Modern.az

Kılıçdaroğlunun layihəsi Milli Məclisdə tənqid olundu

Kılıçdaroğlunun layihəsi Milli Məclisdə tənqid olundu

12 May 2023, 11:19

“Diqqətinizi qısaca olaraq bir məqama yönəltmək istəyirəm. Bildiyiniz kimi, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkiləri vətəndaşlarımız diqqətlə izləməkdədir. Bu seçimlərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət iki dövlətlərdir. Ancaq təəssüf ki, aramızda olan bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnur Allahverdiyev bildirib.

 

Deputat çıxışı zamanı CHP sədri Kamal Kılıçdaroğlunun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə və onun təqdim etdiyi layihəyə də toxunub.

 

“Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Ən azı ona görə ki, müvafiq rüsumlar ya əsas etibarilə ləğv olunub, ya da azaldılıb. Yəni bu sahədə Azərbaycan hökuməti ciddi liberallaşma tədbirləri həyata keçirib.

 

Ancaq yenə də qeyd etməliyəm ki, bu rüsumların çoxu artıq ləğv edilib və bu barədə ictimaiyyətin yanvarın sonlarından məlumatı var. Müxalifət liderinin daha öncə təklif etdiyi "İpək Yolu" layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan kənarda qalır? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bəyanatı onların səslərinə hesablanıb. Ancaq məlumat yanlış olmaqla bərabər, təəssüf ki, həm də kinayə, sarkazmla müşayiət olunur ki, bu da bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.  

 

Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi