27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdır

27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdır

6 İyun 2023, 15:44

Azərbaycanda torpaq islahatlarının aparılmasından 27 ilə yaxın vaxt keçir. Torpaq islahatları nəticəsində ölkədə mövcud olmuş 2000-dən artıq təsərrüfat, yəni kolxoz və sovxoz ləğv edilib, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıb. O dövrdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq sahəsi verilib.

 

Torpaq islahatı uğurla həyata keçirilməsinə baxmayaraq, bir müddət sonra narazılıqlar yaranıb. Narazılıqların başlıca səbəbi bəzi şəxslərə münbit torpaq sahələri əvəzinə heyvandarlıq üçün nəzərdə tutulan örüş yerlərinin verilməsi olub.

 

İllərdir həllini tapmayan problem barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev narazılıqların bələdiyyələrin özbaşınalığı səbəbindən baş verdiyini düşünür. 

 

“Hesab edirəm ki, qanunvericilikdə torpaq islahatı ilə bağlı məsələ haradasa müəyyən qaydada pozulur. Qanunların pozulması səbəbilə düzgün torpaq islahatı aparılmır. Biz bu yaxınlarda torpaqlardan istifadə ilə əlaqədar qanun qəbul etdik. Qanunda açıq şəkildə qeyd edilir ki, bundan sonra otlaq, örüş sahələri vətəndaşlara, həmin ərazilərdə yaşayan insanlara müddətsiz, həmçinin vəsait alınmadan veriləcək. Vaxtilə otlaq və örüş sahələri ayrılmışdı. Amma təəssüflər olsun ki, bundan qanun pozuntularına yol verilməklə, kortəbii şəkildə istifadə olunub. Həmin örüş, otlaq sahələrinin bir hissəsi ayrı-ayrı şəxslərin icarəsinə, istifadəsinə verilib. Bəzi yerlər var ki, hətta orada yaşayış evləri də tikilib. Bu, qanunsuzluqdur. Sözsüz ki, yeni qanunlara edilmiş dəyişikliklər belə halların qarşısının alınması üçün tətbiq olunacaq. Düşünürəm ki, qanunsuzluq aradan qaldırılmalıdır. İslahatlar aparılan zaman məlum olub ki, bu cür halların baş verməsinin səbəbkarı heç də dövlət qurumları deyil. Həmin torpaqlar bələdiyyələrin ixtiyarında olan mülkiyyətdir. Çünki otlaq, örüş sahələri bilavasitə bələdiyyələrin ixtiyarına verilir. Dövlətin də torpaqlarında belə sahələr var. Bir daha qeyd edirəm ki, qanunları daha çox bələdiyyələr pozub. Mövcud problemlər də məhz bundan qaynaqlanır", - parlamentari vurğulayıb.

 

 

Tahir Rzayev vətəndaşları narahat edən torpaq problemlərinin aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməli olduğunu qeyd edib. 

 

“Hesab edirəm ki, bu halların aradan qaldırılması üçün müəyyən tədbirlər görülüb. Amma tədbirlər daha ciddi olmalıdır. Əgər vətəndaş mal-qarasını otarmaq üçün ərazi seçə bilmirsə, hər hansı otlaq, örüş sahələri yoxdursa, sözsüz ki, bu, heyvandarlıq məhsullarının istehsalına ziyandır. Torpaq islahatı aparılan zaman vətəndaşlara sahələr verilib. Amma, həmin yerlərdə vətəndaşlar heyvanları necə otarsınlar? Bu məsələ də var. Bir şeyi nəzərə almaq lazımdır ki, 1998-ci ildə torpaq islahatı keçirildikdən bəri əhalinin sayı xeyli artıb. Sual olunur: yeni ailə quran insanlar nə etməlidir, onlar hansı sahələrdən istifadə etsinlər? Axı onlara torpaq sahəsi verilməyib. Həmin dövrün qanununa görə torpaq sahəsi yalnız həmin dövrdə dünyaya gələn və 10 il təsərrüfatda işləyən insanlara verilirdi. Yaxşı, bəs daha sonra dünyaya gələn insanlar nə etməlidir? Torpaq islahatı 96-cı ildə başlanılıb, 98-ci ildə başa çatdırılıb. Bu illər ərzində 100 mindən artıq insan dünyaya gəlib. Bu insanların hüquqları necə müdafiə olunmalıdır? Fikrimcə, bu məsələ düşünülməli və insanlar otlaq, örüş sahələri ilə təmin olunmalı və onlara mal-qaralarının saxlanması üçün şərait yaradılmalıdır. Bu da müvafiq icra orqanlarından, daha çox bələdiyyələrdən asılıdır. İnsanlar ehtiyacı olduğu zaman mütləq şəkildə otlaq, örüş sahələri ilə təmin olunmalıdır", - komitə sədri sözlərini yekunlaşdırıb.

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?