Modern.az

“Deputat təklif edib” layihəsi: Musa Quliyev: “Nazirlər Kabineti bu məsələyə mənfi münasibət bıldirdi”

“Deputat təklif edib” layihəsi: Musa Quliyev: “Nazirlər Kabineti bu məsələyə mənfi münasibət bıldirdi”

7 Avqust 2013, 15:09

Milli Məclisin plenar iclaslarında cari məsələlər və gündəlik müzakirə olunarkən deputatlar çıxışlar edib, bir sıra sıra təkliflər səsləndirilər. Deputatlar seçildikləri dairələrin problemlərini, digər vacib saydıqları məsələləri qaldırır və həlli üçün müvafiq idarələrə müraciətlər edirlər.

Bəs deputatların qaldırdıqları məsələlər öz həllini necə tapır?

Modern.az saytı millət vəkillərinin qaldırdığı problemlərin nəticələri ilə bağlı oxuculara “Deputat təklif edib” layihəsini təqdim edir. Bu layihə çərçivəsində deputatların Milli Məclisin iclasında qaldırdıqları təkliflərin nəticələri araşdıırlacaq. 

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin deputatı Musa Quliyev parlament iclaslarında aktual məsələlər qaldıran millət vəkillərindəndir.


M.Quliyev 3-cü çağırış və 4-cü çağırış Milli Məclisin iclaslarında bir sıra təkliflərlə çıxış edib.

Təklif: “Ermənistan SSR-də vaxtilə partiya və dövlət qulluğunda işləyən soydaşlarmıza Azərbaycanda keçmiş dövlət qulluqçusu kimi pensiyalar təyin olunmur”.

Modern.az bildirir ki, deputat 2006-ci il 10 noyabr tarixili iclasında Ermənistanda yaşamış və dövlət qulluğunda işləmiş insanların hazırda dövlət qulluqçusu pensiyası almadığı məsələsinə toxunub.

“Ermənistan SSR-də yaşamış, vaxtilə partiya və dövlət qulluğunda işləmiş insanlara hazırda Azərbaycanda keçmiş dövlət qulluqçusu kimi pensiyalar təyin olunmur. Baxmayaraq ki, “Əmək pensiyaları haqqında” Qanunda bu barədə heç bir ayrı-seçkilik və bir problem yoxdur. Sadəcə, Nazirlər Kabinetində, görünür, müəyyən məmurların bu sahəyə ögey münasibətinin nəticəsidir ki, vaxtilə Ermənistanda işləmiş və 1988-ci ildə ermənilər tərəfindən qovulmuş azərbaycanlılar, bizim soydaşlarımız öz halal haqlarını ala bilmirlər. Bu da həmin insanlar arasında haqlı narazılıq yaradır. Onu da deyim ki, belə insanların sayı o qədər də çox deyil. Cəmi 150-200 nəfər ola, ya olmaya. Ermənistanda, bildiyiniz kimi, azərbaycanlılara qarşı həmişə ayrı-seçkilik olubdur. Azərbaycanlılar orada böyük dövlət və partiya orqanlarında, vəzifələrində təmsil olunmayıblar. Hörmətli Səlim müəllimdən də, Nazirlər Kabinetindən də xahiş edirəm ki, bu ədalətsizliyin aradan qaldırılması üçün işlər görsünlər”.

Təklif: “Milli Qəhrəmanlara xüsusi status verilsin”

Deputat 2013-cü il 24 may tarixli iclasda isə Milli Qəhrəmanlara xüsusi statusun verilməsi məsələsini qaldırıb. “Azərbaycanda 211 Milli Qəhrəman var ki, onlardan 17-si sağdır və onlara xüsusi imtiyazların verilməsi ciddi problem olmaz. Milli Qəhrəmanlar şəhid olunanda şəhidlik statusu ilə dəfn edilirlər. Milli Qəhrəmanlar isə sonradan dünyasını dəyişəndə bu məsələ boş qalır”.

Təklif: “Şəhid ailəsinin ali təhsili olan övladlarından biri müsabiqədənkənar şəkildə dövlət qulluğuna qəbul edilsin

Milli Məclisin 2013-cü ilin 14 may tarixində keçirilən iclasında isə Musa Quliyev şəhid övladlarına bəzi imtiyazların verilməsini qeyd edib.

“Şəhid ailələrinə, sosial baxımdan ehtiyacı olan insanlara yardım edilməsi prezidentin apardığı siyasətin prioritet istiqamətlərindən biridir. Mən təklif edirəm ki, hər bir şəhid ailəsinin ali təhsili olan övladlarından biri müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul edilsin. Hesab edirəm ki, buna gedilsə, problem olmaz. Çünki ölkədə 30 mindən çox dövlət qulluğu ştatı var. Amma belə şəhid övladlarının sayı min nəfərdən ibarətdir. Belə bir qanunun qəbulu şəhid ailələrinə dövlət imtiyazının davamı ola bilər”.

Deputat dövlət və özəl təhsil müəssisələrində də şəhid övladlarının təhsil haqqı ödəmədən təhsil alması üçün şərait yaradılmasını təklif edib: “Hesab edirəm ki, dövlət təhsil müəssisələrində olduğu kimi, özəl təhsil müəssisələri də şəhid ailələrinin övladlarından təhsil haqqı alınmamalıdır. Əgər bura tələbələr dövlət sifarişi ilə qəbul olunursa, dövlətin də qəbul etdiyi qanunlara əməl olunmalıdır. Hesab edirəm ki, qaçqın və məcburi köçkün ailələrinin övladları da özəl təhsil müəssisələrində ödəniş vermədən təhsil almalıdırlar”.

Modern.az bu təkliflərdən hansının qəbul olub-olmadığını deputatdan öyrənməyə çalışıb.

“Ermənistan SSRİ-də işləmiş azərbaycanlıların pensiya məsələsi həll olunmayıb”

İlk məsələni çoxdan qaldırdığını deyən deputat Ermənistan SSRİ-də işləmiş azərbaycanlıların pensiya məsələsinin yerinə yetirilmədiyini bildirib.

“Ermənistanda dövlət qulluğunda işləmiş şəxslərə Azərbaycanda dövlət qulluğu statusuna uyğun pensiyanın verilməsi məsələsini yaxşı izah edə bilmədilər ki, niyə bu qəbul olunmur. Amma hər halda Nazirlər Kabineti bu məsələyə öz mənfi münasibətini bıldirdi”.

“Milli Qəhrəmanlara xüsusi status təklifinə yenidən qayıdacağıq”

Deputat digər iki məsələnin parlamentin diqqət mərkəzində olduğunu bildirib.

“Burada ciddi etiraz yoxdur. Yəqinki payız sessiyasına qədər nail olarıq ki, “Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanuna, həm də “Milli Qəhrəmanların statusu haqqında” Qanuna əlavə və dəyişiklər edilsin. Milli Qəhrəman şəhid olursa, dövlət tərəfindən şəhid kimi dəfn olunur. Amma sonradan Milli Qəhrəman həyatını dəyişirsə, bu məsələdə hesab edirəm ki, boşluq var və aradan qaldırılmalıdır. Burada prinsipial etiraz yoxdur. Sadəcə qanuna əlavə və dəyişiklik edilməsi prosedurunun texniki həlli lazımdır”.

“Şəhid övladının dövlət qulluğuna müsabiqədənkənar qəbulu ilə bağlı məsələ müzakirə olunacaq”  

M.Quliyev bildirib ki, ali təhsilli şəhid övladının dövlət qulluğuna müsabiqəsiz qəbul olunması real bir məsələdir. “Şəhid övladlarının dövlət qulluğuna müsabiqədənkənar qəbul olunması məsələsi daha geniş müzkairəyə və izahata ehtiyacı olan məsələ kimi qaldı. Yəqinki payız sessiyasında biz bu məsələyə yenidən qayıdağıq. Komitə olaraq bunun müzakirəsini aparacayıq”. Deputat bu qanunda boşluqların olduğunu bildirib. 

“5 ilə əvvələ qədər “Dövlət qulluğu haqqında” Qanun yox idi və dövlət qulluğuna qəbul testlə keçirilmirdi və bu insanlar necə qəbul olunurdu. O qədər boş yerlər var”.

Deputatın sözlərinə görə, Milli Məclisdə məsələni qaldırmaq bir, onun həyata keçirmək başqadır. “Məsələni qaldırmaq həm cəmiyyətə, həm parlamentə, həm hökümətə belə bir zərurət olduğu mexanizmi verməkdir. Ondan sonrakı texniki proseslər daha yorucu proseslərdir. Müxtəlif təşkilatları ilə razılaşdırmaq, ekspertlərin rəyini almaq, əlaqədar nazirliklərə rəy göndərmək lazımdır. Bunu da bizim özümüz edirik”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...