“Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaq. Əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər. Bu gün isə Ulu Öndər mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur”.
Modern.az xəbər verir ki, bunu parlamentin sədr müavini Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.
“1993-cü ilin Qurtuluş günü Heydər Əliyevin Bakıya - siyasi rəhbərliyə qayıdışı idi. Amma Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı hələ 1990-cı ilin yayında baş tutduğundan Qurtuluş gününə dövlət quruculuğu baxımından məhz o tarixi hadisələr fonunda qiymət verilməlidir. Heydər Əliyevin Sovet rəhbərliyində vəzifədən kənarlaşdırılması ilə həm özünə qarşı, həm də Azərbaycana qarşı qərəzli münasibət paralel başladı. Onun Sovet Azərbaycanında rəhbər olduğu dövrdə qanuni cəza almış adamlar Moskvada yaşayan bir çox ermənilərlə əlbir olub, onun əleyhinə saxta anonim məktublar hazırlayırdılar. Erməni lobbisi bütövlükdə və Azərbaycanda millətinə, xalqına, vətəninə nankor baxan, xain çıxan adamlar fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib Heydər Əliyevin əleyhinə işlər aparırdılar", - parlamentin vitse-spikeri vurğulayıb.
"Növbəti mərhələdə məhz Moskvanın təşəbbüsü ilə SSRİ-nin dağıdılması nəticəsində, hətta Rusiya Federasiyası belə öz suverenliyi haqqında Konstitusiya Aktını Azərbaycandan əvvəl qəbul etmişdi. Yəni bu şəraitdə artıq Heydər Əliyev kimi təcrübəli bir dövlət adamının Azərbaycan siyasi rəhbərliyinə qayıdışı vətənimizin qurtuluşu ola bilərdi. Amma təəssüf olsun ki, vaxtilə bu zalda guya Azərbaycanın Müstəqilliyi müzakirəsi aparan, əslində isə Qorboçovun yenidənqurma siyasətinin yetişdirdiyi xəyanətkar kommunistlər və cəbhəçilər Heydər Əliyevin əleyhinə birləşmişdilər. Guya Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını müzakirə edən bu satqınlar əslində Heydər Əliyevin parlament rəhbərliyində təmsil olunmasına imkan verən müvafiq Konstitusiya maddəsinə qarşı çıxırdılar. Bununla da Azərbaycan xalqını bu tarixi qurtuluş imkanından o mərhələdə məhrum etdilər. Məhz buna görə də Sovet respublikalarının müstəqilliklərini elan etməsi fonunda ən faciəvi və acınacaqlı durum məhz Azərbaycanda yarandı. Çünki, 90-cı illərin əvvəllərində postsovet respublikalarında, o cümlədən Qazaxıstanda, Özbəkistanda, Ukraynada təcrübəli şəxslər rəhbərliyə gəldikləri halda Azərbaycanda, öz vətənində Heydər Əliyev kimi dünya masştablı bir şəxsiyyət xalqın istəyinin əleyhinə olaraq ali siyasi rəhbərlikdən kənarda saxlanıldı. Hələ o zaman Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdə idi ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ki ölkə müstəqilliyinin ilk illərində böhran yaşanardı. Təəssüf ki, biz bu tarixi qurtuluş imkanlarından yararlana bilmədik və bunun acı nəticələrini gördük”,- deyə sədr müavini qeyd edib.