Bu gün Prezident İlham Əliyev veteran tələbələrlə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Müharibə veteranlarının təhsil haqqından azad olunması təhsil ictimaiyyəti tərəfindən müsbət addım kimi qiymətləndirilir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı Modern.az-a açıqlamasında bildirib ki, bu gün imzalanan sərəncam veteran tələbələrin ailələrinin maddi durumunu yaxılaşdıracaq:
“Cənab Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının daha rahat yaşaması dayanır. Dövlətimiz müharibə iştirakçılarına və digər vətəndaşlara xüsusi qayğı göstərir. Torpaqlarımızın işğaldan azad edilməsində tələbə gənclərimiz də böyük rol oynayıblar. Onların bir qismi təhsillərini yarıda dayandıraraq cəbhəyə yollanıblar. Prezidentin imzaladağı sərəncam müharibə iştirakçılarına qayğının göstəricisidir.
Eyni zamanda vətənpərvərlik duyğularının aşılanmasında böyük rol oynayacaq. Dövlət tərəfindən təhsil haqlarının ödənilməsi onların ailələrinin maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır", - deyə tarixçi alim vurğulayıb.
Deputat Ceyhun Məmmədov isə söyləyib ki, Vətən mühaibəsi iştirakçılarına diqqət və qayğının göstərilməsi sistemli xarakter alıb. Təhsillə bağlı sərəncama gəlincə, Milli Məclis üzvü müsbət fikirlər səsləndirib:
"Düşünürəm ki, belə bir qərarın verilməsi olduqca önəmli və əhəmiyyətlidir. Vətən müharibəsi iştirakçılarına diqqət və qayğının göstərilməsi sistemli xarakter alıb. Biz davamlı olaraq bu insanlara dövlət tərəfindən qayğı və diqqət göstərildiyini görürük. Müharibə iştirakçılarına güzəştin edilməsi dövlətin onların fədakar əməyini ən yüksək səviyyədə qiymətləndirməsinin növbəti təzahürüdür. Bu, həm güzəşt olmaqla yanaşı, həmçinin onları təhsilə, elmə, öyrənməyə təşviq etmək məqsədi daşıyır".
Parlamentarinin sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncam minlərlə vətəndaşın təhsil almasına imkan yaradacaq:
"Bu sərəncam imkan verəcək ki, bizim minlərlə vətəndaşımız heç bir ödəniş olmadan təhsillərini davam etdirsinlər. Onu da nəzərə almaq lazımdır ki, bu insanların bir qisminin maddi durumu elə də yaxşı deyil. Onlar öz təhsil haqlarını ödəyə bilmirdilər. Onların dövlətin dəstəyinə ehtiyacı var idi. Ona görə də, belə bir addımın atılması müsbət təşəbbüsdür və yüksək səviyyədə qiymətləndirilməlidir. Dövlət hər zaman vətəndaşının yanındadır və hər cür kömək göstərməyə hazırdır. Son proses bunu bir daha göstərdi".