Modern.az

Milli Məclisdə dinləmə keçirilib - FOTO

Milli Məclisdə dinləmə keçirilib - FOTO

2 İyun 2023, 16:56

İyunun 2-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı birgə dinləməsi keçirilib.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusuna həsr olunmuş konfransı açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da inkişaf etdirilməsindən söz açıb.

 

O, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb.

 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə sevdiyini, onların sağlam, vətən və xalq üçün layiqli övlad kimi yetişmələri üçün böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət uşaq siyasəti, bu istiqamətdə həyata keçirilən dövlət proqramları, regionlarda uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

 

Dinləmədə çıxış edən deputatlar Sevil Mikayılova, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Kamilə Əliyeva, Ramin Məmmədov ölkəmizdə uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin, uşaqların inkişafı üçün hərtərəfli şəraitin yaradılmasından söz açıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı