Modern.az

Polis xalqın keşiyində durduğu kimi, ictimaiyyət də polisin nüfuzunu qorumalıdır - Əli Hüseynli

Polis xalqın keşiyində durduğu kimi, ictimaiyyət də polisin nüfuzunu qorumalıdır - Əli Hüseynli

12 İyul 2023, 12:32

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

 

- Əli müəllim, dünən Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər ictimaiyyətin və medianın əsas diqqət mərkəzindədir.  Cənab Prezident ölkə həyatının, demək olar ki, bütün sahələri üzrə əldə olunmuş nailiyyətləri təhlil etdi və eyni zamanda mövcud problemlərdən söz açdı.

 

- Əvvəla, onu qeyd edək ki, müxtəlif hesabat dövrlərinin nəticələri ilə bağlı ölkə rəhbərliyi səviyyəsində araşdırmaların və təhlillərin aparılması  artıq ənənəyə çevrilib. Bu, hələ ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş idarəetmə modelinin tərkib hissəsidir. Başqa sözlə, rəhbərlik tərəfindən qarşıya qoyulmuş  məsələlərin həllinin gedişinə mütəmadi nəzarət mexanizmi həm real imkanların dəyərləndirilməsi və çatışmazlıqların müəyyənləşdirilməsi ilə yanaşı, həm  də yeni hədəflərin düzgün proqnozlaşdırılması üçün vacib amildir. Cənab İlham Əliyevin  sədrliyi ilə dünən keçirilmiş müşavirə də bu baxımdan istisna deyil.

 

- Bəs burada sizin diqqətinizi daha çox çəkən məqamlar hansılardır?

 

- Təbii ki, müşavirədə müzakirə olunan məsələlərin hamısı çox əhəmiyyətlidir. Lakin, bildiyiniz kimi,  ölkə rəhbəri ən ümdə məsələlər kimi 2 istiqaməti – Qarabağın dirçəldilməsi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasını və ordu quruculuğuna diqqətin daim artırılmasının vacibliyini önə çəkdi. Çünki Azərbaycanın bütün ərazisində təhlükəsizliyin təmin olunması digər vacib məsələlərin həlli üçün birinci şərtdir.

 

- Dövlət başçısının çıxışında ekoloji problemlərlə bağlı mövcud olan problemlərə diqqət yönəltməsi də ictimaiyyətin böyük marağına səbəb olub...

 

- Əlbəttə, bu problem ümumiyyətlə dünyada qloballaşıb və  Azərbaycandan da yan keçməyib. Cənab Prezident bu sahədə ölkəmizə vurulan ən böyük zərərin məhz Ermənistan tərəfindən olduğunu dəqiq faktlar və arqumentlərlə sübut etdi. Lakin eyni zamanda elə məsələlər də var ki, bu, bizim özümüzdən asılıdır. Dövlət başçısının bu yaxınlarda Gədəbəyin Söyüdlü kəndində  baş vermiş məlum hadisələrin səbəblərinin də məhz bəzi orqanlar tərəfindən ekoloji problemlərə vaxtında reaksiya verməməsi ilə əlaqələndirdi, bununla bağlı  iradlarını bildirdi və müvafiq tapşırıqlarını verdi. Sözsüz ki, mövcud olan ekoloji problem vətəndaşlarla bu sahəyə cavabdeh olan orqanların qarşılıqlı münasibətlərin düzgün qurulmamasından irəli gəlir.

 

 - Ölkə rəhbəri bu kontekstdə baş vermiş iğtişaşların mahiyyətini açıqladı, hüquqazidd hərəkətlərə, eyni zamanda polisin fəaliyyətinə öz münasibətini bildirdi. Bununla bağlı sizin fikirləriniz...

 

- Cənab İlham Əliyev bu məsələlərə bir tərəfdən insan amilinin önəmi, digər tərəfdən isə dövlət və dövlətçilik, qanunçuluq priinsiplərinin qorunmasının vacibliyi müstəvisində yanaşır. Yəni vətəndaşların haqlı tələbləri nə dərəcədə diqqətə alınırsa, asayişi qoruyan  polisin qanuni addımlarına da o dərəcədə hörmətlə yanaşılmalıdır. Sivil dövlət-vətəndaş münasibətlərinin əsas meyarlarından biri də budur. Həm də axı unutmaq olmaz ki, Azərbaycan polisi tarix boyu dövlətçiliyimizin əsas sütunlarından biri olmuşdur və bu gün də belədir.

 

Xatırlayırsınızsa, hələ 1987-ci ildə baş qaldırmış erməni terrorizminə qarşı silahlı mübarizəni ilk olaraq məhz onlar aparmışlar. Müstəqilliyin ilk illərində də, Birinci Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olmuşdur.. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülmüşdür.. Təəssüf ki, 1992-93-cü illər ərzində, AXC rəhbərliyi dövründə polis orqanlarına rəhbərlik edənlər özləri də kriminal təfəkkürlü olmuş, Azərbaycan polisini də qanunsuz hərəkətlər törətməyə vadar etmişlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətində Azərbaycan polisi ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında digər hüququ-mühafizə orqanları ilə birgə ciddi fəaliyyət göstərmişdir. Ümummilli liderimiz deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

 

- Yeri gəlmişkən, Söyüdlüdəki hadisələr fonunda Prezident İlham Əliyev də Azərbaycan polisinin fəaliyyətini  yüksək dəyərləndirdiyini bəyan etdi. Lakin cəmiyyətdə polisə münasibətdə fərqli yanaşmalar da mövcuddur...

 

- Cənab İlham Əliyevin dəyərləndirməsi heç də təsadüfi deyil, çünki polisə atılan daş dövlətçiliyə atılan daşdır. Belə ki, Azərbaycan polisi hər zaman, o cümlədən son onilliklər ərzində də Azərbaycan polisi özünün fədakər fəaliyyəti ilə ictimai asayişin qorunmasında, mütəşəkkil cinayətkarlıqla mübarizədə öndə olmuşdur. 2000-ci illərdə xarici qüvvələrin və milli xəyanətkarların birləşərək ölkədə “məxməri inqilab”la hakimiyyətin zorla ələ keçirilməsi cəhdlərinin qarşısı ilk növbədə polisin çevik addımları sayəsində qətiyyətlə alınmışdır. Onun ən bariz nümunələrindən biri 2003-cü ilin oktyabr hadisələridir.

 

Müxtəlif vaxtlarda polis orqanların gözdən salmaq cəhdləri radikal müxalifət tərəfindən heç bir nəticə verməmişdir, qarşısı qətiyyətlə alınmışdır. 2020-ci ildə koronovirusla mübarizə tədbirləri çərçivəsində Çevik Polis Alayının Yasamal rayonu ərazisində  keçirdiyi əməliyyatı, yəqin ki, xatırlayırsınız. Polisin qanuni fəaliyyətini asayiş keşikçilərinin nüfuzuna qarşı çevirmək istəyənlər  heç vaxt öz istəklərinə nail ola bilməmişlər, çünki Azərbaycan xalqı bu illər ərzində öz polisinə güvən hissi ilə yaşamışdır və bu gün də bu belədir.

 

Vətən Müharibəsi dövründə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Silahlı Qüvvələrimizin tərkibində Qarabağın işğaldan azad olunmasında fədakarlıq və qəhrəmanlıq  nümunələri nümayiş etdirmişlər. Müqəddəs savaşda  bu qurumun 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Vətən fədailəri kimi mərdliklə döyüşmüş 1400 nəfərə yaxın hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür. Hal-hazırda da Azərbaycan polisi Qarabağda və Şərqi Zəngəzurda nümunəvi xidmətini davam etdirir, orada qanunçuluğun təmin olunmasına öz töhfəsini verir. Bir müddət əvvəl Şuşa-Xankəndi yolunda ekofəalların aksiyasında iştirak edən Azərbaycan gənclərinin də məhz orada xidməti vəzifəsini yerinə yetirən polisin gücünə güvənərək hərəkət etdiklərinin şahidi olduq.

 

Ona görə də Azərbaycan polisinin Söyüdlüdə vətəndaşların ekoloji tələblərinin qarşısını alması iddiaları absurddur. Radikal müxalifət və bir sıra sosial media dəstəyi hadisələri məhz bu cür çatdırmağa cəhd etmişlər. Azərbaycan polisi isə Qarabağ və digər bölgələrdə eyni fəaliyyəti həyata keçirir. Hazırda Azərbaycan polisində vətən Müharibəsi iştirakçısı olmuş onlarla gənc işə qəbul olunub və Vətənə xidmətini davam etdirir. İctimaiyyətimiz onu da bilməlidir ki, ayrı-ayrı hallarda polis əməkdaşlarının yol veriş olduğu qeyri-adekvat davranış ilk növbədə Daxili İşlər rəhbərliyinin özü tərəfindən hüquqi qiymət alır. Ona görə bu cür epizodik halları bəhanə gətirib bütövlükdə polis orqanlarına ləkə yaxmaq cəhdləri yolverilməzdir və əbəsdir. Polis Azərbaycan xalqının keşiyində durduğu kimi, ictimaiyyət də polisin nüfuzunu qorumalıdır.

 

Bu baxımdan hazırda dövlətimiz üçün əhəmiyyətli olan sülh müqaviləsinə gedən çətin yolda, belə bir həssas məqamda əks mövqedə dayanaraq bu cür hadisələrdən sui-istifadə edilməsi yolverilməzdir.  Böyük mənada dövlət-vətəndaş münasibətlərində çox diqqətlə davranmalıyıq, dövlət-vətəndaş həmrəyliyi daim yüksək səviyyədə saxlanmalı, bütün məsələlər qarşılıqlı anlaşma şəraitində öz  həllini tapmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi