Modern.az

Azərbaycan xalqının sevgisini seçkidə gördük - Türkiyəli deputat

Azərbaycan xalqının sevgisini seçkidə gördük - Türkiyəli deputat

Parlament

14 İyun 2023, 15:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməsi artıq ənənə halını alıb.  

 

Bunu Modern.az-a açıqlamasında Ərdoğanı Bakı səfərində müşayiət edən nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım bildirib.

 

"Azərbaycan xalqının sevgisi seçkilərdə bir daha özünü əks etdirdi. Türkiyə və Azərbaycan arasında olan qardaşlıq, dostluq, həmrəylik bizim seçkilərdə istifadə etdiyimiz ən böyük arqumentlərdən biri idi. Bölgədə stabilliyin pozulmaması üçün seçkini mütləq qazanmalıydıq. Elə də oldu, qazandıq", - deputat deyib.

 

O, Azərbaycan və Türkiyə liderlərinin dünənki görüşdən sonra səsləndirdiyi bəyanatların mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

 

"Dünən iki lider görüşlər çərçivəsində Türk dünyasınin birliyindən və qardaşlıq əlaqələrinin önəmindən bəhs etdilər. Türk dünyasının daha da güclənməsi və inkişafı prioritetdir. Türk dünyasının birliyini möhkəmləndirmək üçün Türkiyə və Azərbaycan birlikdə çalışır. Hər iki lider bu məsələyə xüsusi əhəmiyyət verir. Sabah Şuşa bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Şuşa bəyannaməsinin göstərdiyi yol xəritəsinə uyğun olaraq, həm müdafiə sənayesinin inkişafı davam edir, həm də logistika və digər sahələrlə bağlı mövzular gündəmdə saxlanılır. Bundan əlavə, Ermənistanın yumşalma siyasəti yaxından təqib edilir. Əlbəttə, Zəngəzur dəhlizinin açılması məsələsi olduqca vacibdir. İnanırıq ki, Ermənistanın daxilində problemlər var. Buna baxmayaraq, kağız üzərində olmasa da, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını demələri olduqca vacibdir. Bütün bu məsələlər dünənki görüşlərdə müzakirə olundu. Danışıqlar çox faydalı keçdi".

 

 

Şamil Ayrım seçkidən sonra Azərbaycan və Türkiyə arasında yeni dönəmin başlandığını, əlaqələrin daha da inkişaf edəcəyini əlavə edib.

 

"Bundan sonra Türkiyə və Azərbaycan arasında hər sahədə əlaqələrin daha da inkişaf edəcəyi bir dövr olacaq. Hər iki lider 44 günlük Vətən müharibəsindən sonra dedikləri hər bir sözü yerinə yetirirlər. Azərbaycanda nə varsa Türkiyədə, Türkiyədə nə varsa, Azərbaycanda olacaq. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bu prinsipə sadiq qalaraq lazımi işləri görülür. Can Azərbaycan da, Türkiyə də qardaşlıq, dostluq əlaqələrindən məmnundur. Xalqlarımız və prezidentlərimiz məmnundurlar. İnşallah, daha da yaxşı olacaq", - TBMM üzvü deyib.

 

Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib. Səfər zamanı Ərdoğanı yeni hökumətin üzvləri və digər şəxslər müşayiət ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi