“Ermənistan hərbçiləri Gorus rayonunda yerləşən sərhədyanı mövqelərindən Laçın rayonundakı hərbi mövqelərimizi atəşə tutub və nəticədə 3 hərbçimiz həlak olub. Allah şəhidlərimizə rəhmət eləsin! Erməni riyakarlığının sonu yoxdur".
Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.
Millət vəkili bildirib ki, sərhəd bölgəsində qoşunların təmas xəttində təxribat törətməklə Ermənistan hakimiyyəti guya hücuma məruz qalması haqqında hay-küy qaldırmaqla növbəti dəfə dünyanın diqqətini bölgəyə cəlb etməyə və Qərbdə özünə yeni himayədarlar tapmağa çalışır.
“Lakin heç bir təxribat Ermənistanın problemlərini həll etməyəcək. Ermənistan hakimiyyəti və ordusu törətdikləri hər bir cinayətə görə cavab verəcəklər. Şəhidlərimizin qanı yerdə qalmayacaq” - deyə Cavanşir Feyziyev qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.