Bu gün Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.
Rəsmi açıqlamada qeyd olunub ki, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm dəölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.
(Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz)
Qırmızı Xaç Komitəsinin qanunsuz fəaliyyəti barədə Modern.az-a danışan Milli Məclisin deputatlar BQXK-yə sanksiya tətbiq edilməsini tələb edirlər.
Deputat Fazil Mustafa hesab edir ki, qanunsuz daşınmalar həyata keçirən istənilən quruma qarşı Azərbaycan tərəfi sanksiyalar tətbiq etməlidir.
"Əslində bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, ya da digər qurumların olmasının heç bir fərqi yoxdur. Heç bir qurum Azərbaycanın maraqlarına uyğun olmayan addım atmamalı və sərhədləri daxilində qanun pozuntularına yol verməməlidir. Dövlət Sərhəd Xidməti belə hadisələri aşkarlayaraq faktlar irəli sürür. Hesab edirəm ki, BQXK-yə qarşı çox ciddi şəkildə tədbirlər görülməlidir. Çünki belə hadisələrin izahı ola bilməz. Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin bütün addımları Azərbaycan tərəfindən izlənilməlidir", - o deyib.
Parlamentari Ceyhun Məmmədov isə bildirib ki, bu cür hadisələr beynəlxalq təşkilatların qanunazidd fəaliyyətlərini ortaya qoyur:
"Biz görürük ki, həmin qurumlar qeyri-qanuni işlərlə məşğuldurlar. Təbii ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin işləri insanlara humanitar yardım olduğu halda, onlar qanunsuz yükdaşımalar həyata keçirirlər. Bu cür hadisələr yolverilməzdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin BQXK avtomobillərinin Laçın dəhlizindən keçməsinə icazə verməməsi tam doğru qərardır. Ermənilər və sözügedən qurum bu cür qanunsuz davranışlara son qoymalıdır. Azərbaycan haqlı olaraq adekvat addımlar atır və bundan sonra da atacaq".
Digər deputat Elman Məmmədov təklif edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin adı dəyişdirilərək, "Beynəlxalq Erməni Qırmızı Xaç Komitəsi" olsun:
"Gəlin, 1991-1992-ci illərə qayıdaq. O dövrdə Qarabağda yaşayan azərbaycanlılar mühasirə şəraitində idilər. Xüsusilə, 1991-ci ilinin noyabrın 1-dən 1992-ci ilin fevralın 25-nə qədər olan dövrdə Xocalı 4 aydan daha çox mühasirədə qaldı. Qırmızı Xaç Komitəsi deyilən qurum o zaman da mövcud idi. Lakin biz onların mövcudluğunu, hər hansı fəaliyyətini görmədik. Onlar bir dəfə də olsun mühasirə şəraitində yaşayan, dərmana, müalicəyə, yanacağa, ərzağa və ümumiyyətlə, hər şeyə ehtiyacı olan Xocalıya yardım etdilərmi? Bizim də o zaman köməyə ehtiyacımız var idi, ancaq gəlmədilər, bizə kömək etmədilər".
"Separatçıların ekologiyanı pozmasına qarşı aktivistlərimizin keçirdiyi aksiya zaman həmin BQXK 20, 30, 40 maşın ilə Xankəndidən Ermənistana, Ermənistandan Xankəndiyə gedərək əsir-yesir olmuşdu. Təəssüf ki, onların nə daşıdıqları yoxlanılmırdı. Ümumiyyətlə, bu qurumun adını dəyişdirmək lazımdır. Mən təklif edirəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerinə, Beynəlxalq Erməni Qırmızı Xaç Komitəsi olsun. Onların canfəşanlıq göstərməsinin səbəbi indi məlum olur. Təbii ki, səbəb erməni puludur. Xaricdəki erməni mafiyası pul ilə siyasətçiləri ələ alır, Makron (Fransa prezidenti-red) kimi insanları seçdirir. Mən Azərbaycan vətəndaşı kimi istəyirəm ki, Beynəlxalq Erməni Qırmızı Xaç Komitəsinin bütün maşınları və əməkdaşları, eyni zamanda özlərini sülhməramlı adlandıran rus kontingentinin nəqliyyat vasitələri, eləcə də əsgərləri Laçın sərhəd məntəqəsindən keçərkən tam yoxlanışdan keçsinlər. Artıq məlumdur ki, bunlar cinayətkarlıqla məşğuldurlar".
Rahib Ələsgərov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.