbət təsir göstərəcək. Bildiyimiz kimi, "Orta dəhliz" layihəsinin gerçəkləşdirilməsi birbaşa Azərbaycan və Qazaxıstanın iştirak etməsindən aslıdır. Çin də bu layihənin reallaşmasında maraqlıdır ki, istehsal etdiyi məhsulları daha optimal yollarla Avropa bazarına çıxarmış olsun. Bu baxımdan düşünürəm ki, həm iştirak edəcəkləri birgə layihələr çərçivəsində, həm də qurulmuş iqtisadi əməkdaşlıq sistemi çərçivəsində Azərbaycanla Qazaxıstan arasında kifayət qədər çoxşaxəli iqtisadi-ticarət partnyorluğu mövcuddur.
Qeyd etmək yerinə düşərdi ki, "Orta dəhliz"lə bağlı 2022-2027-ci illəri əhatə edən yol xəritəsi üzrə də fəaliyyətin həyata keçirilməsi iki ölkə arasında mövqelərin koordinasiyası baxımından çox əhəmiyyətlidir. Bir sözlə, Azərbaycan-Qazaxıstan əməkdaşlığı, siyasi münasibətləri haqqında çox danışmaq olar. Son olaraq söyləmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana aprelin 10-da baş tutan səfəri həqiqətən də iki ölkə arasında həm siyasi, həm də iqtisadi münasibətləri yeni inkişaf mərhələsinə qaldırmış oldu".