Hazırda Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanları iş aparır, komissiya öz işini görür.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında Gədəbəyin deputatı Sevinc Hüseynova bildirib.
O, doğma rayonunda baş verən hadisələrdən narahat olduğunu deyib.
“Nəticələri gözləməliyik. Bundan sonra mülahizələrimizi davam etdirərik. Doğma rayonumda baş verən hadisə məni də çox narahat edir. Dağın başında ev tikən, min bir əziyyət çəkən zəhmətkeş insanların təmiz mühitdə yaşamaq istəməsi onların hüquqlarıdır. Bundan əlavə, etiraz zamanı bir bacımıza qarşı polisin kobud davranışı qəbuledilməzdir. Əminəm ki, buna hüquqi cəhətdən cavab veriləcək. Amma buna baxmayaraq, belə etirazların sülh müqaviləsi bağlanması zamanı, eyni zamanda Xənkəndi yolunda ekoloqlarımızın etirazlarından sonra baş verməsi bir çox suallar doğurur", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.