Modern.az

Azərbaycan-Litva əməkdaşlığının genişləndirilməsi istiqamətində addımlar atılır

Azərbaycan-Litva əməkdaşlığının genişləndirilməsi istiqamətində addımlar atılır

Parlament

24 May 2023, 14:08

“Ötən dövr ərzində Azərbaycanın dünya miqyasında nüfuzu və beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da böyük önəm kəsb edir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycanla Litva arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 40-dan çox sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. İki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir.

 

Millət vəkilinin sözlərinə görə, səfər zamanı Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə təkbətək və geniş tərkibdə görüşü, dövlət başçılarının mətbuata birgə bəyanatları, imzalanana dövlətlərarası sənədlər, həmçinin Azərbaycan-Litva biznes forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün yeni imkanlar yaradır. Mətbuata birgə bəyanat zamanı Litvanın dövlət başçısı bildirib ki, 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır. Dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələri yüksək qiymətləndirməklə yanaşı, regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında da  fikirlərini bildirib. Cənab Prezidentin dediyi kimi, “sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

 

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan-Litva biznes forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanları dəyərləndirilib. Bu gün Litva və Azərbaycanın öz regionlarında mühüm daşımalar qovşağı olduğunu söyləyən Prezident İlham Əliyev deyib: “Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”.

 

Beləliklə, Azərbaycan-Litva əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlətimizin başçısının bu ölkəyə rəsmi səfəri isə münasibətlərimizi daha da gücləndirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi