Modern.az

ABŞ 11 aydır Azərbaycana səfir göndərə bilmir – NİYƏ?

ABŞ 11 aydır Azərbaycana səfir göndərə bilmir – NİYƏ?

Parlament

12 İyun 2023, 13:04

Sabah - iyunun 13-də ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək. Senatın Xarici Əlaqələr Komitəsində Mark Libbinin Azərbaycana səfir təyin edilməsi müzakirə olunacaq. Onun namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb.

 

Məlumat üçün bildirək ki, sabiq prezident Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. Litzbergerin gedişindən bir il keçməsinə baxmayaraq, ABŞ hələ də Azərbaycana yeni səfir təyin etməyib.

 

2022-ci ilin may ayının 25-də Co Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

 

Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

 

Maraqlıdır, ABŞ-ın Bakıya səfir təyinatı niyə gecikir? 

 

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin iyun ayının 22-də Bayden Kristin Kvinin Ermənistana səfir təyin olunmasını təklif edib, 6 ay keçməmiş Senat onun namizədliyinə razılıq verib və bu ilin fevral ayında xanım Kvin etimadnaməsini Ermənistan prezidentinə təqdim edib. Bayden administrasiyasının Rusiyaya sonuncu səfir təyinatı prosesi isə cəmi 3 ay çəkib. Lin Treysi Rusiyadakı səfir postuna sentyabrın 20-də namizəd kimi göstərilib, dekabrın 21-də Senat onun səfir təyinatına "yaşıl işıq yandırıb". 

 

Azərbaycana gəlincə, ABŞ nədənsə 11 aydır səfir göndərməyə tələsmir...

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidovun sözlərinə görə, səfir təyinatının gecikməsi ermənipərəst ABŞ konqresmenlərinin fəaliyyəti ilə bağlıdır:

 

“Təəssüflər olsun ki, həm Konqresdə, həm də Senatda ermənipərəst deputatlar var. Adam Şiff, Menendes kimi bir neçə belə deputatın adını çəkə bilərəm. Bunlar hələ də Azərbaycana qarşı müxtəlif iddialarla, müddəalarla çıxış edirlər. Əminəm ki, bu məsələ də öz həllini tapacaq”.

 

 

Deputat vurğulayıb ki, qeyri-müəyyən vəziyyət uzun müddət davam etməyəcək:

 

"Bu gün Azərbaycanın mövqeyi olduqca təsirli və vacibdir. İki ölkə arasında münasibətlərin inkişafı, təbii olaraq, Azərbaycana lazımdır. ABŞ da münasibətlərin inkişafında maraqlıdır. Əminəm ki, bu insanların, qruplaşmaların təsiri uzun çəkməyəcək”.

 

Səməd Seyidov Azərbaycan parlament nümayəndələrinin Vaşinqtonda bir sıra görüşlər keçirəcəyini diqqətə çatdırıb:

 

“Vaşinqtonda çox vacib, səmərəli görüşlər keçiriləcək. Həm Konqresdə, həm də Senatda görüşlər olacaq. O cümlədən ABŞ-da yerləşən yəhudi icmaları ilə də görüşlər keçiriləcək. Yəhudi icmasının üzvü, Milli Məclisin deputatı Anatoli Rafaelov da bizimlədir. Amerika-Azərbaycan əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Əlaqələrimizin əhəmiyyətini, Azərbaycanın mövqeyini həm təqdim, həm də müdafiə edəcəyik. Azərbaycanın ABŞ-la gələcək birgə fəaliyyətləri və planları ilə konkret olaraq məşğul olacağıq”.

 

Qeyd edək ki, Səməd Seyidov, Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində səfərdədirlər. Səfər iyunun 17-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi