Modern.az

Milli Məclisin tarixindən - Baş nazirin müavini: “Maliyyə naziri burdadır, siz onu yaxşıca silkələyin, Allah onun cəzasını verəcək!”

Milli Məclisin tarixindən - Baş nazirin müavini: “Maliyyə naziri burdadır, siz onu yaxşıca silkələyin, Allah onun cəzasını verəcək!”

24 İyun 2013, 15:56


Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik... Beləliklə,

1996-cı il fevralın 23-də keçirilən iclas. Akademik Cəlal Əliyev “Turan” İnformasiya Agentliyi ekspertlərinin parlamentin fəaliyyəti ilə bağlı hazırladığı bülleten haqda danışır.

Cəlal Əliyev:
- Bu parlament bülleteni ki, burada satırlar, bunu kim buraxıbdır, Milli Məclis?

Spiker Rəsul Quliyev “bilmirəm, o nə olan şeydir. Səfa, nədir o? Nə olan şeydir?” – deyir.

Yerdən:
- Müxalifət buraxır onu.

Rəsul Quliyev:
- Yaxşı, baxın, sonra məlumat verərsiniz.

“Adını müxalifət qoyan bu müftəxorların...”

Cəlal Əliyev:
- Yox, bir dəqiqə, axı burada-parlamentdə, zalın içində satıblar, təhrif olunmuş məlumatlar verirlər, əsəbiləşdirirlər. Adını müxalifət qoyan bu müftəxorların, demokrat qoyan bu “demokratlar”ın təhqiri, bu psixi xuliqanlığı, bizə əzab verdikləri bəs deyil. “Azadlıq”dır, “Müsavat”dır, “Müxalifət”dir gündə yalan, böhtan, söyüş, təhqir yazır, burada da götürüb təhrif olunmuş bir şey yazıblar.

Rizvan Cəbiyev:
- Tofiq müəllim, bu gün adamlar çörək ilə yaşamır, ümidlə yaşayır, o ümidi də öldürmək olmaz. Siz özünüz də çox yaxşı bilirsiniz ki, bu gün əhalinin vəziyyəti həddən artıq ağırdır, bəzi çox ailələr var ki, yeməyə çörək tapa bilmirlər. Onları fikirləşmək lazımdır.

İclasda büdcə ilə bağlı məsələ müzakirə olunurdu. Baş nazirin müavini Tofiq Əzizov deputatların suallarına cavab verirdi.

“İmkan yoxdur, qardaşım yoxdur”

Tofiq Əzizov:
- Bilirsiniz, Allah haqqı, mən də bilirəm, baş nazir də bilir, müavinləri də bilir, biz də bu millətin uşaqları deyilikmi, bilirik, vəziyyət çətindir, ancaq olan imkanı mən deyirəm, bu gün 100 milyarddan artıq imkan yoxdur, qardaşım yoxdur.

Şaitdin Əliyev:
- Mən bilmək istəyirəm ki, gələcəkdə bu nöqsanların aradan qaldırılması üçün hökumət nə kimi tədbirlər müəyyənləşdirir?

Tofiq Əzizov:
- Bu sualı xhiş edirəm, burada maliyyə naziri çıxış eləyəndə ona verin və onu yaxşıca silkələyin.

Şaitdin Əliyev:
- Yox, onu silkələyəcəyik. Mən hökumətin münasibətini bilmək istəyirəm.

“Allah bu maliyyə nazirini bədnəzərdən uzaq eləsin”

Tofiq Əzizov:
- Hökumət bunu bilir və bu məsələləri həll etmək istəyir. Allah var başımızın üstündə. Allah bu maliyyə nazirini bədnəzərdən uzaq eləsin. Ancaq o ki, pensiyaçıların pensiyasını vaxtlı-vaxtında vermir, Allah onun cəzasını verəcək. Heç kəsə pul verməsə də, pensiyaçıların nisyə çörək almağa məcbur olduqlarını gözünün qabağına gətirib pensiyaları vaxtında verməlidir.

Mətləb Mütəllimov:

- Tofiq müəllim, mən sizin xətrinizi çox istəyirəm, amma vallah həm özünüzə zülm eləyirsiniz, həm də bizə zülm eləyirsiniz. O məsələlər ki, siz onları ətraflı bilmirsiniz və yaxud da ki, cavab verməyə çətinlik çəkirsiniz və yenə də çalışırsınız nə təhər olsa da cavab verəsiniz, o da təbii ki, bizi qane eləmir. Ona görə yaxşı olardı ki, baş nazir özü suallara cavab verəydi, nə fərqi var, istər rus dilində, istər Azərbaycan dilində, bunun o qədər əhəmiyyəti yoxdur. İndi daha keçib.

Tofiq Əzizov:
- Sən mənim boynuma qoyma Mətləb, boynuma qoymaq lazım deyil, baş nazir mənə həvalə edib ki, onun yerinə burada çəxış edim, baş nazirə aid əsas məsələlərin mən hamısının cavabını vermişəm, sair xərcləri maliyyə naziri bilməlidir və burada deməlidir, mənim boynuma qoyma ki, mən cavabları vermirəm.

Şadman Hüseynov:
- İndi hələ ki Tofiq müəllim buradadır, ondan xahiş eləyim. Burada elmlə bağlı məsələ qalxdı. Hüquq-mühafizə orqanlarına ayrılmış xərclər elmə ayrılmış vəsaitdən 10 dəfədən də çoxdur. Əgər mümkündürsə, gələcəkdə bu arada itmiş yüzdə yeddi faiz ki var, o kəsiri heç olmasa, elmin inkişafına yönəldəsiniz.

Tofiq Əzizov:
- Bilirsən, Şadman...

“Denən baş üstə”

Rəsul Quliyev:
- Yox, axı bu suala nə cavab verəcəksiniz, mən başa düşmürəm? O izahat verdi ki, bu belə olmasın, yeddi faizi verin elmə. Denən baş üstə. Nə isə izh eləmək istəyirsən? Bilmirəm, nə izah eləyəcəksən?

Tofiq Əzizov:
- Demək istəyirəm, bəsdir bu çevrilişlər-zadlar hazırladınız. Bu boyda hüquq-mühafizə orqanları saxlamaq...

Rəsul Quliyev:
- Yaxşı, yaxşı, aydındır.

Şamil Yusifov:
- Tofiq müəllim, bu gün keçmiş sistem dağılıb deyirik, keçid dövründəyik. Siz hökumətin bir üzvü kimi, deyə bilərsinizmi ki, bizim dövlətimizin gələcək hansı iqtisadi inkişaf modeli gözlənilir? Siz hökumətin bir üzvü kimi, hansı modelin tərəfdarısınız?

Tofiq Əzizov:
- Bilirsiniz, bir iqtisadi model kimi bir dövləti götürsək...

Rəsul Quliyev:
- Yox, yox, uzağa niyə gedirsən? Mülkiyyət formasından danış, bir kəlmə söz de, qurtar. Hara gedir. Dövlət, büdcə nədir, mən başa düşmürəm. Demokratik dövlət, mülkiyyət forması, bütün mülkiyyət forması qəbul olunub, münasibət bazar münasibətidir. Qurtardı da.

Etibar Məmmədov:
- ...Tofiq müəllim hökumətin adından çıxış edir və bayaq bizə məsləhət gördü ki, Fikrət Yusifovun yaxasından tutaq, silkələyək, sonra Milli Bankın sədrini silkələyək, yəni Milli Məclisin üzvləri burada bütün nazirləri silkələmlidir, belə çıxır.
Sizin öznüz də bilmirsiniz onları bir silkələyən var, yoxsa yox? Yəni onlar kiməsə tabedirlər, yoxsa ki, hər nazirlik ancaq özünə tabedir. Onlardan hökumətin rəhbərliyində nə isə tələb eləyib, onlardan məsuliyyət tələyən var, yoxsa yoxdur.

Tofiq Əzizov:
- Bəli, onlardan məsuliyyət tələb eləyən baş nazir var və onlardan tələb edir. Milli Bank bilirsiniz ki, Ali Sovetə tabedir. Ancaq Nazirlər Kabinetinin tərkibində olan nazirlər yaxşı-yaxşı silkələnir və onlardan tələb olunur ki, işləsinlər.

Rəsul Quliyev:
- Yəni üstündə olan meyvənin hamısı düşüb, ola bilər, ikisi-üçü qalıb, deyir onu da Milli Məclis silkələsin, düşsün. Belə də.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...