Modern.az

Komitə sədri Moskva görüşünü şərh etdi: Əsas məsələ həll olunub

Komitə sədri Moskva görüşünü şərh etdi: Əsas məsələ həll olunub

Parlament

26 May 2023, 13:00

Prezidenti İlham Əliyev mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Dövlət başçısı toplantıda çıxış edərək, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə əlaqələrdən və Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi göstəricilərindən danışıb. Çıxışlar zamanı protokol qaydalarını pozan Ermənistanın Baş naziri Nikol Paşinyan təxribatçı fikirlər səsləndirib. Prezident İlham Əliyev Azərbaycanı ərazi iddiasında ittiham edən Paşinyana yerindəcə cavab verərək, onu tutarlı faktlarla susdurub. (Daha ərtaflı buradan baxa bilərsiniz).

 

Ali Avrasiya İqtisadi Şurasının iclasından bir neçə saat sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Rusiya prezident Vladimir Putin görüş zamanı çıxışında bildirib ki, Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər var, buna baxmayaraq vəziyyət nizamlanma istiqamətində inkişaf edir:

 

"Hələ də nizamlanmamış məsələlər var. Lakin bu problemlər sırf texniki xarakter daşıyır. Mənim fikrimcə və bizim fikrimizcə - mən hər üçümüzün fikrini nəzərdə tuturam - Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin - bunlar aşıla bilən maneələrdir, ümumiyyətlə, bunlar sırf texniki məsələlərdir".

 

Putin, həmçinin qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır.

 

Üçtərəfli görüşdən öncə Moskvada vacib sənədlərin imzalanacağı deyilsə də, gözləntilər özünü doğrultmayıb.

 

Ümumilikdə Moskva görüşü əvvəlki görüşlərdən nə ilə fərqləndi? Üçtərəfli danışıqların nəticəsini necə qiymətləndirmək olar? 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Paşinyanın iclasdakı hərəkətlərini etikanı bilməməsi ilə əlaqələndirib:

 

"Paşinyanın özünü bu cür aparması onun siyasi tərbiyəsindən xəbər verir. Onun beynəlxalq etiket qaydalarına nə qədər bələd olub-olmadığı üzə çıxdı. Bu adam etiket qaydalarını bilmir. Bu, yeni hal deyil. Ondan həmişə belə hərəkətlər gözləmək olar. Çünki siyasətə təsadüfən gəlmiş adamdır. Paşinyan guya Azərbaycanın Ermənistana ərazi iddiası irəli sürdüyünü dedi. Cənab Prezident ona şəxsən cavab verdi. Prezident bizim heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmədiyimizi bildirdi. Paşinyan məcbur vəziyyətdə qalaraq Azərbaycan Prezidenti ilə razılaşdı. Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Bunu Moskva görüşündən əvvəl demişdi. Orada da bunu təsdiqlədi".

 

 

Komitə sədri bildirib ki, toplantıda Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsi Paşinyanı narahat edib. 

 

"Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı qaldırdığı məsələ Paşinyanı qıcıqlandırdı. Zəngəzur Azərbaycanın tarixi torpağının adıdır. Burada qeyri-adi heç nə yoxdur. Paşinyan daha çox dəhliz anlayışına etiraz edir. Ancaq onu yandıran Zəngəzur sözüdür. O da bilir ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Zəngəzur dəhlizi deyən kimi, Paşinyanı o saat dəlilik tutdu ki, bəs Azərbaycan Ermənistana qarşı ərazi iddiasındadır. Əslində biz dəhlizin açılmasını istəyirik. Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirən dəhlizin açılmasında maraqlıyıq. Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur".

 

Z.Əsgərov üçtərəfli görüşü müsbət qiymətləndirdiyini qeyd edib: 

 

"Üçtərəfli görüşü normal və müsbət qiymətləndirirəm. Danışıqlar gedir. Ən əsas odur ki, Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiqlədi. Bu sözü Putindən də eşitdik. Paşinyan da təsdiqlədi. Əsas olan budur, digər məsələlər də nizama düşəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır