Modern.az

125 azdır: Azərbaycanda neçə deputat olmalıdır? - Digər ölkələrlə müqayisə 

125 azdır: Azərbaycanda neçə deputat olmalıdır? - Digər ölkələrlə müqayisə 

25 İyul 2023, 14:12

Azərbaycanda payız aylarında referendum keçiriləcəyi və konstitusiyada bir sıra dəyişikliklərin ediləcəyi bildirilir. Müzakirə olunan dəyişikliklərdən biri Milli Məclisdə təmsil olunan deputatların sayı ilə bağlıdır.

 

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Həmin il Konstitusiya layihəsinin hazırlanması zamanı parlamentdə deputat yerlərinin sayı geniş diskussiya doğurmuşdu. Milli Məclisin 100, 150, 200 və s. deputatdan ibarət olması barədə mülahizələr irəli sürülmüşdü.

 

Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayandı. Hərçənd hakimiyyət dairələrində Azərbaycan kimi bir ölkə üçün 125 nəfərlik deputat korpusunun çox az olduğunu vurğulayanlar da yetərincə idi.

 

Müqayisə üçün deyək ki, o vaxt qonşu Gürcüstanda parlament 235 deputatdan, Ermənistanda isə 131 nəfərdən ibarət idi. O dövrdə deputat sayının çox olmasının mənfi tərəfləri (onların saxlanılması üçün əlavə büdcə vəsaitlərinin ayrılması və s.) də kifayət qədər idi.

 

Artıq həmin vaxtdan 28 il ötür və bu günün reallıqları tamamilə başqadır.

 

Bəzi ekspertlər və siyasətçilər bildirirlər ki, 1995-ci ildən bəri ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti (bir deputatın neçə nəfəri təmsil etməsi) dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə də parlamentdə deputatların sayının artırılması təklif olunur. 

 

Gəlin, region ölkələrində və əhali sayı Azərbaycana yaxın olan bir sıra Avropa ölkələrində təmsilçilik nisbətinə diqqət edək...

 

Qonşu ölkələrdən Ermənistanda 1 deputat parlamentdə 27.7 min nəfəri, Gürcüstanda 24.6 min nəfəri təmsil edir. Əhalisi sayı Azərbaycana yaxın olan Çexiya, Portuqaliya, Macarıstan kimi Avropa ölkələrində deputatların sayı daha çoxdur.

 

Ölkə

Əhalinin sayı

Parlamentdəki deputatların sayı

Türkiyə

85.8 milyon

600

Almaniya*

83.3 milyon

598**

Britaniya*

67.7 milyon

650

Fransa*

64.7 milyon

577

Çexiya*

10.5 milyon

200

Azərbaycan

10.2 milyon

125

Portuqaliya

10.2 milyon

230

Macarıstan

10.1 milyon

199

İsrail

9.1 milyon

120

Türkmənistan*

6.5 milyon

125

Gürcüstan

3.7 milyon

150

Ermənistan

2.8 milyon

101**

* Parlament ikipalatalıdır və cədvəldə aşağı palatadakı deputatların sayı qeyd olunub.
** Bu ölkələrdə seçki sisteminə görə deputatların sayı arta bilər.

Cədvəl: Deputatların sayı əhalinin sayına nisbətdə göstərilib

 

Təbii ki, deputatların sayının artırılmasının müsbət və mənfi tərəfləri var. Nəzəri olaraq, çox sayda deputat əhalinin parlamentdə daha yaxşı təmsil olunmasına, vətəndaşların qanunvericilik prosesinə cəlb edilməsi üçün geniş imkanların yaranmasına səbəb ola bilər. Üstəlik, böyük parlament daha çox ixtisaslaşmış komitə və işçi qruplarının yaranmasına gətirib çıxarar ki, bu da məsələlərin dərindən təhlilinə və uğurlu qərarların qəbul edilməsinə zəmin yaradar.

 

Bundan əlavə, deputatların sayının çoxaldılması parlament xərclərinin artırılmasına səbəb ola və qanunverici orqanının səmərəliliyinə mənfi təsir edə bilər. Beləliklə, deputatların sayının artırılması müsbət cəhətləri ilə yanaşı, bir sıra təhlükələri də özündə ehtiva edir.

 

Ümumilikdə, Azərbaycan parlamentində deputatlarının sayının artması labüd görünür. Burada əsas müzakirə mövzularından biri mandat sayının nə qədər artırılmasıdır. Siyasi ekspertlər deputatların sayının 150, 175 və ya 200-ə çatdırılmasını təklif edir. Doğrudur, təkliflərə münasibət birmənalı deyil: dəstəkləyənlər də var, qarşı çıxanlar da...

 

Lakin 1995-ci illə müqayisə apardıqda deyə bilərik ki, Milli Məclis üzvlərinin sayı ən azı 150-yə çatdırılmalıdır. Bununla 1995-ci ildəki təmsilçilik nisbətini əldə etmək mümkündür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı