Modern.az

Deputatlar Fransada görüşlər keçirib - FOTOLAR

Deputatlar Fransada görüşlər keçirib - FOTOLAR

Parlament

9 İyun 2023, 11:12

Parisdə səfərdə olan Milli Məclisin deputatları – Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 8-də Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşüblər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi görüşdə Fransa Milli Assambleyasının üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verilib.

 

Fransalı parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Milli Məclisin üzvləri Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlıq mühitinin yaradılması üçün ardıcıl səylər göstərdiyini qeyd ediblər.

 

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Milli Məclisin Azərbaycan–Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşüb. Fransa Senatında keçirilmiş görüşdə səfir Leyla Abdullayeva və səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova da iştirak ediblər.

 

Görüşdə Soltan Məmmədov fransalı senatora Azərbaycanın regionda yaratdığı reallıqlar haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan Prezidenti postmünaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Azərbaycan tərəfi sazişin baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Bildirilib ki, ölkəmiz regionda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə səylərini əsirgəmir.

 

Soltan Məmmədov Azərbaycanla bağlı yanlış məlumatların yayılmasından təəssüfləndiyini bildirib. Deputat ölkəmizlə bağlı həqiqətlərin çatdırılması baxımından iki ölkənin parlamentariləri arasında təmasların əhəmiyyətini vurğulayıb.

 

Söhbət zamanı senator K.Kambon parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər barədə öz fikirlərini açıqlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş