Modern.az

Elmira Axundovanın xələfi hansı işləri görməlidir... - Deputatlardan tövsiyə

Elmira Axundovanın xələfi hansı işləri görməlidir... - Deputatlardan tövsiyə

24 May 2023, 17:12

Dünən Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.

 

Qanlı döyüşlərin davam etdiyi Ukraynaya təyinat alan Seymur Mərdəliyevdən gözləntilər nələrdir? O daha çox hansı istiqamətdə fərqlənməlidir?

 

Milli Məclisin Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun üzvləri bu barədə fikirlərini Modern.az-a bölüşüblər. 

 

Deputat Kamran Bayramov bildirib ki, yeni səfirin işə başlamasından sonra iki ölkə arasında münasibətlər daha da genişlənəcək:

 

“Ukrayna ərazilərində müharibə gedir. Təbii ki, bu ölkə ilə əlaqələrin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində işlər görülməlidir. Düşünürəm ki, yeni təyin edilən səfirin karyerasına baxsaq, onun həqiqətən təcrübəli diplomat olduğunu görərik. Geniş müddət ərzində Xarici İşlər Nazirliyi sistemində çalışıb.  O, beynəlxalq hüquq sahəsində böyük təcrübəyə malik insandır. Əgər belə təyinat baş veribsə, yəqin ki, biz gələcəkdə Azərbaycan-Ukrayna münasibətlərinin genişlənməsindən danışa bilərik”.

 

 

Kamran Bayramov qeyd edib ki, Ukraynadakı diasporun maraq və hüquqlarının qorunması istiqamətində də işlər görülməlidir:

 

“Ukraynada diasporumuz aktiv fəaliyyət göstərir. Orada soydaşlarımız yaşayır və işləyir.  Bir ay bundan əvvəl Ukrayna-Azərbaycan Dostluq Qrupunun tərkibində Ukraynaya səfər etmişdim. Orada ikitərəfli görüşlərlə yanaşı, diaspor nümayəndələri ilə də görüşdük. İkitərəfli münasibətlərin, eyni zamanda diasporumuza dəstəyin ifadə edilməsi baxımından yaxşı müzakirələrimiz olub. Bu baxımdam yeni səfirin qarşısında kifayət qədər böyük vəzifələr durur. Təbii ki, əsas hədəf ikitərəfli münasibətlərdir. Ancaq bununla bərabər, orada yaşayan soydaşlarımızın hüquq və maraqlarının qorunması istiqamətində də işlər görülməlidir”.

 

 İşçi Qrupunun digər üzvü Vüqar İskəndərov da yeni səfirin təcrübəli diplomat olduğunu söyləyib:

 

“Gənc, ancaq təcrübəli diplomatdır. Ukraynanın Azərbaycan üçün nə qədər stratejik ölkə olduğunu gözəl bilir.  Bu təyinatla Seymur Mərdəliyev ona göstərilən etimadı doğruldacaq. Ukraynanın bu ağır günlərində səfirliyin fəaliyyəti var gücü ilə bərpa olunacaq. Ölkəmizin Ukraynadakı təmsilçiliyi yüksək səviyyədə təmin olunacaq”.

 

 

Deputat Azərbaycan-Ukrayna əlaqələrinin önəmindən də bəhs edib:

 

“Ukrayna Azərbaycan üçün vacib ölkələrdən biridir. İki ölkə arasında dostluq əlaqələri yüksək səviyyədədir. Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bunu bəyanatlarda və əməldə sübut edib. Hər iki ölkə beynəlxalq aləmdə bir-birini dəstəkləyib. Bu gün də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq hüququn normalarına uyğun olaraq ərazilərin dəyişdirilməsini, suverenliyə qəsdi qətiyyətlə pisləyir. Ukraynaya vacib yardımlar edən ölkələrin siyahısında Azərbaycan da var. Azərbaycan mütəmadi olaraq bu ölkəyə humanitar yardımlar göstərir. Ukraynadan qaçqın düşən uşaqların ölkəmizdə reabilitasiya olunması üçün müvafiq işlər görür”. 

 

Qeyd edək ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb. O, eyni zamanda XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.  

 

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü