Modern.az

Türk İnvestisiya Fondu nəyi dəyişəcək? - Hədəflər böyükdür

Türk İnvestisiya Fondu nəyi dəyişəcək? - Hədəflər böyükdür

Parlament

8 İyun 2023, 10:10

Ötən həftə Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi təsdiqləyib. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə yaradılan Fondun məqsədi üzv ölkələrin mülki müdafiə mexanizminin yaradılması, iqtisadi birliyin möhkəmləndirilməsi, regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

 

Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

 

Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dolları olaraq müəyyən edilib. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb.

 

Türk dünyasını əhatə edən İnvestisiya Fondunun yaradılması nə vəd edir? Növbəti mərhələdə vahid valyuta yaradılacaq?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üzvü Məlahət İbrahimqızı bildirib ki, Türk İnvestisya Fondu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək:
 

"Türk İnvestisya Fondu ilə bağlı saziş Milli Məclisdə ratifikasiya olunub. Bu, fond Türk dövlətlərinin əməkdaşlığının, birliyinin, qardaşlığının daha da güclənib inkişaf etməsi, xüsusən də iqtisadi, ticari əlaqələrin, böyük və ortaq infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində çox böyük uğurdur. Dünyada belə fondlar çoxdur. Bunlara Avropa İnkişaf Fondunu, Avropa Yenidənqurma Bankını, Asiya İnkişaf Fondunu, İslam İnkişaf Bankını, Beynəlxalq Valyuta Fondunu və bu kimi digər fondları aid etmək olar. Onlar beynəlxalq səviyyəli banklar olsa da, bəziləri yüksək faizlə kreditlər verir. Türk İnvestisya Fondunun isə daha çox üstünlüyü olacaq. Məqsəd TDT-nin balanslı inkişafına dəstək və töhfələr verməkdir. Çünki fondun qurucuları,investorları qardaş dövlətlərdən ibarətdir. Ortada hansısa təmənna yoxdur".


Deputat hazırda mövcud olan beynəlxalq fondlarla yeni qurulan Türk İnvestisya Fondu arasında müqayisə aparıb:



"Beynəlxalq Valyuta Fondu bu gün dünyada ən güclü valyuta fondlarından biri sayılır. BVF ölkələrə olduqca ağır şərtlərlə və yüksək faizlə kreditlər verir. Bunun nəticəsində Afrikada və Asiyada elə ölkələr var ki, onların əsas strateji sərvətlərinin əksəriyyətinə əl qoyulub. Türk İnvestisya Fondunun fəaliyyətində belə bir şey olmayacaq. Əksinə fond ölkələrin bir-birinin inkişafına dəstək verəcək. Hazırda mövcud olan beynəlxalq fondlar yüksək faizli sərmayələr verirlər. Yeni fondun fəaliyyəti isə ancaq qardaş dövlətlərin balanslı inkişafına, tərəqqisinə xidmət etməkdən ibarət olacaq və beynəlxalq status daşıyacaq. Qeyd etdiyim kimi, bəzi beynəlxalq bankların fəaliyyəti ancaq müstəmləkəçilikdən ibarətdir. Qardaş dövlətin prezidenti Ərdoğan bir neçə il əvvəl Türkiyənin Beynəlxalq Valyuta Fonduna (İMF) ölkənin bütün borcunu ödəyərək, fonddan tam asılılığa son qoydu. O dövrdə İMF/BVF Türkiyəyə müəyyən təsirlər göstərirdi ki, onun iqtisadiyyatı çöksün. BVF kimi fondlar kredit verdikləri ölkələrə öz şərtlərini diktə etdirərək ciddi problemlər yaradır. Bunun nəticəsi olaraq, onların fəaliyyəti bir ölkənin inkişafına yönəlmək əvəzinə onun daha da yoxsullaşmasına səbəb olur. Bəzi ölkələrin malik olduqları sərvətlər İMF tərəfindən ələ keçirilir. Ancaq Türk İnvestisya Fondunun məqsədi tamamilə başqadır. Burada məqsəd ölkələrin iqtisadiyyatına dəstək verməkdir".
 

Bəs Türk dünyasının ortaq valyutası yaradıla bilərmi?



M.İbrahimqızı suala cavabında deyib: "Dünyada vahid valyuta ABŞ dolları və avrodur. Bəzi ölkələr arasında, məsələn, Çin və Rusiya, Türkiyə-Rusiya arasında ticarətdə milli valyutadan istifadə edirlər. Şübhəsiz ki, bununla bağlı müəyyən uğurlara da imza atıblar. Amma istənilən halda dünyada hakim valyuta hələ ki ABŞ dollarıdır. Təbii ki, atılan hər addım bir digər addımı zəruri edir. Digər yandan heç vaxt heç vaxt demək olmaz. Əgər məqsəd Avropa Birliyi kimi vahid Türk Birliyi və məkanı yaratmaqdırsa, demək gələcəkdə hər şey gözləniləndir. Bu fondun investorları bütün Türk dövlətləridir. Hesab edirəm ki, TDT-nin milli təhlükəsizlik konsepsiyasında Türk İnvestisya Fondunun əhəmiyyəti vahid Türk Ordusu kimi önəmlidir".

 

 

Milli Məclisin deputatı Kamran Bayramov isə bildirib ki, Türk İnvestisya Fondu əlaqələrin güclənməsinə təkan verəcək.


"Millli Məclis Türk İnvestisya Fondunun yaradılması ilə bağlı sazişi ratifikasiya edib. Bu cür fondun yaradılması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında sıx və uğurlu siyasi əlaqələr mövcuddur. Bundan öncə keçirilmiş zirvə görüşləri deməyə əsas verir ki, siyasi münasibətlər çox yüksək səviyyədədir. Bu təşkilata üzv dövlətlər arasında nəinki siyasi münasibətlər, eyni zamanda iqtisadiyyat və ticarət sahəsində saziş hazırlanaraq, Azərbaycan tərəfindən ratifikasiya olunub".

 

Deputat fondun məqsədlərindən də söz açıb:

 

"Regiondaxili ticarətin gücləndirilməsi, iqtisadi fəaliyyətin dəstəklənməsi, TDT-yə üzv ölkələrin iqtisadi inkişafına töhfə verilməsi nəzərdə tutulur. Müxtəlif layihələr həyata keçiriləcək. Fondun layihələrini həyata keçirmək üçün investisya layihələrinin qurulması nəzərdə tutulur. Qeyd edilən sazişin əhatə etdiyi sahələrə ticarətin təşkili, mikro, kiçik və orta müəssisələrə aid olan layihələrin maliyyələşməsi, eyni zamanda regional və beynəlxalq maliyyə, inkişaf institutları vasitəsilə əlaqələrin qurulması, əməkdaşlığın həyata keçirilməsi daxildir. Nəqliyyat və logistika sahəsində saxlama və istehsal imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsidir. Bununla yanaşı maliyyələşdirilməsi mümkün olan sahələrə sənaye, infrastruktur, kənd təsərrüfatı, informasiya-kommunikasiya  texnologiyaları, turizmin inkişafı aiddir. Eyni zamanda bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə sərmayələrin qoyulmasını fond nəzərdə tutur. Nizamnamə fondu 500 milyon dollar həcmində təşkil olunub. Bütün sadaladığım sahələrin maliyyələşdirilməsi və sərmayələrin qoyulması üçün əlverişli şərait yaranır". 

 

Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!