Modern.az

“Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

“Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

25 İyul 2013, 10:12


Sentyabda Milli Məclisin payız sessiyası öz işinə başlayacaq və komitələrdə müxtəlif qanun layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq, hazırlanmış qanun layihələrinin müzakirəsi keçiriləcək.

Modern.az saytının məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov payız sessiyasında bir sıra qanun layihələrini müzakirə edəcəklərini bildirib.

“Əsas odur ki, biz “Mədəniyyət haqqında” Qanunu qəbul etdik və o, hazırda işlək vəziyyətdədir. Bu qanundan irəli gələn sahələrlə (kitabxana, nəşriyyat, teatr, kino və s.) bağlı qanunlar üzərində iş gedəcək. Ölkədəki sürətli mədəniyyət prosesləri istər-istəməz qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac yaradır”.

N. Cəfərov yaz sessiyasının birinci oxunuşundan keçən “Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsi üzərində işləri növbəti sessiyalarda da davam etdirəcəklərini qeyd edib. “Bunun da əhəmiyyəti var. Çünki yaradıcı təşkilatlar – Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və s. qeyri-hökumət təşkilatları sisteminə daxil olsa da, onların özünəməxsusluğu var. Odur ki, yaradıcılıq ittifaqları və ya birlikləri, eyni zamanda yaradıcı şəxslər, onların vəzifələri, səlahiyyətləri ilə bağlı ayrıca bir qanun üzərində işləyirik. Burada problem bu qurumların maliyyələşdirilməsi məsələsi ilə bağlıdır ki, nə dərəcədə onlar maliyyələşdirilə bilər. Bununla yanaşı burada bir sıra məqamlar var ki, onları Maliyyə Nazirliyi ilə birlikdə müzakirə etməliyik”.  

Millət vəkili eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Kino haqqında” Qanun üzərində də işləyəcəklərini bildirib. “Muğam və aşıq sənəti ilə bağlı layihələrimiz də var. Muğam sənəti ilə bağlı layihə artıq komitədə müzakirə olunub, amma plenar iclasa buraxılmayıb. Bu qanun layihələrini komitənin sədr müavini Rafael Hüseynov hazırlayıb. Kulinariya mədəniyyəti ilə bağlı layihə hazırlanıb, müvafiq komitələrlə birlikdə onun üzərində də işləyəcəyik. Bundan əlavə planımızda var ki, Azərbaycanın böyük mədəniyyət mərkəzləri, onların qorunması, inkişafı ilə bağlı qanun layihələri hazırlayaq. Məsələn, Naxçıvan, Şəki, Gəncə bizim üçün təkcə şəhər, yaşayış yeri deyil, həm də xüsusi mədəniyyət sistemidir, tarixidir və özünəməxsus etnoqrafik xüsusiyyəti olan regionlardır. Bu məsələlərlə bağlı təkliflərimiz var”.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...