Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 70 illik sovet dönəmində döyüş ruhumuzu boğmağa çalışsalar da, bu tarixi yaddaş kifayət qədər möhkəm olduğu, eyni zamanda, xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafını düşündüyü üçün hərb sənətini xalqın yaddaşından silmək mümkün olmadı.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ildən cəmi iki il sonra – 1971-ci il aprelin 19-da məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaradanda da Azərbaycan xalqına “qan yaddaşında dövlətçilik və hərbçilik ənənələri yatır və onu dirçəltmək lazımdır” mesajını verdi, müasir Azərbaycan hərb məktəbinin əsasını qoydu.
Sovet dönəmində azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar. Ola bilsin ki, o dövrdə mərkəz Azərbaycan xalqının tarixdə dəfələrlə dövlətlər, imperiyalar qurduğu faktlarına istinad edərək bu addımı atırdı. Hətta həmin illərdə hərbi xidmətə çağırılan azərbaycanlıları inşaat dəstələrinə göndərməyə cəhdlər edilirdi. Məqsəd yenə də bizi hərb sənətindən aralı saxlamaq idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə addım atıldı. Şübhəsiz ki, bunlardan biri Cəmiş Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda, bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlandı.Həmin şəxslər sonradan Azərbaycan ordusunun qurulması prosesində iştirak etdilər.
Ulu Öndər Azərbaycan Ordusunun əsgər və zabitlərini ən yüksək dəyərlərə sahib olmasını vacib hesab edirdi və deyirdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi yola nəzər salsaq, ordu quruculuğu prosesinin məhz Ulu Öndərin tövsiyyələrinə uyğun bir şəkildə necə uğurla aparıldığının şahidi olarıq. Vətən uğrunda, torpaq uğrunda döyüşə atılanların əksəriyyəti gənclər idi. O gənclər ki, Ulu Öndərin miras qoyduğu və təşviq etdiyi dəyərlər əsasında tərbiyə olunmuşdular. Prezident İlham Əliyev bu barədə belə deyir: “Elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdı. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir”.
Qeyd edim ki, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı Azərbaycan ordusunun ən müasir döyüş taktikasına yiyələnməsi ilə bağlı atılan addımlar, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda, ən müasir biliklərə yiyələnməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlər də ordumuzun döyüş qabiliyyətinin formalaşmasında mühüm rol oynadı. Bu strateji düşüncə və uzaqgörən addımların nəticəsidir ki, 44 günlük müharibə qələbəmizlə başa çatdı.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə keçidi yönündə tədbirlər həyata keçirilir, komando birlikləri yaradılır. Bundan başqa, ən ağır şəraitlərdə döyüş əməliyyatları keçirə bilən xüsusi qruplar formalaşdırılır, Azərbaycan hərbçilərinin texniki bilikləri inkişaf etdirilir. Hərbçilərimizin dünyada hərb sənətində baş verən yeniliklərlə tanış olmaları istiqamətində addımlar atılır.
Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişdi. Azərbaycan artıq bu istiqamətdəki yeni prioritetlərini müəyyən edir, köhnələri möhkəmləndirir və yenilərinin formalaşdırılması istiqamətində ardıcıl və ciddi addımlar atır.
Belə bir gündə ilk növbədə şəhidlərimizi, Azərbaycanın peşəkar və döyüşkən milli ordusunun formalaşması prosesinin əsasını qoyan Ulu öndəri ehtiram və sayğıyla anırıq. Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, qazilərimizə, əsgər, gizir və zabitlərimizə təşəkkürümüzü bildiririk.
Azər Kərimli
Milli Məclisin deputatı