Modern.az

Hersoqun Bakıya gəlişi nəyi dəyişəcək? - Tarixi səfərdən gözləntilər

Hersoqun Bakıya gəlişi nəyi dəyişəcək? - Tarixi səfərdən gözləntilər

1 İyun 2023, 09:58

İsrail Prezidenti İsxaq Hersoq 30-31 may tarixlərində Bakıda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə danışıqlar aparıb. Səfərdən qısa müddət əvvəl Hersoq özünün "Twitter" hesabında Azərbaycanın önəmli ölkə olduğunu bildirib və diqqətə çatdırıb ki, Bakıya səfəri ölkələr arasında əməkdaşlığın dərinləşməsinə yol açacaq. Hersoq həmçinin İsrail ilə Azərbaycanın yeni imkanlar və çağırışları bölüşdüyünü əlavə edib.

 

Prezident İlham Əliyev və Hersoq görüşdən sonra mətbuata bəyanatlarla çıxış zamanı olduqca önəmli mesajlar səsləndiriblər. Azərbaycan lideri məlumat verib ki, İsrail və Azərbaycan arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur və bu rəqəm tezliklə artacaq. Dövlət başçısı onu da xatırladıb ki, Azərbaycan İsrailin müdafiə sənayesi sektorunun məhsullarından istifadə edir və "bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır".

 

İsrail Prezidenti isə çıxışında Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu vurğulayıb. O, eyni zamanda İranın yaratdığı təhdidə də toxunub və görüş zamanı bu mövzunun müzakirə edildiyini bildirib: "Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik".

 

Bu, Hersoqun ölkəmizə prezident kimi ilk səfəri idi. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana iki dəfə, İsrail Prezidenti Şimon Peres bir dəfə səfər edib.

 

Qeyd edək ki, İsrailin hakimiyyət bölgüsündə prezident institutunun xüsusi yeri var. Prezident xalq tərəfindən deyil, parlamentdəki deputatlar tərəfindən seçilir. Dövlət başçısının səlahiyyətləri məhdud olsa da, xarici siyasətin formalaşmasında önəmli yer tutur.

 

Bu kontekstdə İsrail Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti necə qiymətləndirilməlidir? Gələcək perspektivdə nələr gözlənilir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib ki, İsrail Prezidentinin Bakıya səfəri çox böyük əhəmiyyət daşıyır:

 

“Əlaqələrin 90-cı illərin əvvələrinə söykənən kökləri var. 1990-cı illərdən İsrail Azərbaycanda səfirliyini açıb, beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib. İsrailin dövlət kimi dəstəyi ilə yanaşı, yəhudi diasporu da Azərbaycanın yanında olub, dəstək verib. İsrail özündə olan və çox ölkəyə satmadığı silah-sursatı Azərbaycana verib. Bizim Qarabağ müharibəsində qələbə qazanmağımızda İsrail silahlarının böyük rolu olub. Bu gün də Azərbaycan İsraildən yeni silah və texnikalar alır. Yüksək texnologiya, silah, kənd təsərrüfatı, səhiyyə, təhsil və bir çox sahələrdə İsrailin əldə etdiyi uğurlar göz önündədir. Bu uğurların Azərbaycanda tətbiqi baxımından səfər xüsusi əhəmiyyət daşıyır”.

 

 

Ceyhun Məmmədov Hersoqun Bakıya səfərinin böyük siyasi əhəmiyyət daşıdığını söyləyib:

 

“Regionumuzda müəyyən problemlərin baş verdiyini görürük. Siyasi nizam, siyasi arxitektura yenidən qurulur. Təhdidlərə qarşı birgə məsləhətləşmələrin aparılması və təhdidlərə qarşı birgə cavab verilməsi baxımından bu səfər əhəmiyyətlidir. Biz hansısa dövlətlə əlaqəmizi onun digər dövlətlə münasibətlərinə uyğun qurmuruq. Bu, bizim müstəqil siyasətimizdir. Hansısa qonşumuz bu məsələdən narahat olub, hansısa fikirlər səsləndirə bilər. Buna baxmayaraq, Azərbaycan düz yoldadır. Özünün təhlükəsizliyini təmin edir. Azərbaycan ayrı-ayrı dövlətlərlə öz əlaqələrini qurur. Biz müsəlman ölkəsi olaraq müsəlman ölkələri ilə əlaqələrimizi daha da möhkəmləndiririk. Digər yandan başqa ölkələrlə də əlaqə yaradaraq öz silah sənayemizi, kənd təsərrüfatımızı və digər sahələrimizi daha da inkişaf etdiririk. Hesab edirəm ki, bu səfər əlaqələri daha da gücləndirəcək. İsraildə böyük Azərbaycan diasporunun mövcud olduğunu da nəzərə almaq lazımdır. İsraildə çoxlu sayda azərbaycanlı yaşayır. Bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək”.

 

Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun digər üzvü Naqif Həmzəyev da Hersoqun səfərinin tarixi olduğunu vurğulayıb.

 

“İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri tarixi hadisədir. Azərbaycan-İsrail əlaqələri bu gün inkişaf etməkdədir. Ölkələrimiz arasında çox yaxşı əlaqələr mövcuddur. İsrail bütün platformalarda Azərbaycanın haqq işini müdafiə edir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində, yüksək texnologiyaların tətbiq edilməsində İsrail şirkətləri yaxından iştirak edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanı tək qoymayıb. Açıq formada Azərbaycana öz dəstəyini nümayiş etdirib. Azərbaycan hərbi sənayesinin inkişaf etdirilməsində də İsrail hər zaman öz dəstəyini nümayiş etdirib. Ona görə də İsrail Prezidentinin Azrbaycana səfəri mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə olacaq”.

 

 

Deputatın fikrincə, əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur.

 

“Bəzən mövcud əlaqələri nəzərə alaraq, "hər şey yaxşıdır" deyə düşünürlər. Ancaq belə deyil. Cənab Prezident çıxışında vurğuladı ki, potensial çoxdur və biz bunu dəyərləndirməliyik. Həm dövriyyəni artırmalı, həm də əlaqələri gücləndirməliyik. Turist səfərlərinin, təyyarə uçuşlarının sayı artmalıdır. Pandemiyadan sonra insanların səhiyyə problemlərinin qarşısını almaq üçün bütün dövlətlər, o cümlədən Azərbaycan təxirəsalınmaz işlər görür və islahatlar həyata keçirir. İsrail isə tibb sahəsində çox böyük irəliləyişlər əldə edib. Bu sahədə yeniliklər tətbiq edilən ölkədir. Azərbaycan bu sahənin inkişaf etdirilməsində İsraillə birgə addımlamaq istəyir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində İsrail şirkətlərinin daha aktiv iştirakının təmin olunması üçün bu səfərin çox böyük önəmi var idi”.

 

 

 

 

Turqay Musayeva

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı