Modern.az

Sülhməramlılar ilk gündən Azərbaycana qarşı hörmətsizlik edir

Sülhməramlılar ilk gündən Azərbaycana qarşı hörmətsizlik edir

Parlament

7 İyul 2023, 13:58

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan bayrağına qarşı hörmətsizlik edib. Bununla bağlı görüntülər teleqram kanallarında yayılıb. İyunun 15-də lentə alınan kadrlardan göründüyü kimi, sülhməramlı kontingentinin nümayəndəsi Azərbaycan bayrağı asılan dirəyi aşırıb.

 

Sözügedən video sosial şəbəkələrin Azərbaycan seqmentində hiddət doğurub. 


Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Xocalının deputatı Elman Məmmədov hesab edir ki, Azərbaycanın rəsmi qurumları bayrağımıza qarşı hörmətsizliyə münasibət bildirməlidir. 


“Həmin görüntüləri görəndə təəccübləndim. Düşünürəm ki, biz Azərbaycan tərəfi olaraq bu məsələyə rəsmi şəkildə münasibət bildirməliyik. Rusların bu hərəkəti birbaşa olaraq Azərbaycan bayrağına, dövlətinə qarşı hörmətsizlikdir. Əgər sosial şəbəkələrdə yayılan görüntülərin həqiqət payı varsa, yəni ermənilər tərəfindən montaj edilməyibsə, bu addım cavabsız qalmamalıdır”,- deputat bildirib. 

 

 

E.Məmmədov vurğulayıb ki, sülhməramlılar Qarabağa gəldikləri ilk gündən Azərbaycana qarşı hörmətsizlik edirlər.

 

“Onu da qeyd edim ki, Rusiya sülhməramlılarının belə addım atması yeni bir şey deyil. Bütün Azərbaycan xalqı bilir ki, özlərini sülhməramlı adlandıran Rusiya hərbi kontingenti torpaqlarımıza addım atdığı ilk gündən bizim ərazi bütövlüyümüzə, qanunlarımıza qarşı hörmətsizlik etməklə məşğuldur. Onlar sülhməramlı kimi Qarabağda fəaliyyətə başladıqları vaxtdan bəri separatçıları müdafiə edir və onların təminatları ilə məşğul olurlar. Rusiya sülhməramlıları cinayətkar separatçılarla hələ də əməkdaşlıq edirlər. Mən hesab edirəm ki, Azərbaycan belə dözülməz hala son qoymaq üçün lazımı tədbirlər görməlidir”, - deyə deputat qeyd edib.

 

Xatırladaq ki, bayrağımıza qarşı hörmətsizlik edilən gün - 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi