Modern.az

Jurnalistlərin evi və mətbuatın günü

Jurnalistlərin evi və mətbuatın günü

21 İyul 2013, 16:44

Sabah "milli mətbuat" günüdür.İşıqlı zəka sahibi olan Həsən bəy Zərdabinin "Əkinçi"sinin öz dediyi kimi müsəlmanları qaranlıqdan çıxarmaq istəyi yüz illərdir ki,onun ardıcılları tərəfindən davam etdilir.21-ci əsr Azərbaycan jurnalistikası 22 iyulu həm də bu yola və milli ideallara şərəflə xidmət edən 156 qələm sahibinin şəxsi həyatındakı önəmli hadisə ilə birgə qeyd edir.Sabah onlar müstəqillik dövrünün inşası olan yeni evlərə köçəcəklər!Bu fikrə bir az da rəmzi məna qatsaq,Jurnalistikamız özünə yeni ünvan və Yaradıcı Məbəd qazanır!

Dövlətin quruculuğu güclü mətbuatın mövcudluğunu tələb edir. İctimai şüuru qidalandırmadan,məramını izah etmədən,tənqidə və diskussiyaya qapı açmadan ayaqda qala bilməzsən. Mətbuatımız bu illər ərzində milli davanın önündə gediblər,hər bir təhlükənin qarşısına sipər kimi çəkiliblər və azadlığın qazanılmasında müstəsna rol oynayıblar.Jurnalistikasız cəmiyyət cəhalət içində boğular və zehni gerilikdən daimi əsarət qorxusunu yaşayardı.

Tam əminliklə demək olar ki,ötən illər ərzində düşmənlə döyüşün bütün ağırlığını bu ölkənin güclü lideri,ordusu və xalqı ilə bərabər həm də mətbuatı daşıyıb.Onları forposta çevirən qüvvə hansısa inzibati əmrin təsiri deyil,məhz bu millətə mənsubluğun şərəf və məsuliyyət duyğusuydu.Məhz ona görə də medianı kapıtanlıq və sözə əsgərlik xidməti ilə eyniləşdirənlər haqlıdırlar.Səngərdə hərbi işi yerinə yetirənlərlə sözü silaha çevirənlərin missiyası eynidir.Hər ikisi Vətənə xidmətdir:biri hərbi mundirdə,o biri isə mülki libasda.

Bu mənada Azərbaycanın Birinci şəxsindən mükafat olaraq mənzil alan mətbuat təmsilçilərinin xidmətini silahlı savaşda qiymətləndirilən insanlardan ayırmamağın tərəfindəyəm.İlham Əliyev siyasi mövqeyinə,dayandığı düşərgəyə,tirajlandırdığı tərifçi və ya tənqidçi üsluba fərq qoymadan Azərbaycan insanına dəyər verdiyini növbəti dəfə nümayiş etdirir.Bu onun milli liderlik keyfiyyəti,yüksək alicənablığı və xeyirxahlığının növbəti təsdiqidir.İstər kəskin müxalif cinahda ol,istər mərkəzçi,yetər ki, maarifçiliyə,stabil bir əqidəyə söykən,sözün və fikir azadlığının bərqarar olmasında iştirak elə.

Hakimiyyətin mətbuta yardımı və informasiyaya investisiyası hər zaman davam edib.Lakin yüzlərlə jurnalistin ev sahibinə çevrilməsi dövlətin daha konkret və ünvanlı ədalət nümunəsidir.Çünki yer üzünü insanlar üçün evə çevirən Tanrıya da xoş olardı ki,bəndələri daha rahat və firavan yaşasınlar. Mənzil mütləq xoşbəxtliyin son instansiyası olmasa da,sosial dincliyin,övladlar qarşısında mənəvi hakimiyyətin və təminatlı, inamlı şəxsiyyətə çevrilməyin əvəzsiz nemətidir.Ona görə də imkanlı-imkansız avropalının öz vətənində kirayə yaşamasından fərqli olaraq Azərbaycanda hər kəsin öz evinin olması aksioması vətəndaşın həyat arzusunun birinci yerində dayanır.

Lakin dövlətin bu insani qərarını naxoş məqsədlərdən təftiş edənlər nə demokratiyanın,nə də azad sözün gələcəyindən narahatdılar.Qələm adamları arasında intriqa və parçalanma tezislərini qabardanlar,kiminsə evsizliyini ölkədə inkişafın əlyhinə arqumentə çevirənlər,yaxud kimlərdənsə əyilməzlik və yenilməzlik etalonu düzəldənlərin məntiqi sağlam deyil.

Guya Qərb mediasının ən yüksək sosial və iqtisadi rifah içində üzməsi,xaricdə jurnalist olmanın avtomatik bütün problemlərdən qurtulmağın açarı olması barəsində əsatirləri yayanlar unutmasınlar ki,dünyanın hər bir ölkəsində kütləvi informasiya vasitəsi təsis etməyin fərqli məramları,tarixi və iqtisadi gərçəklikləri var.Amerikada təkcə "Nyu York Taymas"ın redaksiya heyətini saxlaması üçün illik 200 milyon dollar büdcəyə malik olduğunu vurğulayanlar nəzərə alsınlar ki,bu dövri nəşr 1851-ci ildən yayımlanır və milyondan artıq tiraja malikdir.Bir də Zərdabi demiş,Londonda yüksək imkanlı şəxslərin qəzet-jurnal təsis etməsi ilə müqayisədə Azərbaycan burjuaziyası jurnalistlərə təkcə yaradıcılıq qayğılarını daşımağa imkan verməmişdir. Avropadakı evsiz jurnalistlər şəraitlərinin çətinliyini dövlətin siyasətində axtarmırlar.

Bu aktı həm də redaksiya kollektivləri içərisində inamsızlığa və küskünlüyə yönəltməyə çalışanlar da var.Adamların ədalət tərəzisini bu vasitəylə təyin etmək,evi nəfs və iddiaları müəyyənləşdirməyin diaqnoz elementinə döndərmək və ya mətbuatın üzərində bununla bir test,mənəvi sınaq barometri yaratmaq cəhdləri xoş niyyətlərdən qaynaqlanmır.

Etiraf edək ki,bu məsələdə vahid bir kriteriya hazırlamaq xeyli mürəkkəb işdir.Çünki hüquqi şərtlər və qanunlar gerçəkliyii heç də həmişə dolğun əks etdirə bilmir.Lakin seçilmiş şəxsləri ədalətli hesab edirəm.İerarxiya üzrə birinci yerdə dayanaları hədəf götürərək onları daha ehtiyaclı olanların hesabına iddialarından geri çəkilməyi tələb edənlərə xatırlatmağa dəyər ki,əslində media mühiti,sözü və fikri cəmiyyətə çatdırma sənəti elədir ki,burada hamı yaxşı mənada "qara fəhlə"dir.

Ranq üzrə ön yerdə dayananlar bütün risqlərin,çətin şəraitdə işi təşkil etməyin və komandanı maddi-mənəvi cəhətdən ayaqda saxlamağın da başında dururlar.Elə isə fərdi ittihamları bir kənara qoyaraq bu addımın mətbu konsolidasiyaya xidmət etməsinə çalışmaq gərəkdir.Bu isə hər kəsə xoş arzudan yanaşmağı tələb edir və yeni təməli qoyulacaq Bina ilə bütün yerdə qalan haqlı-ehtiyaclı insanların gələcək təminatına da inam yaradır.Qoy təzə fundament mətbu həmrəyliyi daha da gücləndirsin.Əgər siyahıda tanıdığınız onlarla şəxsin uğuruna sevinirsinizsə, yaradıcı potensialınızı xoş niyyətlərin üzərinə kökləmək üçün bunlar yetərli deyil?!156 qələm fədaisi və onların ailələrinin sevınməsinin,hüzura qovuşmalarının mutluluğunu bərabər yaşamaq gərəkdir!Bizi qısqanclıq və başqalarının nailiyyətlərinə kədərlənmək ucalda bilməz!Bir-birinizi qaldıraraq yüksələ bilərik!Tarixin hökmü budur!

Bu illər ərzində cəmiyyət və dünya ilə körpü qurulmasında fədakarlıq göstərən və Azərbaycanı mədəni,sivil dəyərlərə qovuşmağa layiq bir toplum kimi təqdim edən jurnalistlərin hər biri ehtirama layiqdir.Onların əksəriyyətini tanıyan bir insan kimi hamısına uğur diləyərkən ümidvar olduğumuzu bildiririk ki,bu ölkə hamının birgə firavanlığı ilə xoşbəxtliyə qovuşacaqdır. Jurnalistlərə töhfə bütün cəmiyyətin,o cümlədən,müəllim və həkimlərin sabahkı dövlət təminatına,hökumət proqramlarına da yaşıl işıq yandırmış olur.Azərbaycanı hamının uğur qazandığı məmləkətə çevirmək lazımdır.

Söz adamları millətin önündə çıraq tutanlardır.Qaranlıqları işıqlandırmaq istəyirsinizsə,hərəniz bir şam yandırın!Bayramınız mübarək olsun,sözü müqəddəs sayanlar!

Millət vəkili Zahid Oruc

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...