“Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır. Bilirsiniz ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən Azərbaycana ərazi iddiaları var idi və 1969-cu ilə qədər bu iddiaları hissə-hissə realizə edə bilirdilər. Məhz Heydər Əliyevin simasında güclü milli iradənin hakimiyyətə gəlməsi bu gedişata son qoydu”.
Modern.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda deyib.
“Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi məsələsini yenidən qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, kimsə bu çirkin əməllərə cürət edərdimi? Əsla! Yoxsa kiminsə Zori Balayana “sanballı” cavabı, yaxud kiminsə populist qəzet məqalələri sseriyası, - bunlar hansı siyasi-hüquqi nəticə verdi? 1987-1993-cü ilə qədər dayanardılar da ermənilərin qarşısında! Hakimiyyəti mənimsəməklə xalqa qarşı ən ağır cinayət törədən AXC-Müsavat cütlüyü nə edirdi? Ölkənin uçuruma yuvarlandığı, torpaqların işğal olunduğu bir şəraitdə, xalqın gözünün Naxçıvana dikildiyini görən o dövrün iqtidarı bütün potensialını Əliyevlə mübarizəyə səfərbər etmişdi. Amma Ulu Öndər bu cılız, konsepsiyasız, prinsipsiz, kortəbii qaragüruhdan çox yüksəkdə dayanmışdı. Hakimiyyətə gəldikdən sonrakı dövrdə atılan addımlar, başlanan şərəfli yol barədə saatlarla danışmaq olar”,-deyə o bildirib.