Ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən sonra mətbuata açıqlama verən XİN təmsilçiləri bir sıra məsələlərdə, xüsusilə komunikasiya vasitələrinin açılması mövzusunda irəliləyiş əldə etdiklərini bildiriblər.
XİN-in yaydığı məlumatda qeyd olunub ki, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.
Bundan əlavə, nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. XİN başçıları, həmçininin Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildirib, müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Moskva görüşünü Modern.az-a şərh edən deputat Aydın Mirzəzadə bildirib ki, prosesin davam etməsini və müəyyən irəliləyişin olmasını ilkin nəticə hesab etmək olar.
"Son nəticəni əldə etmək üçün çox işləmək və təmasda olmaq lazımdır. Erməni tərəfi Azərbaycanın daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünü tanımaq kimi məsələlərdə öhdəliklərini yerinə yetirmir. Ona görə də bir çox istiqamətdə görüşlərin keçirilməsi lazım gələcək. Ermənistan rəsmiləri bəzən müxtəlif mövzularda nəticə əldə etdiklərini söyləyirlər, ancaq nəyi nəzərdə tutduqları bizə aydın deyil. Razılıqların əsas, yoxsa ikinci dərəcəli mövzularda əldə edildiyi açıqlanmayıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanan, hər iki tərəfin maraqlarını təmin edəcək 5 prinsip irəli sürüb. Ermənistan tərəfindən isə sadəcə siyasi iradə göstərmək tələb olunur", - deyə parlamentari vurğulayıb.
A.Mirzəzadə vurğulayıb ki, Türk dünyasına, Azərbaycana nifrət əhval-ruhiyyəsi ilə yanaşan millətdən birdən-birə mövqeyini dəyişməyini gözləmək sadəlövlük olardı:
"Ermənistan cəmiyyətində hələ də "biz güclənəcəyik, müharibə edəcəyik" çağırışları var. Azərbaycan özünün prinsipal mövqeyindən, yəni ərazi bütövlüyünün tanınması, Ermənistanın bizim daxili işlərimizə qarışmaması yolunda olan tələbindən dönməyəcəyini bəyan edir. Bizim ərazimizdə yaşayan erməni icmasının nümayəndələri isə Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onlara digər vətəndaşlar kimi hüquq və azadlıqlarının dövlət tərəfindən qorunacağının təminatı verilir. Ermənistan sosial şəbəkələrində vaxtaşırı "30 il ərzində biz nə etdik, Prezident İlham Əliyev nə etdi" müzakirələri genişlənməkdədir. Bu, onu göstərir ki, biz düz yoldayıq və qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq".
Deputat Nəsib Məhəməliyev isə söyləyib ki, Rusiya münaqişənin həllinə yox, problemin qalmasına çalışır:
"Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq, xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlama verdi. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işlərinə başlanılmalı, daha sonra kommunikasiyalar açılmalı və iqtisadi münasibətlər qurulmalıdır. Bu o deməkdir ki, Rusiya münaqişənin həllinə yox, əksinə, müddətsiz uzadılmasına, bölgədə gərginliyin saxlanılmasına çalışır. Çünki, delimitasiya və demarkasiya uzun prosesdir, kommunikasiyaların açılması, Qarabağda yerləşən erməni silahlı tör-töküntülərinin çıxarılması ilə əlaqəsi yoxdur. Bu işlər paralel aparıla bilər".
N.Məhəməliyevin fikrincə, 10 noyabr tarixli üçtərəfli bəyannamənin 4-cü və 9-cu bəndlərinin icrasını, yəni erməni silahlılarının Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin açılmasını Rusiya Federasiyası təmin etməlidir:
"Əfsuslar olsun ki, şimal qonşumuz özünün də imza atdığı öhdəlikləri yerinə yetirmir. Lavrovun səsləndirdiyi digər fikir bu ölkənin 200 il əvvəl formalaşdırılmış Qafqaz siyasətinin dəyişmədiyini göstərir. O ilk dəfə açıq şəkildə “əminəm, müttəfiqlərimiz Rusiyanın dövlət maraqlarına hörmətlə yanaşacaqlar” deyə fikir bildirməklə, Rusiyanın gerçək planını etiraf etmiş oldu. Hesab edirəm ki, 21-ci əsrə 19-cu əsrin prizmasından baxmaq yanlışdır. Müasir dövrün çağırışları, kriteriyaları tam başqadır. Rusiya bizə tarixi, coğrafi, iqtisadi, mədəni baxımdan yaxın ölkədir və müstəqil Azərbaycan dövlətinin atributlarına hörmətlə yanaşmalıdır. Qarşılıqlı hörmət əsasında qurulmuş əməkdaşlıq dövlətlərimizi, xalqlarımızı daha da yaxınlaşdırar".