2022-ci ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Fuad Nəcəflinin vəzifələri "Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında əsasnamə" ilə tənzimlənir. Belə ki, onun vəzifələrinə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək, yerli icra hakimiyyəti orqanları arasında, habelə yerli icra hakimiyyəti orqanları ilə digər dövlət orqanları (qurumları) arasında əlaqələndirməni təmin etmək, müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək və sair daxildir.
Səlahiyyətli nümayəndə təyin edilməsindən sonra Fuad Nəcəfli Naxçıvanda bir sıra yeniliklərə imza atıb. Mətbuatda yayılan xəbərlərə görə, o, yerli sakinlərlə görüşlər keçirir, onların problemlərini dinləyir.
Modern.az Fuad Nəcəflinin fəaliyyəti barədə Naxçıvandan olan deputatlara sual ünvanlayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov bildirib ki, Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndə tərəfindən yeni işlər həyata keçirilir:
“Regionlarda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsi yaradılıb. Bu praktika işğaldan azad olunan ərazilərdə - Zəngəzurda, Qarabağda tətbiq olunmağa başlayıb. O cümlədən Naxçıvan Muxtar Respublikasına da Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu. Təyinatdan sonra birbaşa Prezidentin rəhbərliyi altında işlər həyata keçirilir. Yeni islahatlar reallaşdırılır, planlar hazırlanır. Ölkənin ayrı-ayrı strukturları Naxçıvana dəvət olunur. Hər bir nazirlik öz sahəsi ilə əlaqədar olaraq orada öz planlarını təqdim edir. Ümumilikdə, Naxçıvanın gələcək perspektivləri ilə bağlı planlar hazırlanır. Naxçıvanda azad iqtisadi zonanın yaradılması, eyni zamanda Naxçıvanda yaşıl enerjinin istehsal edilib qonşu ölkələrə satılması ilə əlaqədar işlər görülür. Gələcəkdə Zəngəzur dəhlizi açılacaq. Dəhliz açıldıqdan sonra Naxçıvan geniş bir logistika mərkəzinə çevriləcək. Bu region şərqin qapısı kimi şərqlə qərbi, qərblə şərqi birləşdirəcək. Bu işlər də Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən aparılır”.
Deputat qeyd edib ki, ayrı-ayrı dövlət strukturları Naxçıvanda görüşlər təşkil edir və insanların problemləri dinlənilir:
“İnsanlarla görüşülür. Onların arzu və istəkləri öyrənilərək proqramlaşdırılır. İnsanların işi ilə əlaqədar təminat məsələsi əsas ciddi problemdir. Çünki yol bağlı olub, Naxçıvan blokadada olanda iş problemi ciddiləşib. Bununla əlaqədar məsələlər öz həllini tapır. Ayrı-ayrı nazirlər artıq Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edir. Onların arzu və istəklərini dinləyirlər. Onların problemlərini həll edirlər. ABAD, o cümlədən DOST mərkəzləri açılır. Ümumiyyətlə, xeyli dəyişikliklər var. İnsanların müraciət etmək imkanları xeyli genişlənib. Azad şəkildə hər bir insan öz müraciətini bildirir. Muxtar Respublikaya təyin olunan səlahiyyətli nümayəndə tərəfindən rayonlarda, kəndlərdə görüşlər təşkil edilir. Birbaşa insanlar onunla görüşürlər və problemlərini çatdırırlar. Problemlər aidiyyəti strukturlar tərəfindən öz həllini tapır.
Nazirlər ölkəmizin ayrı-ayrı bölgələrində insanları qəbul edir. Əvvəllər Naxçıvanda bu yox idi. Ancaq indi bu Naxçıvanda da baş verir. Naxçıvan əhalisindən kiminsə respublika daxili işlər nazirinə, yaxud təhsil nazirinə hansısa müaciətləri varsa, daha oradan bura gəlmir. Elə yerindəcə görüşür və fikirlərini çatdırır. Çünki eyni əhalidir. Onun tutaq ki, övladı burada oxuyur, özü Naxçıvan Muxtar Respublikasında yaşayır. Problemi Naxçıvanlıq deyil, buralıqdır. Onun oradan buraya zəhmət çəkib gəlməsinə ehtiyac qalmır. Həmin şəxslər görüş aidiyyəti strukturun nümayəndələri görüş üçün gəldikdə problemlərini dilə gətirirlər. Yenə deyirəm ki, ayrı-ayrı biznes strukturları, xarici şirkətlər tərəfindən layihələr hazırlanır. Həm dərman vasitələri, həm də Naxçıvanda istehsal olunan sularla əlaqədar işlər gedir. Eyni zamanda meyvə və tərəvəzlərlə bağlı onların hazırlanması, qablaşdırılması yeni zavodların tikilməsi prosesi gedir. Təbii ki, bir günə beş günə bu məsələləri həll etmək mümkün deyil. Buna geniş dövr lazımdır. Bu dövr ərzində də bu məsələlər öz həllini tapacaq ki, orada işsizlik aradan qalxsın, əhalinin sosial rifahı daha da yaxşılaşsın”.
Milli Məclisin Naxçıvandan olan digər deputatı Ülviyyə Həmzəyeva isə vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan regionlardan biridir:
"Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir və bu proses davam edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.
