Modern.az

Artıq icra başçıları özlərini “padşah” kimi apara bilmirlər

Artıq icra başçıları özlərini “padşah” kimi apara bilmirlər

Parlament

21 İyun 2023, 14:16

Məmurların fəaliyyəti, onların vətəndaşlara qarşı davranışları, eləcə də ictimaiyyət qarşısında çıxışları zaman-zaman geniş müzakirə predmetinə çevrilir. Xüsusilə də regionların "kiçik padşahları" adlandırılan icra başçıları daim mətbuatın diqqət mərkəzində olurlar. Kimisi yaxşı, kimisi də mənfi obrazda...

 

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların həbslə cəzalandırılması, bir çoxunun işdən çıxarılması, qanunsuz yolla əldə etdikləri vəsaitlərin dövlətə qaytarılması yeni islahatların başlanmasından xəbər verirdi. İlk vaxtlar gənc kadrların irəli çəkilməsi, korrupsiyaya bulaşmamış məmurların regionlara rəhbər göndərilməsi vətəndaşlarda böyük ümid yaratmışdı. Artıq "padşahlıq" dövrünün geridə qaldığını deyən ekspertlərin fikrincə, gənc məmurlar qısa zamanda etimadı doğruldaraq, illərlə yığılıb qalmış problemləri yoluna qoyacaqlar.

 

Bəs, gözləntilər özünü doğrultdumu? Yeni kadrlar köhnələrdən nə ilə fərqlənirlər? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, icra başçılarının hamısını qaralamaq, onlar barəsində kampaniya aparmaq düzgün deyil:

 

“İlk növbədə onlar Prezidentin nümayəndələridir və yerlərdə dövlət başçısının siyasətini həyata keçirirlər. İcra başçılarının arasında kifayət qədər zəhmətkeş, öz işini bilən, problemlərə həssas yanaşan insanlar var. Ola bilsin ki, bir-iki nəfərin neqativ fəaliyyəti üzə çıxsın. Ancaq bu istiqamətdə onları qaralamaq doğru deyil. Məsələn, Bakının Sabunçu, Suraxanı, Abşeron, Səbail rayonlarının icra başçıları bütün günü şəhid ailələrinin problemləri ilə məşğul olur, yerlərdə səyyar görüşlər keçirirlər. Evdən tutmuş, kommunal və başqa xarakterli şikayətlərin hamısına dərhal reaksiya verirlər. Kömək edirlər, maddi yardımlar göstərirlər. Bütün bunlar əslində icra başçılarının bilavasitə funksiyasına aid olan məsələ deyil. Amma onlar dövlət adından öz yardımlarını əsirgəmirlər”.

 

Deputatın fikrincə, icra hakimiyyətlərini qınayanda onların imkanlarının məhdud olduğunu da nəzərə almaq lazımdır:

 

“Ucdan tutma icra başçılarını qınayanda bir məsələyə də diqqət yetirmək lazımdır. Onların ciddi səlahiyyətləri qalmayıb. Bələdiyyə qurumu, yerli özünüidarəetmə sistemi ölü vəziyyətindədir. İcra hakimiyyətlərinin isə pulu yoxdur. Hər hansı bir vəsait ayrılmır. Onlara müraciət edən insanların xeyli hissəsini boş yola salırlar. Səbəb  hansısa xüsusi fondların olmamasıdır. Müəyyən bir müəssisə, iş yerləri açmaq funksiyaları da yoxdur. Belə bir vəziyyətdə hər şeyin icra başçılarının üzərinə atılması yanlışdır. İcra başçılarına səlahiyyət verib, sonra məsuliyyət tələb etmək lazımdır. Səlahiyyət olmayandan sonra nə məsuliyyət tələb edəcəksən? Ona görə də, bir çox rayonlarda icra başçıları özlərinə aid olan funksiyaları layiqincə yerinə yetirə bilmir. Vətəndaş da elə baxır ki, sanki bunun imkanları vardı, ancaq etmədi”.

 

 

Fazil Mustafa əvvəllər bəzi icra başçılarının özlərini "kiçik padşah" kimi apardıqlarını diqqətə çatdırıb:

 

“Amma bir sıra icra başçılarının həbs olunması bu prosesi, görüntünü bir qədər dəyişdi. Lakin hansısa işlərin görülməsi üçün konkret addımlar atılmalıdır. İcra başçısı təhsilə, səhiyyəyə qarışa bilmir. Yerlərdə demək olar ki, əksər problemlərə, asfalt  və başqa məsələlərə qarışa bilmir. Mən bu qurumun mövcud vəziyyətdə dəyişməsini daha məqsədəuyğun sayıram. Fərqli formada bələdiyyə insititunun dirçəlməsinin tərəfdarıyam. Özünüidarənin daha çox inkişaf etməsini vacib sayıram. Bu yoxdursa, reallığımız tələb edir ki, heç olmasa icra hakimiyyətlərini maddi cəhətdən daha gücləndirək, onların imkanlarını genişləndirək. İcra hakimiyyətləri iş adamlarına dəstək vermək imkanına sahib deyillər. Bu da təəssüf doğurur. Yerlərdə müraciət edən insanların problemi həll olunmayanda bunu yuxarıya daşımağa başlayırlar.  Əlbəttə, bunlar yaxşı hal deyil. Yerlərdə problemlər konkret şəkildə həll olunmalıdır ki, insanlar süründürməçiliyə məruz qalmasınlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi