Modern.az

Bayden İlham Əliyevin siyasətini dəstəkləyir - MÜHÜM MESAJLAR

Bayden İlham Əliyevin siyasətini dəstəkləyir - MÜHÜM MESAJLAR

Parlament

1 İyun 2023, 13:50

ABŞ Prezidenti Co Baydenin mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda ciddi siyasi mesajlar yer alıb. Baydenin məktubunda Azərbaycanın təhlükəsiz və təmiz enerji ilə bağlı göstərdiyi səylər yüksək qiymətləndirilib. Bundan əlavə, sülh prosesinə toxunan ABŞ lideri ölkəsinin Azərbaycanın yanında olacağını diqqətə çatdırıb.

 

"Qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik", - məktubda yazılıb.

 

Maraqlıdır, Baydenin Bakıya ünvanladığı "ABŞ yanınızda olacaq" mesajı nədən xəbər verir? 

 

Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası işçi qrupunun sədri Səməd Seyidov bildirib ki, Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktub siyasi dəstəyin göstəricisidir:

 

“Cənab Baydenin göndərdiyi məktub çox vacib və əhəmiyyətli mesajları özündə ehtiva edir. Söhbət yalnız Azərbaycanın qaz dəhlizi, aralıq dəhlizindən getmir. Burada, həmçinin Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi dəstəyi açıq şəkildə özünü göstərir”.

 

 

Komitə sədri qeyd edib ki, məktubdakı əsas mesajlardan biri sülhlə bağlı olub:

 

“Məktubda Azərbaycanın qlobal iqlim dəyişikliyinə qarşı atdığı addımlardan ABŞ-ın təsirləndiyi göstərilir. Ona görə ki, Azərbaycan bu gün yalnız qaz-neft istiqamətində yox, eləcə də yaşıl enerji, iqlim dəyişikliyinin təsirlərinin qarşısının alınması yönündə ciddi addımlar atır. Bu proses o qədər müsbətdir ki, bununla bağlı ABŞ belə konkret pozitiv fikirlərini bildirir. Məktubda sülhlə bağlı da önəmli mesajlar var. Sülhlə bağlı fikirlər olduqca vacibdir. Azərbaycanın sülh istiqamətində atdığı addımların dəstəkləndiyinin bildirilməsi çox mühüm məsələdir. Təsadüfi deyil ki, Dövlət Departmentinin sözçüləri də cənab Prezidentin Azərbaycanın Qarabağda apardığı yenidənqurma işləri ilə bağlı Laçında səsləndirdiyi fikirləri müsbət qiymətləndirib. Mən Baydenin məktubunu müsbət dəyərləndirirəm”.

 

S.Seyidov vurğulayıb ki, ABŞ və Avropa Azərbaycanın xarici siyasətini dəstəkləyir:

 

“Qərb dünyasının lideri olan Amerika ilə yanaşı, Avropa və digər ölkələr Azərbaycanın siyasətini nəinki görür, o cümlədən onu qəbul edib, düzgün olduğunu bildirirlər və bu siyasətə dəstək çıxırlar. Bu, ən vacib məsələdir. Biz artıq Avropanın da Azərbaycana dəstək yolunu tutduğunu görürük. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səviyyəsində ölkəmizə dəstəyi açıq şəkildə görürük. Bu gün həm ABŞ, həm də Avropanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin apardığı siyasəti qəbul edir, bəyənir və onu hansısa formada müdafiə etmək barədə fikirlərini çatdırır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır