Modern.az

Parlament partiyaları: YAP-dan başqa heç biri qeydiyyatdan keçməyib

Parlament partiyaları: YAP-dan başqa heç biri qeydiyyatdan keçməyib

25 İyul 2023, 13:36

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. Rəsmi məlumata əsasən, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Lakin onlardan bir neçəsi 5 min üzv baryerini keçə bilməyib.

 

Nazirlikdən bildirilib ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkar edilib. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

 

REAL partiyasının sədri İlqar Məmmədovun sözlərinə görə, nazirlik siyahılarda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.

 

"Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq", - İ. Məmmədov vurğulayıb.

 

Ədliyyə Nazirliyinin rəsmi cavab verdiyi partiyalardan biri də Müsavatdır. Partiyanın başqanı Arif Hacılı deyib ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir. Bundan əlavə, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilib.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təqdim etdiyi üzvlük siyahılarında da çatışmazlıqlar aşkarlanıb. AXCP sədri Əli Kərimli feysbuk hesabında yazıb ki, partiya Ədliyyə Nazirliyinə 5315 nəfər üzvün məlumatlarını təqdim edib. Onlardan 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib. 119 nəfərin başqa partiyalara üzvü olduğu müəyyən edilib, 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə AXCP üzvü olmadığını bildirib.

 

Bəs parlamentdə təmsil olunan partiyaların qeydiyyat prosesi nə yerdədir? Hansı siyasi partiya qeydiyyatdan keçib, hansılara "YOX" cavabı gəlib?

 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Böyük Quruluş partiyasının sədri, deputat Fazil Mustafa söyləyib ki, rəhbərlik etdiyi partiya sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. 

 

“8415 üzvün sənədi onlayn qaydada hazırlanıb və nazirliyə göndərilib. İndi isə yoxlama mərhələsindədir. Hələ ki yoxlama ilə bağlı bizə məlumat verilməyib. Cavab gözləyirik. Bizə cavab verildikdən sonra qanunvericiliyə uyğun olaraq addımlar atacağıq”, - parlamentari bildirib.

 

 

Milli Cəbhə partiyasının sədri, deputat Razi Nurullayev isə saytımıza açıqlamasında deyib ki, sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub, lakin cavab gəlməyib.

 

“Biz üzvlərimizin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişik. Lakin qarşı tərəfdən hər hansı cavab gəlməyib. Bizim üzvlər barəsində problemimiz yoxdur”,- o deyib.

 

 

Vətəndaş Həmrəyliyi partiyasının sədr müavini Samir Əsədli isə qeyd edib ki, yaxın günlərdə Ədliyyə Nazirliyindən onlara cavab gələ bilər:

 

“Biz sənədlərimizi təqdim etmişik və ayın 5-i əlaqə saxlamışıq, ancaq qarşı tərəfdən hələlik yoxlanış getdiyini söylədilər. Həmçinin, demək olar ki, bütün rayonlarda olan üzvlərə zəng edilərək, həqiqətən partiya üzvü olub-olmadıqlarını soruşublar. Hələ də proses davam edir. Yəqin ki, yaxın zamanlarda bizə bununla bağlı cavab verirlər. Lakin Ədliyyə Nazirliyinin hansı cavabı verəcəyi məlum deyil”.

 

 

Qeyd edək ki, digər siyasi partiyalardan fərqli olaraq, ilk olaraq hakim Yeni Azərbaycan Partiyası qeydiyyata alınıb. 

 

YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamov vurğulayıb ki, YAP-ın qeydiyyatla bağlı heç bir problemi yoxdur:


"Siyasi partiyalar haqqında" qanuna əsasən bütün siyasi partiyalar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidir. Bu proses davam edir. Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçməsi ilə bağlı heç bir çətinliyi yoxdur. Çünki YAP 800 minə yaxın üzvünü birləşdirməklə regionun ən böyük siyasi gücüdür. Yeni qanunun tələbləri ilə bağlı YAP-da heç bir problem yoxdur. Hansı siyasi partiya müvafiq qanunun tələblərinə cavab verən səviyyədə sənədlərini təqdim edə bilməyibsə, təbii ki, o siyasi partiya ləğv olunur".

 

Əlaqə saxladığımız digər parlament partiyaları isə Ədliyyə Nazirliyindən cavab gözlədiklərini söyləyiblər.

 

Parlamentdə təmsil olunan partiyalar aşağıdakılardır:

 

Yeni Azərbaycan Partiyası (YAP)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

Ana Vətən Partiyası (AVP)

Böyük Quruluş Partiyası (BQP)

Vəhdət Partiyası (VP)

Vətəndaş Birliyi Partiyası (VBP) - Fəaliyyətini dayandırıb

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

Real Partiyası

Milli Cəbhə Partiyası

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı