Modern.az

Cild dəyişərək gizlənən fetöçülər tək-tək ifşa olunacaq - DEPUTATLAR

Cild dəyişərək gizlənən fetöçülər tək-tək ifşa olunacaq - DEPUTATLAR

Parlament

24 İyul 2023, 15:20

Ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Türkiyədən daxil olan məlumat əsasında FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Əməliyyat zamanı 5 nəfər saxlanılıb. Onlardan biri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb. Daha sonra ADR rəhbəri saxlanılıb.

 

52 yaşlı siyasətçi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir. Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qubad İbadoğlunun FETÖ işi üzrə məsuliyyətə cəlb olunması siyasi gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin deputatları da səs-küylü həbs xəbərinə münasibət bildiriblər.


Deputat Bəhruz Məhərrəmov Modern.az-a açıqlamasında deyib ki, məqsəd kiminsə mütləq qaydada cəzalandırılması, məhdudiyyət və məhrumiyyətlərə məruz qalması yox, əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını müəyyən etməkdir.


“Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Daxili İşlər Nazirliyinin ölkədə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri insan həyatını, sağlamlığını, hüquq və azadlıqları, qanuni mənafeləri, milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilib və Konstitusiyaya, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna, digər normativ hüquqi aktlara, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə tam uyğundur. Saxlanılan şəxslərlə bağlı bütün prosessual tələblərə əməl edilib. Məqsəd kiminsə mütləq qaydada cəzalandırılması, məhdudiyyət və məhrumiyyətlərə məruz qalması yox, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını müəyyən etməkdir. Bütün tədbirlər görülüb ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın”, - deyə parlamentari bildirib. 

 

 

 

B.Məhərəmmovun fikrincə, Qubad İbadoğlunun saxlanması da məhz bu prosedurlar və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla həyata keçirilib.


“İstintaqın gedişində dövlətin əsas aidiyyəti strukturlarının hədəfi ondan ibarətdir ki, adıçəkilən şəxsin özü də daxil olmaqla, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Lakin eyni zamanda qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olması üçün qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək, cinayət məsuliyyətinə cəlb etmək də ciddi vəzifədir. Cinayət prosesi isə hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Yəni kiminsə qulluq mövqeyi, əqidəsi, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəti, yaxud sosial media fenomeni olması həmin şəxsi məsuliyyətdən azad etmir. Ümumiyyətlə bilidyiniz kimi, FETÖ terror təşkilatı Türkiyə özü başda olmaqla, bir çox dövlətlərdə şəbəkələnib və hətta zaman-zaman dövlət idarəçiliyində belə möhkəmlənə biliblər. O cümlədən Azərbaycanda da terror qruplaşmasının uzantıları mövcud olub və heç şübhəsiz ki, bu gün də var. Əlbəttə, bu cür qlobal mütəşəkkil birliklə dövlətlərin təkbaşına mübarizəsi effektiv deyil və əməkdaşlıq mütləqdir. Azərbaycanın FETÖ ilə mübarizədə ən səmərəli əməkdaşlıq edəcəyi beynəlxalq subyekt isə Türkiyədir. Heç kim şübhə etməsin ki, məhz bu əməkdaşlıq bizə imkan verəcək ki, hazırda Azərbaycanda istər elm-təhsil mühitində, istər mediada, istər bütövlükdə üçüncü sektorda, hətta müəyyən səviyyələrdə idarəçilikdə cild dəyişərək gizlənən fetöçülərin tək-tək ifşa olunması prosesi sürətlənəcək”. 

 


Deputat Fazil Mustafa isə hesab edir ki, Qubad İbadoğlu ilə bağlı məsələ haqqında fikir bildirmək hələ tezdir.


"Rəsmi qurumların məsələ ilə bağlı açıqlamaları var. Bu açıqlamalarda hansı mövzular qeyd olunursa, hələ ki ona güvənmək lazımdır. Gedişatda müdafiəçi və başqa tərəflər var. Onlar istintaqın gedişi ilə bağlı məsələləri açıqlayandan sonra daha aydın təsəvvür olacaq. Yəni aydın fikir söyləmək üçün əlavə məlumatlar lazımdır. Bunlar olduqda açıq fikirlər səsləndirmək mümkündür",- deputat əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı