Modern.az

Ya Azərbaycanla sülh müqaviləsi, ya da Dəmir Yumruq...

Ya Azərbaycanla sülh müqaviləsi, ya da Dəmir Yumruq...

26 Avqust 2023, 18:59

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilməyən Ermənistan hərbi, siyasi təxribatlara əl atır. Hərbi və siyasi baxımdan dünyada biabır olan Ermənistan hər vəchlə sülh danışıqlarının konkret nəticə verməsinə mane olur.

 

Zaman-zaman mənasız təkliflər vermək və təxribat törətməklə danışıqlar prosesini uzatmağa çalışır. Halbuki Azərbaycanın sülhlə əlaqədar irəli sürdüyü prinsiplər artıq dünya birliyi tərəfindən də qəbul edilib. Bunlar ermənilərin özü üçün də faydalıdır. Ancaq qisasçılıq fitnəsi ermənilərə heç cür rahatlıq vermir.

 

 Vətən müharibəsində “Böyük Ermənistan”, “məğlubedilməz ordu”, “yeni torpaqlar uğrunda müharibə” kimi sərsəm sayıqlamalar darmadağın edildikdən sonra  tüstüləri başlarından çıxmağa başladı. Hazırda Qarabağda böyük quruculuq işləri sürətlə davam edir. Hava Limanları, yollar, körpülər, evlər, məktəblər və bu kimi infrastruktur obyektləri tikilib istifadəyə verilir. Məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdır.

 

Bu gün cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Şəhəri Günü münasibətilə Laçına gediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.

 

Ermənistan isə iqtisadi-sosial səfalət içərisində çapalayır. Ermənistan diasporundan pul dilənir. Bütün bunları görən Ermənistan daha da əsəbləşir.Təxribatların miqyasını daha da genişləndirir. Laçın sərhəd-buraxılış məntəqəsinin açılması isə onların bütün ümidlərini puç edərək, son nöqtəni qoydu. Çünki onlar daha Qarabağa silah daşıya bilməyəcəklər. Alternativ yolu da qəbul etmirlər. 

 

Yeri gəlmişkən qeyd edim ki, Laçın sərhəd-buraxılış məntəqəsi mülki ermənilər üçün açıqdır və hazırda fəaliyyət göstərir. Bundan sonra başladılar “humanitar böhran”  manipulyasiyasına. Üz tutdular Beynəlxalq Ədalət Məhkəməsinə. Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxardı ki, Laçın Azərbaycanın suveren ərazisidir və orada buraxılış məntəqəsinin qurulması tam legitimdir. Ermənistanın siyasi həyasızlığı bununla da yekunlaşmadı. BMT TŞ-yə müraciət etdilər. Oradan da əliboş qayıtdılar. Atalarımız burada yaxşı deyiblər ki, “Utanmasan oynamağa nə var ki”.

 

Görəsən, BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməni 28 il ərzində yerinə yetirməyən Ermənistan hansı sifətlə BMT TŞ-dən qətnamə tələb edirdi? İndi də Avropa İttifaqı Dövlətləri Xarici İşlər Nazirliklərinin görüşünə hazırlaşırlar. Əminəm ki, oradan da xəyal qırıqlığı ilə qayıdacaqlar. Bəs sonra? Sonrası məlumdur.

 

Ya Azərbaycanla sülh müqaviləsi imzalanacaq, ya da Dəmir Yumruq işə düşəcək.  Artıq “humanitar böhran” adı ilə spekulasiya törətmək yetər.

 

Ziyafət Əsgərov
Milli Məclisin deputatı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi