Milli Məclisin deputatı Fazil Mustafa əsgər ailələri ilə bağlı maraqlı təkliflə çıxış edib. Modern.az-ın xəbərinə görə, deputat Türkiyə təcrübəsini misal çəkərək bildirib:
”Türkiyə hökuməti çox maraqlı və orijinal addım atdı. Hərbi xidmət keçən gənclərin ailələrinə, əgər yaşayış səviyyəsinin aşağı olması təsbit olunarsa, həmin gənc hərbi xidməti tamamlayana qədər ailə başına 250 lirə (təqribən 135 ABŞ dolları) müavinət ödənəcək. Müdhiş bir qərar. Baxın, bizdə son vaxtlar bir neçə dəfə Milli Məclisdə qaldırdığımız vacib məsələlərdən biri təkuşaqlı ailələrin övladının hərbi xidmətdən azad edilməsi olub. Əslində prinsip olaraq müharibə təhlükəsi yaşayan bir ölkədə hamının, hətta zəruri olarsa qadınların da könüllü hərbi xidmət keçməsinin tərəfdarı olsam da, bir gerçəyi də görməzdən gəlmək olmur. Bu da, ailənin tək çörək qazananı olan gəncin hərbi xidmətə getməsi ilə ailə acınacaqlı vəziyyətə düşməsidir. Bəzən əlil ana və ya təqaüdçü ata ailənin yükünü çəkə bilmir. Niyə bu ailələrə bizdə də xüsusi yardım göstərilməsin?
Əsgər psixologiyasını az-çox bildiyimizdən, bu addımın xidmət zamanın əsgərin sıxıntılarını xeyli azaldacağını və enerjisini daha çox təlimə yönəldəcəyini proqnozlaşdırmaq olar. Bu qərarın mahiyyəti bu ki, ailə vətənə xidmət üçün övladını göndərir, özü isə bir il və ya il yarım müddətində az gəlirlilik və ya işsizlik ucbatından ağır maddi şərtlər içində yaşayır. Hökumət xüsusi komissiya yaradaraq bu durumda olan ailələrə ən azı 150 manat məbləğındə ayrıca müddətli yardım nəzərdə tuta bilər. Əlbəttə ki, azacıq da olsa ölkəmizdə vətəndaşın mənafeyi düşünülürsə, bu barədə qərar verilməlidir”.