Modern.az

Milli Məclisin tarixindən - Musa Musayev: “Açaram sandığı, tökərəm pambığı”

Milli Məclisin tarixindən - Musa Musayev: “Açaram sandığı, tökərəm pambığı”

10 Avqust 2013, 09:55

YAP-çı deputat Musa Musayev müxalifətin dar ağacından asılmaqdan qurtulmasından danışır 

Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik... Beləliklə, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Musa Musayev danışır:  

 “Müxalifət dar ağacından qurtulub”

- Surət Hüseynovun “Azadlıq” meydanından qurduğu dar ağacından qurtulan bugünkü müxalifət 15 iyunu bayram kimi qəbul etməlidir.

O, sonra akademik Cəlal Əliyevi tərifləyir:

- O, 1987-ci ildən başlayaraq Vəzirov hakimiyyəti ilə, Qorbaçov, Mütəllibov, Xalq Cəbhəsi, Müsavat hakimiyyətilə tək-tənha mübarizə aparıb. Bu gün mənəm-mənəm deyənlərin çoxu qaçıb gizlənəndə Cəlal müəllim öz ziyalı sözünü deyirdi. Ona görə də Cəlal müəllim haqqdında istər tərif, istərsə də şər-böhtan deyən insanlar bundan əvvəl düşünüb, daşınmalıdır.

“Pənah Hüseyn verilişə “piyan” gəlmişdi...”

Bununla da kifayətlənməyən Musa Musayev Pənah Hüseynin ünvanına təhqiramiz ifadələr səsləndirir. İddia edir ki, Pənah Hüseyn ANS-in “Cəm” verilişində debata sərxoş vəziyyətdə çıxıb:

- Yüz faiz əminəm ki, o, verilişə “piyan” gəlmişdi. Birincisi, ağzında saqqız var idi. Ayə, ayıbdır. Azərbaycan müxalifətinə təhqirdir ki, keçmiş baş nazir, bu gün hakimiyyətə gəlmək istəyən adam verilişə ağzında saqqız çıxıb.

M.Musayev hətta iddia edir ki, Pənah Hüseyn məhz “Dirol” saqqızı çeynəyirmiş:

- “Dirol”u da adətən araq içəndən sonra çeynəyirlər ki, içkinin qoxusunu aradan qaldırsınlar.

“Biz yala qulluq edən adamlar deyilik”

Bundan əvvəlki iclasda akademik Cəlal Əliyev Cəmil Həsənlinin də ünvanına ittihamlar səsləndirmişdi.

Cəmil Həsənli deyirdi ki, Cəlal Əliyev yetərincə cavabını alacaq:

- Bir də belə ittihamlar və təhqirlər səslənsə, onun cavabı veriləcək. Mən Cəlal müəllimə iki amilə görə-yaşına və elmi tituluna görə cavab vermirəm. Biz yala qulluq edən adamlar deyilik. Əgər siz öz ətrafınızdakı adamların qabağına yal atırsınızsa, bunu bizə şamil etməyin, siz öz tərəfdarlarınıza burada kukla da, toy generalları da deyə bilərsiniz-necə ki, deyirsiniz. Biz ayrılarına nökərçilik edən, yal alıb onlara qulluq edən adamlar deyilik.

Murtuz Ələsgərov:

- Siz kimsiniz ki, ona xəbərdarlıq edirsiniz?

“Gəlin buradakı ab-havanı dəyişdirək”

Milli Məclisin 2004-cü il noyabrın 16-da keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi gedir.

YAP-çı deputat Musa Musayev yenə çıxış edərək  deyir ki, Milli Məclisin bu zalı çoxlu sifətlər görüb:

- Gəlin buradakı ab-havanı dəyişək. Bu yerdəki kovraliti dəyişdirək, qırmızı partaları dəyişdirək. Bu köhnə partalarla üzülüşməyin vaxtı çatıb. Üç-dörd parlament sədri dəyişib, amma bu oturacaqlar dəyişmir. Mən xahiş edirəm, bu partaları burdan yığışdırsınlar.

Musa Musayev sonra səhiyyə və təhsildə rüşvətxorluq və korrupsiya haqqında danışır və dolayısı ilə haqq qazandırır. Bunu səhiyyə işçilərinin, müəllimlərin əmək haqlarının aşağı olması ilə əlaqələndirir:

- Birincisi, korrupsiya ilə rüşvəti qarışdırmayaq. Kimsə məktəbdə bir “şirvan”, iki “məmməd” pul yığıbsa, bunu korrupsiya ilə qarışdırmaq lazım deyil. Biz deyirik ki, bu gün səhiyyədə rüşvət baş alıb gedir. Siz bilirsiniz ki, bu gün “medsestra”nın maaşı 6 “şirvan”dır. Bu heç yolpulunu etmir. Həkimin maaşı 10-11, baş həkimin maaşı 20-21 “şirvan”dı. Milli Məclisdə sürücünün aldığı maaş baş həkimin aldığı maaşdan 4-5 dəfə yüksəkdir. Təhsil sahəsində də vəziyyət belədir.

“Açaram sandığı, tökərəm pambığı”

Musa Musayev hakimiyyət daxili çəkişmələrdən danışır:

- Bizim öz daxilimizdə müəyyən problemlər var. Bəzi iddialı adamlar var ki, mən heç nədən qorxmadan onların adını çəkə bilərəm. Ancaq ona görə çəkmirəm ki, onlar ümummilli liderimiz Heydər Əliyevin, İlham Əliyevin fərmanı ilə işləyirlər. Buna görə onların adını çəkmirik. Lakin bunların könlündən çox şeylər keçir. Görürsən, televiziyada, qəzetdə bir-birilərini ittiham edirlər. Onda bizim müxalifətə etirazımız yoxdur ki. Biz 8 milyonluq xalqıq. Heç kim keçmişini yaddan çıxarmasın. Biz çox şeylər bilirik. Deyirlər, dəvə gedib başını salır kolun dibin, elə bilir öz kölgəsində yatır (Bu Musa Musayevin yeni məsələsi idi-red.). Bu belə deyil. Kim-kimin kölgəsində yatır, hamı bilir. Aşarıq sandığı, tökərik pambığı, bəzi adamları biabır edərik. Ona görə də o adamlar məsuliyyətli çıxışlar etsinlər. Bəzən şəxsi münasibətləri qəzet səhifələrinə çıxardırlar. Həmin adamlar gedib öz işləri ilə məşğul olmalıdır.

İqtidarın daxilində ucuz şöhrətə-zada aldanan müəyyən adamlar var. Gedib bu müxalifətnən-zadnan əlbir olurlar. Belə sorğulara ehtiyac yoxdur.

“Əsl demokratiya Azərbaycandadır”

Milli Məclisin 2005-ci il iyunun 17-də keçirilən iclasında Musa Musayev yenə müxalifətə qarşı çıxış edir. Sonra Cəmil Həsənli ilə birlikdə getdiyi Brüssel səfərindən danışır:

 

- Əsl demokratiya Azərbaycandadır. Amma biz demokratiyanı pozub, müxalifətin nümayəndələrinin parlamentdə oturmasına, yeyib-içib prezidentimizin verdiyi evlərdə kef çəkməsinə icazə veririk.

“Ə, bizim yolumuz Heydər Əliyev yoludur”

O, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi də hədəfə alır:

- O gün iqtisadi inkişaf naziri bəyanat verir ki, bizim yolumuz Avropayadır. Ə, bizim yolumuz Heydər Əliyev yoludur, İlham Əliyev də onu davam etdirir. İkinci bir adam nə bəyanat verə, nə yol seçə bilər? Biz harada yaşayırıq e? Belə işlərə son qoymaq lazımdır. Murtuz müəllim, dövlətin yuxarı yerlərində bunların (müxalifətçiləri nəzərdə tutur) qohumları var, bunları maliyyələşdirirlər. Açaram sandığı, yenə tökərəm pambığı. Elə şeylər deyərəm ki, dəymişi dura-dura kalı tökülər.

“...Bu qarpız psixologiyası”

Ziyafət Əsgərov ANS-in “Cəm” verilişində “16 oktyabr” hərəkatının icraçı direktoru Pənah Hüseynin səsləndirdiyi fikirləri şərh edir:

- Siz mənə düşmən deyirsinizsə, mən sizinlə nə təhər anlaşım? İqtidara müharibə elan edirsən, sonra deyirsən ki, gəl, paritet əsaslarla komissiya yaradaq. Bunu necə başa düşmək olar? Bu qarpız psixologiyası, qarpız düşüncəsi ilə seçkiyə getmək olmaz. Əslində bu çıxışla Pənah Hüseyn müxalifətin özünü böyük zərbə altında qoydu. Beynəlxalq ictimaiyyət də gördü ki, bunlar müharibədən danışırlar, öz dövlətlərinə düşmən deyirlər.

Musa Quliyev Cəmil Həsənliyə müraciət edir:

- Sən hansı cəsarətlə Cəlal Əliyevi ittiham edirsən? Sən hər dəfə evinə gedəndə 4 otaqlı mənzilinin qarşısında durub Heydər Əliyevin ruhuna dualar oxumalısan.

Cəmil Həsənli:

- Azərbaycan xalqının iradəsi ilə formalaşmamış bu saxtakar Məclisdə çıxış üçün hər bir deputata 5 dəqiqə vermək müzakirələrin, sadəcə, formal xarakter daşıdığını göstərir.

Spiker ciddi etiraz edir:

- Saxtakar Məclisdə sizin yeriniz yoxdur.

Cəmil Həsənli:

- Biz düz seçilənlərik.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...