Modern.az

Məhz bu ədalətli reallıqlar bölgəyə daimi sülh gətirəcək

Məhz bu ədalətli reallıqlar bölgəyə daimi sülh gətirəcək

Parlament

21 İyul 2023, 21:04

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Forum mediamızın tarixində ən önəmli hadisələrdən biri hesab oluna bilər. 

 

Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən Şuşaya gələn media rəhbərlərinin və təmsilçilərinin, nüfuzlu ekspertlərin Prezident İlham Əliyevə ünvanladığı, regionu və qlobal proseslərin bütün istiqamətlərini əhatə edən suallara dövlətimizin başçısının əhatəli, dərin təhlilə,strateji baxış bucağına söykənən cavabları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin detallı şəkildə açıqlanmasına imkan yaratdı. Məhz bu amil, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai rəyə çatdırılması baxımından, Forumun nə dərəcədə mühüm önəm kəsb etdiyini nümayiş etdirir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

 

Prezident İham Əliyevin Azərbaycanın təşviq etdiyi sülh gündəliyi ilə bağlı fikirlərinə diqqət çəkən Azər Kərimli, dövlətimizin başçısının ölkəmizdə yaşayan erməni azlığı ilə bağlı Ermənistanın və havadarlarının irəli sürdüyü bütün iddiaları dəmir məntiqə söykənən tutarlı arqumentlərlə cavablandırdığını bildirib: “Cənab Prezident bəyan etdi ki, Azərbaycan multietnik, çoxdinli ölkədir. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Düşünürəm ki, Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanda yaşayan erməni azlığı ilə bağlı bütün iddiaların nə qədər əsassıs olduğunu sübuta yetirir. Necə olur ki, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri əsrlərdir ki, dostluq və qardaşlıq şəraitində dinc, yanaşı yaşayırlar və onların arasında heç bir problem yaranmır. Əksinə, ermənilər istisna olmaqla, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ortaq və vahid Vətənlərinin uğrunda canlarını belə fəda edir, Azərbaycanın bütövlüyünü həyatlarından üstün tuturlar? Necə olur ki, Azərbaycanda yaşayan etnosun nümayəndələri bir-birilərinə can deyib, can eşidir, sevincli, kədərli gündə bir yerdə olmağı, Azərbaycanın inkişafına töhfə verməyi bacarır, amma ermənilər yox? Deməli problem saxta, əsassız iddilar, mif və əsatirlər üzərində qurulan ultramillətçi erməni təfəkkürdə və bu təfəkkürdən dağıdıcı vasitə kimi istifadə edən qüvvələrdədir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu yanaşmanın perspektivi yoxdur. Sağlam düşüncə qalib gəlməlidir. Əks təqdirdə, Azərbaycan onu görməzdən gələnlərin “şıltaqlığınına” seyrçi qalmayacaq”.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın işğaldan azd edilmiş ərazilərinə səfər edən hər kəs müqayisəli şəkildə qurucu Azərbaycan təfəkkürünün təntənəsini ifadə edən mənzərəni və dağıdıcı erməni düşüncəsinin izlərini müqayisə edərək nəticə çıxara bilər: “Azərbaycan məntiqi ardıcıllıqla addım-addım öz hədəflərinə doğru addımlayır. Bu amil özünü həm işğaldan azad etdiyimiz ərazilərdə həyata keçirilən layihələrdə, həm “Böyük Qayıdış” proqramının icrası prosesində, həm də ölkəmizin bölgədə davamlı sülhün təmin olunması istiqamətində atdığı addımlarda da özünü büruzə verir. Vaxtilə, işğala son qoyulmazdan öncə bizi reallıqlarla barışmağa çağranlar bu gün Azərbaycanın yaratdığı, ədalətə, həqiqətə və beynəlxalq hüquqa söykənən reallıqlarla barışmaq məcburiyyətində qalıblar. Məhz bu ədalətli reallıqlar bölgəyə daimi sülh gətirəcək, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər kəsin firavan yaşayışını təmin edəcək”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi