“Qarabağ” futbol komandası UEFA Avropa Liqasında mərhələ adlayıb, qruplara qatıla bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Ağdam klubunun Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra səsləndirilən tənqidlərə münasibət bildirərkən deyib.
Futbol həvəskarı olan deputat “Qarabağ”ın budəfəki heyətini çox bəyəndiyini söyləyib.
"Komandada müftəxor oyunçu gözə dəymir. Fədakarcasına savaşdılar, şans texnikalı rəqibdən yana idi. Rəqibin qapıçısı bir neçə topu ustalıqla çıxardı. Bir də komandamızda oyun praktikasının azlığı özünü göstərirdi. Qurban Qurbanovun həmlələri də, məncə, optimal idi. Bu komanda Avropa Liqasında mərhələ adlayıb, qruplara qatıla bilər".
Fazil Mustafa hesab edir ki, məğlubiyyətə görə komandadan üz döndərmək düzgün deyil:
"Komanda və onun baş məşqçisi üçün tənqid həddini aşan rəyləri görəndə yadıma bizim böyük sənətkarlara istinad edilən bir lətifə düşür. Səhv etmirəmsə, Qulu Əsgərovun ifasına irad bildirən qarabağlı sənətkarların birinə cavabı maraqlı olur: Siz Qarabağda bulaq suyu içib oxuyursunuz, mən isə Kür suyu içib oxuyuram. İndi də anlamaq istəmirlər ki, bu komandanın adı “Qarabağ” olsa da, idmanımızın bugünkü bataqlığında Kür suyu içib oynayırlar. Üzümüzü ağardan bir komandamız var, məğlubiyyətə görə üz döndərməyək, mənasız sual və rəylərlə məşqçi heyətini və oyunçuları ruhdan salmayaq".
Qeyd edək ki, avqustun 2-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Rakuv” komandası ilə cavab oyununu keçirib. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar arasında Polşada keçirilən ilk qarşılaşmada “Rakuv” 3:2 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.