Modern.az

Deputatlar zəlzələdən DANIŞIR: Xəbərim olmayıb, səhər eşitmişəm…

Deputatlar zəlzələdən DANIŞIR: Xəbərim olmayıb, səhər eşitmişəm…

4 İyul 2023, 13:22

Ötən gün Azərbaycanda baş vermiş zəlzələ əhali arasında təşvişə səbəb olub. Təlaş içində evlərini tərk edən bir çox sakinlər gecəni küçələrdə keçiriblər. 

 

Bəs deputatlar zəlzələni hiss ediblər?

 

Modern.az mövzu ilə bağlı bir neçə deputatın fikirlərini öyrənib.

 

Səhər bildim ki, ölkəmizdə zəlzələ olub

 

 

Milli Məclis üzvü Rüfət Quliyev zəlzələni hiss etmədiyini bildirib: “Düzünü desəm, mən zəlzələ barədə məlumatı səhər internetdə gördüm. Bağda qaldığıma görə, gecə zəlzələ olduğunu hiss etməmişəm. Səhər tanışlarla, qohumlarla əlaqə saxladım. Elələri var ki, gecə çox qorxmuşdu. Amma aldığım məlumata görə, binalarda hər hansı zədə, dağıntı olmayıb. Sadəcə olaraq insanlar Türkiyədə baş verən zəlzələdən sonra çox qorxublar. Bunun normal hal olduğunu düşünürəm.

 

Biz bu gün tam əminliklə deyə bilərik ki, Bakının özündə, eləcə də regionlarda tikilən binaların çoxu zəlzələyə dözümlüdür. Hər halda ən azı 7,7.5 bala qədər dayana bilərlər. Eyni zamanda rəsmi şəxs də açıqlamasında güclü zəlzələnin gözlənilmədiyini bildirib. Düşünürəm ki, ölkəmiz üçün heç bir təhlükə və problem yoxdur".

 

Gecə biz də həyətə çıxdıq...

 

 

Deputat Elman Nəsirov isə zəlzələnin çox zəif olduğunu, sosial şəbəkələrdə yayılan iddiaların təxribat məqsədi daşıdığını deyib:


“Mən gecə zəlzələni hiss etmədim. Görünür, çox zəif zəlzələ olub. Episentri Xəzər dənizinə düşdüyündən sahildə çox zəif olduğu üçün hiss olunmadı. Amma zəlzələnin baş verdiyi andan etibarən sosial şəbəkələrdə yayılan güclü dezinformasiya prosesi diqqətimdən yayınmadı. Təxribatçı informasiyalar yayılmağa başladı. Nəticədə insanlar küçələrə axışmalı oldu. Təxminən saat 01:30-da biz də həyətə çıxdıq. Xeyli insan, eyni zamanda qonşuların hamısı həyətdə idi. Həmçinin televiziya kadrlarında göstərilir ki, Dağıstanda da insanlar gecəni həyətdə keçiriblər. Biz təxminən 15-20 dəqiqədən sonra evimizə qayıtdıq. Məlum oldu ki, deyilənlər dezinformasiyadır. Mən bunun dezinformasiya olduğuna ona görə inanıram ki, doğurdan da gecə saat 02:21-də, 04:21-də zəlzələnin baş verəcəyini proqnozlaşdıranlar nəyə görə saat 00:01-də zəlzələnin baş verəcəyini öncədən deyə bilməmişdilər? Nəticədə insanlarda çox ciddi narahatlıqlar yarandı. Amma insanları da başa düşürəm. Çünki qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra insanların içində qorxu var. Hətta dezinformasiyaya da inanırlar".

 

"Mən ölkənin baş seysmoloqunun yaydığı məlumatı, "qorxmayın, hamınız evinizə qayıdın, zəlzələ təhlükəsi yoxdur" kimi ifadələri yaxın adamlara, dostlara göndərdim. Amma buna baxmayaraq, əksər insanlar mənə geri dönüş edərək "inanma, hamı zəlzələ olacaq deyir" kimi cavablar verdi. Real informasiya ilə dezinformasiyanın müharibəsi gedirdi. Təəssüf ki, bir çox hallarda dezinformasiyanın çəkisi daha ağır görünür. Dediyim kimi, sosial şəbəkələrdə sözün əsl mənasında dəhşətli zəlzələnin yaşanacağının anonsunu verdilər. Bu da qəbuledilməzdir. İnsanların çoxu təkanları hiss etməyib”, - parlamentari vurğulayıb.

 

İnsanlar həyəcan içində idilər...

 

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə zəlzələni hiss etdiyini söyləyib, belə hallarda insanları təmkinli olmağa çağırıb.


“Əlbəttə, mən də zəlzələni hiss etdim. Dünən axşam Bakıda və yaxın ərazilərdə zəlzələ hiss edildi. Belə hallarda həyəcana ehtiyac yoxdur. Vəziyyətdən çıxış yolu təmkinli və səbirli olmaqdır. Təəssüf ki, dünən biz insanlarda həyəcan gördük. Hətta küçələrdə böyük tıxacın yarandığını müşahidə etdik. Vətəndaşlarımız təmkinli olmalıdır. Doğrudur, belə hadisənin baş verməsi narahatlıq doğurur. Amma mümkün qədər təmkinli olmağa çalışmalıyıq”.

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi