Müasir dünyada alternativ düşüncə inkişafın təməlində dayanan əsas faktorlardan biridir, çünki alternativ düşüncə müxtəlifliyi təşfiq edir, problemin həllinə fərqli baxış və yanaşmaları nəzərdən keçirməyə imkan verir. Alternativ fikir mövcud qaydalara, norma və oturuşmuş fikirlərə meydan oxuyan düşüncələrdir. Radikal və yenilikçi olduğu üçün mühafizəkar və ənənəvi fikirlərin "rəqibi", hətta "düşməni" hesab edilir.
Alternativ düşüncə ifadədə çox müsbət görünsə də, hər kəs tərəfindən birmənalı qarşılanmır. Bir çox insan öz normalarının, ənənələrinin, inanc sistemlərinin dəyişməsinə müqavimət göstərir, onun gətirdiyi qeyri-müəyyənlikdən narahat olur. Təbii ki, alternativ düşüncəyə qarşı çıxanların arasında illərdir dəyişməyən ənənələrdən faydalananlar da var...
Cəmiyyətimizin bəzi kəsimlərində alternativ düşüncələrə qarşı dözümsüzlük müşahidə edilir. Ümumilikdə, Azərbaycan xalqında tolerantlıq hakim olsa da, fərqli fikirlərə müqavimət göstərənlər də az deyil. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyir ki, normal cəmiyyətin formalaşmasında fərqli fikirlərin rolu böyükdür.
“Əslində hər bir cəmiyyətin inkişafı üçün alternativ fikir çox önəmlidir. Əgər biz normal cəmiyyət qurmaq istəyiriksə, fərqli düşüncələrə müsbət yanaşmalıyıq. Bu gün Prezident İlham Əliyevin nümunəsində bu məsələlərə çox həssas yanaşıldığının şahidi oluruq. Yəni artıq müxtəlif məsləhətləşmələr, fikir mübadiləsi aparılır. Amma ümumi götürdükdə bir sıra dövlət qurumları alternativ fikirləri düşünməyə hazır deyillər. Onlar yalnız tərif və gördükləri işlərin yüksək qiymətləndirilməsini istəyirlər. İndiki situasiyada hansısa ziyalı və deputat müəyyən bir məsələni tənqid etdikdə, buna qarşı sərt reaksiyaları görürük. Mən hesab edirəm ki, hər bir qurum alternativ fikirlərə diqqət yetirərək, öz işlərini daha mükəmməl hala gətirə bilərlər”, - deyə parlamentari bildirib.
C.Məmmədov vurğulayır ki, bəzən insanlar alternativ fikirləri dinləmək, qəbul etmək istəmirlər:
“Biz bunu bəzən müxalifət və mediada da görürük. İnanıram ki, zaman keçdikcə, ictimai şüur inkişaf etdikcə bu yanaşmalar dəyişəcək. Cəmiyyətimizdə alternativ fikirlərin olması üçün çalışmalıyıq. Əslində hər şey maarifləndirmədən aslıdır. Alternativ fikir dinlənilməlidir ki, insanlar da bu düşüncələri səsləndirsinlər. Müəyyən vaxtlarda deputatlar, ziyalılar fərqli düşüncələr səsləndirdikdə, bu, qəbul edilmir. Məhz belə fikirlərin dinlənilməməsi bəzi şəxslərin fərqli düşüncələri söyləməməklərinə gətirib çıxarır. Alternativ fikirlər ətrafında müzakirələr aparılmalıdır ki, cəmiyyət özü də bunun dinlənildiyini görsün. Biz orta məktəbdə, universitetlərdə, ailəmizdə müəyyən polemikaların-müzakirələrin aparılmasına şərait yaratmalıyıq. Alternativ fikirlərin müsbət təsirini göstərmək üçün müəyyən təbliğatlar aparılmalıdır. Əsasən də dinləmə bacarığı yüksəldilməlidir".