Modern.az

Azərbaycanın artan gücü sülh üçün ən vacib meyardır

Azərbaycanın artan gücü sülh üçün ən vacib meyardır

26 May 2023, 22:19

Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 25-də Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının liderlərinin üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün  Moskvaya səfər etmişdir. O, eyni zamanda burada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etmişdir. Dövlət başçımızın tədbirdəki çıxışı siyasi məzmun və mahiyyət baxımından bir sıra ciddi məqamlarla müşayiət olunmuşdur. 

 

Cənab İlham Əliyev, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı uğurla inkişaf etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu tendensiyanın müsbət dinamika üzrə inkişafı üçün respublikamızın böyük potensialı mövcuddur. Belə ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini nəzərə alsaq, ölkəmizin nəqliyyat-logistika infrastrukturunun necə böyük beynəlxalq əhəmiyyətə malik olduğunu görmək olar. Misal üçün, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Ələt Dəniz Limanı modernləşdirildikdən sonra yaxın vaxtlarda yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Bakı–Tbilisi–Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Respublikamızda ikisi işğaldan azad edilmiş ərazilərdə olmaqla 8 beynəlxalq aeroport fəaliyyət göstərir, doqquzuncusu isə 2025-ci ildə Laçında istifadəyə veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyədə olmaqla valyuta ehtiyatlarının cəmi 10 faizini təşkil edir. Bir sözlə, Prezident İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir”.  Bu baxımdan təbiidir ki, ölkəmizin getdikcə daha vüsətlə artan nüfuzu və resursları Ali Avrasiya İqtisadi Şurasına daxil olan ölkələrin beynəlxalq dəhlizlərdən daha səmərəli şəkildə bəhrələnməsi üçün yeni imkanlar açır.

 

Cənab İlham Əliyevin toxunduğu digər vacib məsələ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair gedən proseslərlə bağlıdır. Dövlətimizin başçısı hər iki tərəfdən ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülhyaratma prosesində ciddi imkanların formalaşdığına diqqət yönəltmişdir. Məlum olduğu kimi, son danışıqlardan rəsmi İrəvan Qarabağ da daxil olmaqla Azərbaycanın 86.6 kvadrat kilometr ərazisini tanıdığını bəyan etmişdir. Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həmçinin həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması isə Avrasiya məkanındakı ölkələrin maraqlarına tam uyğundur. 

 

Ölkəmizin uğurlarına qısqanclığını gizlədə bilməyən Ermənistanın Baş naziri Nikol Paşinyanın “Zəngəzur dəhlizi” ifadəsini bəhanə edərək cənab İlham Əliyevə etiraz bildirməsi, Laçın dəhlizinin guya Azərbaycan tərəfindən bloklanmasından çikayət etməsi hər zaman olduğu kimi onun yenə gülünc vəziyyətə düşməsi ilə nəticələndi. Dövlətimizin başçısı təmkinini pozmadan tutarlı arqumentlərlə ona cavab olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsün məhz Azərbaycana məxsus olduğunu bildirdi və Ermənistandan fərqli olaraq bu layihənin Rusiya və bir çox digər Avrasiya ölkələri tərəfindən dəstəkləndiyinə işarə vurdu: “…Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”. Rusiya lideri Vladimir Putinin Paşinyanın sözünü kəsərək azərbaycanlı həmkarının mövqeyini ciddi şəkildə dəstəkləməsi isə Ermənistan rəhbərini daha pərt duruma saldı: “Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən, nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır.” Diplomatik dildə bu belə anlama gəlir ki, Ermənistanın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin taleyi İrəvanda deyil, digər məkanlarda həll olunur.

 

Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü də çox maraqlı məqamlarla yadda qalıb. Vladimir Putin Sovet İttifaqının ən güclü siysi liderlərindən biri və müstəqil Azərbaycanın taleyində müstəsna rol oynamış görkəmli siyasi xadim Heydər Əliyevin ölkələrimizin tarixində birləşdirici sima olduğunu vurğulamış, ulu öndərin 100 illiyinin Moskvada və Rusiyanın regionlarında dövlət səviyyəsində layiqincə qeyd olunduğunu, bu münasibətlə böyük silsilə tədbirlərin keçirildiyini bildirmişdir. Yubiley tədbirləri çərçivəsində Dövlət Dumasında və Federasiya Şurasında təşkil edilmiş sərgilər, Parlamentin hər iki palatasının rəhbər nümayəndələrinin Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasına qatılması, Rusiya televiziyalarında sənədli filmlərin nümayişi ümummilli liderimizin şəxsiyyətinə verilən yüksək qiymətdir. Bundan əlavə, Moskva-Tında qatarının təntənəli yola salınması, Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, Baykal Amur Magistralında, o cümlədən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında maraqlı tədbirlər təşkil edilmişdir.

 

Dövlətimizin başçısı Rusiya Federasiyasında Heydər Əliyevin xatirəsinə göstərilən diqqəti yüksək dəyərləndirmiş, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin əsasında məhz ulu öndərin böyük əməyi olduğunu bildirmişdir. O, məhz rusiyalı həmkarının 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldidiyini və ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə bu münasibətlərin müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiyini bəyan etmişdir: “Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir”.

 

Söhbət əsnasında cənab İlham Əliyev sülh razılaşmasının bölgədə sülhün əldə olunmasında Rusiya Federasiyasının roluna böyük əhəmiyyət verdiyini, onun Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərini səylərini çox yüksək dəyərləndirdiyini vurğulamışdır. Bundan əlavə, dövlətimizin başçısı Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bu yaxınlarda səsləndirdiyi bəyanatlardan sonra sülh sazişinin digər maddələrinin daha rahat şəkildə razılaşdırılacağının mümkünlüyünü ifadə etmişdir.

 

Nəticə etibarı ilə, Prezident Əliyevin Moskva səfəri həm ölkəmizin Avrasiya məkanında rolunun artması, şaxələndirilən ixracat üçün yeni imkanların açılması, həm də Zəngəzur dəhlizi də daxil olmaqla Azərbaycanın 5 həll prinsipi əsasında Ermənistanı sülhə gətirmək baxımından çox uğurlu və məhsuldar olmuşdur.

 

Əli Hüseynli
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı