Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.
Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik... Beləliklə,
“Bura mənim tribunamdır”
Milli Məclisin 2004-cü il dekabrın 24-də keçirilən iclasıdır. Hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı olan keçmiş deputat Əhəd Abıyev AXCP sədri Əli Kərimli barəsində danışır. O vaxt bu partiyanın funksionerlərindən biri olan deputat Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli spiker Murtuz Ələsgərovdan onun səsini kəsməyi tələb edirlər. Spiker Əhəd Abıyevə Daxili İşlər Nazirliyinə müraciət etməyi məsləhət görür.
Əhəd Abıyev:
- Bura mənim tribunamdır.
Spikerin əvvəlki kimi şərait yaratmamasından qəzəblənən Əhəd Abıyev yerindən qalxır, bağıra-bağıra tribunaya tərəf irəliləyir. Tribunaya hirsli halda yumruq vurub qışqırır:
- Əşi, nə deyirsən? Hadisə yerinə daxili işlər nazirinin özü gəlib. Əli Kərimov kimdir ki?..
Spiker:
- A kişi, gedin Daxili İşlər Nazirliyinə müraciət edin, bura o söhbətin yeri deyil...
Əhəd Abıyev bir daha tribunaya yumruq vuraraq deyir:
- Mən niyə başqa yerə gedirəm, əşşi? Bura Milli Məclisin tribunasıdır, mənim tribunamdır, buradan deyirəm.
Spiker Qulamhüseyn Əlibəyliyə söz versə də, Əhəd Abıyev onun danışmasına imkan vermir.
“Murtuz müəllim, çəkin də bunu...”
Əhəd Abıyev:
- Sən kimsən ə... Gündə birinin cibindən çıxırsınız, kimin pullarına danışırsınız burada?...
Sonra daha təhqiramiz ifadələr işlədir.
Qulamhüseyn Əlibəyli:
- Murtuz müəllim, çəkin də bunu, çəkə bilmirsinizsə, iclası normal aparın!
Spiker:
- Siz qanun layihəsi barədə danışın...
Qulamhüseyn Əlibəyli:
- Mən hesab edirəm ki, bu gün burada və bundan əvvəl baş verən insident Azərbaycan hakimiyyətinin bir sıra dairələrinin çox zəif və başıpozuq hərəkətidir. Əhəd Abıyev heç kimdir. Sadəcə, onu Prezident Aparatındakı bir-iki adam öyrədib göndərir, o da gəlib burada bu cür söyüşlər söyür. Siz də ona şərait yaradırsınız... Sonda bir məsələni də qeyd etmək istəyirəm. Bu Məclisdə Əli Kərimlinin ünvanına səsləndirilən hər bir təhqir sonda sizin özünüzə qayıdacaq. Murtuz müəllim, xahiş edirəm, belə şeylərə yol verməyin!
“Mənə ağıl öyrətməyin...”
Spiker:
- Mən öz işimi yaxşı bilirəm, mənə ağıl öyrətməyin. Kim kimi təhqir edir, onlar özləri bir-birinə cavab verməlidir. Getsinlər məhkəməyə müraciət etsinlər, mən niyə onun hərəkətlərinə cavab verməliyəm?
Cəmil Həsənli yerindən qalxıb çox qəzəbli şəkildə deyir:
- Bəs siz nə üçünsünüz burada onda? Yekə kişisən həddini bil, burada o tərbiyəsizlərə şərait yaratma! Burada deyilən təhqirlərin, söyüşlərin hamısı özünə gedir...
Əhəd Abıyev:
- ...Siz vermisiniz o torpaqları, müəyyən adamları da saldırmısınız içəri. Haradan alırsınız silahlı dəstə saxlamaq üçün pulları?
Nizami Quliyev:
- Otur aşağı, ə, düdük!!!
Murtuz Ələsgərov ona “otur aşağı, bəsdir” deyib sözü Əsmətxanım Məmmədovaya verir:
- Belə təhqirlər birinci beşillyin axırında da səslənmişdi. Elə bil bir müddət qalanda deputatların bir-birini təhqir etmək həvəsi baş qaldırır. Cəmil Həsənli, sənin atan yaşında, (səhvini düzəldir), böyük qardaşın yaşında Milli Məclisin sədrinə, universitetin müəlliminə belə sözlər deyirsən...
“Əhəd sakit ol, sən hamını bezdirmisən”
Cəmil Həsənli:
- Niyə haqsız danışırsan, sən eşitmədin onun dediklərini? Gördüyünü niyə görməzliyə vurursan?
Əhəd Abıyev yenə ayağa qalxır və Cəmil Həsənliyə xitabən:
- Səni danışdıran aldığın pullardır, haradan almısan, kimdən almısan, elə bilirsən heç kim bilmir?
Əsmətxanım Məmmədova:
- Sakit ol, Əhəd, sakit ol! Sən hamını bezdirmizən, iqtidarı da, müxalifəti də. Murtuz müəllim düz deyir, get məhkəməyə müraciət elə.
Murtuz Ələsgərov:
- Bir də belə sözlər danışsalar, deyəcəm, tutub çıxaracaqlar bayıra...
Əsmətxanım Məmmədova:
-Vallah, hamımız xəcalət çəkirik, olmaz axı belə... Biz siyasət adamıyıq, bilməliyik hansı sözü harada işlətmək olar...
Spiker:
- Otur aşağı, otur deyirəm sənə. Aranı qarışdıran elə sənsən.
Bu yerdə söz deputat Musa Musayevə verilir:
-...Milli Məclis bizim hörmətli spikerimiz Murtuz Ələsgərov tərəfindən çox yüksək səviyyədə idarə olunur. Kimlərsə - istər parlamentdə, istərsə də Azərbaycanda - ara qızışdırmaq istəyirlərsə, onlar buna nail ola bilməzlər. Çünki bu gün Rusiyanın prezidenti Putin cənabları Azərbaycan prezidentini təbrik edirsə, demək, Azərbaycan prezidentinin dünya səviyyəsində nüfuz və hörməti ən yüksək səviyyədədir. Yəni ki, bir aksiomadır, bunun sübuta-filana ehtiyacı yoxdur. Azərbaycanın güc strukturları, o cümlədən Bakı şəhər polisi çox yüksək səviyyədə hazırlıqlıdır. Heç bir qarışıqlıq Bakıda qeyri-mümkündür. Və Əli Kərimlinin cəbhə yoldaşları da və özü də narahatlıq keçirir, qəzetlərdə intürvülər verirlər ki, onları izləyirlər. Amma onun narahatlığına əsas yoxdur, yəqin ki, onun təhlükəsizliyini təmin edəcəklər...
“Hansı ölkədə belə dərəbəylik var?”
Murtuz Ələsgərov:
- Nə qədər ki, mən burada sədrəm, Milli Məclisin işini pozmağa imkan verməyəcəyəm. Kimsə özbaşına durub danışırsa, burada Məclisin qaydalarını pozursa, daxili nizamnaməyə zidd hərəkət edirsə, Etika komissiyası çağırıb onlarla söhbət etməlidir ki, bunu bir də təkrar etməsinlər. İndi biri durub deyir ki, məni təhqir etdilər, qəzetdə yazır ki, Milli Məclis əxlaqsızlıq yuvasıdır. Onu deyən adam məhkəmə qarşısında niyə dayanmır? Onlar məhkəməyə gəlmirlər, Etika komissiyasını saymırlar. Hansı ölkədə belə dərəbəylik var? Bura 92-ci ilin Milli Məclisi deyil ki, bir-birinin yaxasından tutub dartsınlar. Mən indiyədək belə şeylərə yol verməməyə çalışmışam, amma olub belə hallar. Milli Məclisin sədri niyə məsuliyyət daşımalıdır, kim kimi təhqir edir? Kim onu təhqir edib, gedib eşikdə onun yaxasından yapışsın.
Modern.az