Modern.az

Deputat qanunsuz tikililərə nəzarətin sərtləşdirilməsindən DANIŞDI

Deputat qanunsuz tikililərə nəzarətin sərtləşdirilməsindən DANIŞDI

Parlament

15 İyun 2023, 15:56

“Heç şübhəsiz ki, tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdən biridir. Ölkəmizin inşaat sektorunda son illər müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı ölkə əhalisinin rifahının yüksəlməsinin bariz nümunəsidir.


Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
 

Deputat onu da təəssüflə qeyd edib ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçılarının şəhərsalma və inşaat sahəsi üçün müəyyən olunmuş tələb və qaydaları pozması da müşahidə olunur.

“Nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir. Son illər bu sahədə baş verən bir sıra xoşagəlməz hallar bu fikri bir daha təsdiq edir.

Bu cür hallar şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində dövlət tərəfindən əlavə tədbirlərin görülməsi zərurəti yaradır.

Bütün bunlar diqqətə alınaraq, tikintiyə və istismara icazə verilməsi prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilmişdir.

Son addım olaraq isə qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakı üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır”.
 

C.Məmmədov deyib ki, sözügedən mühüm Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib.


“Azərbaycan Prezidenti tərəfindən Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.

Qanunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır.

Həmçinin, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunacaqdır”.
 

Deputat xatırladıb ki, tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.

“Ümumilikdə, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir. Bununla həm də tikinti sahəsində qayda-qanunun və sistemin yaradılmasına nail olunacaq”, - millət vəkili deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi