Modern.az

Təhsillə bağlı qanun layihələri sonuncu müzakirəyə çıxarılır

Təhsillə bağlı qanun layihələri sonuncu müzakirəyə çıxarılır

5 İyun 2023, 12:36

Təhsillə bağlı qanunvericiliyə dəyişiklik layihələri Milli Məclisin (MM) sonuncu oxunuşda müzakirə ediləcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Belə ki, bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

 

İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır.

 

Bəxtiyar Əliyev müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda, həmçinin Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı əvvəlki oxunuşlarda kifayət qədər məlumat verildiyini diqqətə çatdıraraq sənədlərin plenar iclasda ikinci oxunuşda müzakirəsi zamanı səsləndirilən fikirlərə aydınlıq gətirib. Komitə sədri dəyişikliklərdə müəllimlərin sertifikasiyadan keçirilməsi, məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrində müasir standartlara uyğun təkmilləşdirmələrin, effektiv kadr siyasətinin tətbiq edilməsi, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi kimi bəzi məqamlarla bağlı məlumat verib.

 

Komitə sədrinin müavini Musa Qasımlı, deputatlar Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Etibar Əliyev, Eldar Quliyev layihələrdə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

 

Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra gündəlikdəki qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

 

İclasda deputatlar Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ülviyyə Ağayeva, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti