Modern.az

Dövlətçilik salnaməmizə adı qızıl hərflərlə yazılmış Böyük Azərbaycanlı

Dövlətçilik salnaməmizə adı qızıl hərflərlə yazılmış Böyük Azərbaycanlı

Parlament

10 May 2023, 10:31

“Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndər  Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə  2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu öndərimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilirdi. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.

 

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edən YAP İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan böyük dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində mühüm işlər gördü. Ulu Öndər Heydər Əliyev ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini qoydu. Ulu Öndər dünyaya gəlişi ilə Tanrının Ona verdiyi xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı.

Deputatın sözlərinə görə, Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordu təməli qoyuldu. Ulu Öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

 

Pərvin Kərimzadə qeyd edib ki, bu gün Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. Azərbaycanın sürətli inkişaf dövrü məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. 2020-ci ilin sentyabrında rəşadətliAzərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. 

 

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin kapitulyasiya aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin rəmzi olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Artıq işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış başlayıb. Şübhəsiz ki, qazanılan hər bir uğurumuzun, o cümlədən möhtəşəm Qarabağ Zəfərimizin kökündə, əsasında Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə aparacaq. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə qazanlan yeni-yeni nailiyyətlər bu reallığı bir daha təsdiqləyir!”-deyə Pərvin Kərimzadə vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!