Beləliklə bu yeniliklər fonunda, Naxçıvan Muxtar Respublikasında da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılıb. Bu institutun prioritet istiqamətlərindən effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Naxçıvandakı mövcud vəziyyət araşdırılaraq, ölkə prezidentinin sərəncamı ilə 5 illik sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib. Proqram əsasında kənd təsərrüfatı, energetika, yol infrastrukturu, xüsusi iqtisadi rejimə keçid kimi 11 prioritet istiqamət üzrə layihələr reallaşdırılacaq. Naxçıvan Muxtar Respublikasının ümumilikdə yaşıl enerji məkanına çevrilməsi ölkə Prezidentinin diqqətindədir. Bunun üçün Naxçıvanda 1500 meqavat gücündə yaşıl enerji potensialı mövcuddur və gələcəkdə bundan istifadə olunacaq".
Ü.Həmzəyeva qeyd edib ki, qısa dövrdə az yeniliklər olmayıb:
"Mən Naxçıvan Muxtar Respublikasında yaşayan millət vəkillərdən biri kimi, doğma diyarın, seçicilərimin problemlərimdən və ümumi olaraq bütün hadisələrdən yaxından agaham. Çünki bir deputat kimi, mənə verilən səlahiyyətlər çərçivəsində, xalqla-dövlətimizin arasında bir körpü olmağa, xalqdan gələn bütün məsələləri aidiyyəti dövlət qurumları ilə birgə həll etməyə çalışmışam. Bu qısa dövrdə Naxçıvanda yeniliklər fonunda bu günədək az işlər görülməyib. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Hörmətli Fuad Nəcəfli gəldiyi ilk gündən sadəlik nümayiş etdirərək xalqımızla görüşlər keçirir, onların problemlərini dinləyərək, digər dövlət orqanlarına məsələlərin həlli istiqamətində göstərişlər verir.
Bilirsiniz ki, mən həm də ictimai fəaliyyətlə məşğulam. Naxçıvan Rəssamlar Birliyinin sədri olaraq, 2022-ci ilin 12 dekabr tarixindən Naxçıvana təyin olunmuş Prezidentinin səlahiyyətli nümayəndəsi hörmətli Fuad Nəcəfli ilə bir neçə dəfə görüşmüşəm. Hörmətli Fuad müəllim Naxçıvanda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan - Bəşəriyyətin Beşiyi " VI Beynəlxalq Rəsm Festivalına maddi dəstəklə yanaşı Festival dövründə sərgidə iştirak etmiş, təsviri incəsənətə olan marağını göstərərək, Rəssamlar Birliyinin üzvləri olan rəssamların da rəğbətini qazanıbdır.
Naxçıvanda yaşayıb yaradan rəssamlarla Ali Məclisdə geniş tərkibdə keçirilən görüşdə sənət adamlarını bir-bir dinləyib, yaradıcılıq şəraitləri ilə maraqlanmış, tövsiyə və təkliflərini verərək hər zaman dəstək olacağını bildirib. Naxçıvanın bir neçə qədim sənət ənənəsi olan bölgələrində sənət məhəllələri yaradılması təklifini verib. Mən insanlarla çox ünsiyyətdə olan bir şəxs olaraq deyə bilərəm ki, öz səmimiyyəti, işə ciddi yanaşma tərzi və məsələlərin operativ həlli istiqamətində gördüyü işlərlə hörmətli Fuad müəllim Naxçıvan əhalisinin rəğbət və dəstəyini qazanıb".
Millət vəkili vurğulayıb ki, bütün sahələrdə müsbət dinamika müşahidə olunur:
"Ölkə rəhbəri Cənab İlham Əliyevin Naxçıvanın inkişafı istiqamətində qəbul etdiyi yeni qərarlar tezliklə regionun tamamilə fərqli templərlə inkişafına və ən əsası əhalinin rifahının yüksəlməsinə hesablanıb. Artıq deyə bilərik ki, bütün sahələrdə müsbət dinamika müşahidə olunur. Naxçıvan Muxtar Respublikasında görüləsi işlər çoxdur və bəzən insanlarımız səbirsizlik nümayiş etdirir. Lakin mənim Culfa-Babək dairəsindən seçicilərim, indiyədək bütün çətinliklərə baxmayaraq, bir çox məsələlərin həlli üçün zaman lazım olduğunu bilir, Ölkə Prezidentinin daxili və xarici siyasətini dəstəkləyir, verdiyi bütün qərarların xalqın rifahı və təhlükəsizliyinin təmin olunması üçün önəmli olduğunu anlayırlar. Muxtar respublikanın yeni rəhbərliyi də, Cənab Prezidentin tapşırıqlarının və doğma diyarımızın çiçəklənməsi üçün qəbul etdiyi inkişaf strategiyasının tam və səmərəli tətbiqini təmin edir, Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəsi kimi göstərilən böyük etimadı doğruldaraq, yoluna uğurla davam edir.
Bu yolda, hər birimiz Azərbaycan naminə birlik olub, icra olunacaq böyük inkişaf və quruculuq işlərinə dayaq durmalı, köməyimizi əsirgəməməliyik".