Modern.az

Ölkənin müdafiə sənayesində yeni oyunçu - “Azərsilah” nə işlər görəcək...

Ölkənin müdafiə sənayesində yeni oyunçu - “Azərsilah” nə işlər görəcək...

14 Sentyabr 2023, 17:28

Prezident İlham Əliyev ötən həftə ölkəmizin müdafiə sənayesi üçün önəmli fərman imzalayıb. Yeni fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

 

Sənədə görə, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.

 

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

 

Maraqlıdır, yeni Cəmiyyətin müdafiə sənayemizə qatqısı necə olacaq? Burada Türkiyə və İsrail kimi müdafiə sənayesində əməkdaşlıq etdiyimiz ölkələr iştirak edəcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov vurğulayıb ki, Prezidentin fərmanı müdafiənin və Ordunun gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır:

 

“Müdafiəmizin, təhlükəsizliyimizin təmini və silah-sursat istehsalının yüksək səviyyədə olması üçün belə bir fərmanın verilməsi təbii ki, vacibdir. 90-cı illərdə  bu murdar millət (ermənilər-red) bizə qarşı müharibəyə başlayan zaman silah-sursatın təminatında xeyli problemlər vardı. Bir güllə və patrondan ötrü Azərbaycan nə qədər əziyyətlər çəkirdi. Bunların hamısını biz yaşamaşıq. Bu gün Azərbaycanın öz Ordusunu silah-sursatla təmin etməsində heç bir problem yoxdur. Çünki Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti yüksək səviyyədədir. Yeni fərmanla onun fəaliyyəti daha da təkmilləşəcək. Problemlər tamamilə aradan qalxıb. Azərbaycan bu gün dünyanın müxtəlif yerlərində beynəlxalq səviyyədə keçirilən silah-sursat sərgilərində, cürbəcür tədbirlərdə də iştirak edir. Azərbaycanın istehsal etdiyi silah-sursat növləri dünyanın aparıcı dövlətləri tərəfindən bəyənilir, hətta alınır. Bu sahədə cənab Prezidentimizin rəhbərliyi altında çox ciddi işlər görülüb. Ordunun təminatı məsələsində ehtiyaclarımızın əsas hissəsini özümüz təmin edirik. Bu olduqca yaxşı göstəricidir. Çox vacib məsələdir.  Heç kəsə ehtiyacımız yoxdur”.

Deputatın sözlərinə görə, Azərbaycan bu istiqamətdə silah-sursat istehsalçısı olan dövlətlərin təcrübələrindən yararlanır:

 

"Mütəxəssislərin təcrübəsindən istifadə edirik. Birgə istehsal məsələləri daha önəmli bir təcrübə olardı. Daha təkmil silah-sursat istehsalına nail olmamıza səbəb olar. Bu istiqamətdə bizimlə əməkdaşlıq edən dövlətlər var. Türkiyə və İsrail belə dövlətlərdəndir. Bundan başqa dövlətlər də var. Biz bu sahə ilə qısa müddətdir ki, məşğul oluruq. Ancaq bu sahəylə 10 illər, yüz illər boyu məşğul olan dövlətlər və şirkətlər var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Bu istiqamətdə ciddi işlər görülür. Hesab edirəm ki, təhlükəsizliyimizin təminatı və Ordumuzun güclü olması üçün bu sahəyə diqqət yetirilməlidir. Cənab Prezidentimiz bu sahəyə ən yüksək səviyyədə diqqət yetirir. Ona görə də, bu gün Ordumuzun təminatında olan silah-sursatın xeyli hissəsi öz istehsalımızdır. Bu sevindirici haldır”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Arzu Nağıyev isə vurğulayıb ki, belə bir qurumun yaradılması zəruri idi:

 

“Müdafiə Sənayesi Nazirliyinin tabeliyində  “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Burada əsas məqsəd silah istehsalını, ixracını və idxalını həyata keçirməkdir. Vahid prinsiplər əsasında çevik idarəetmə, maliyyə sabitliyinin pozulmasının qarşısını almaq və buna uyğun müxtəlif işlər həyata keçiriləcək. Eyni zamanda Müdafiə Sənaye Nazirliyi tərkibində olan 2 məhdud MMC:  “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın özünün də silah ixracatçısı olması, eyni zamanda müxtəlif ölkələrin lizensiyası ilə istehsalat kimi addımlar çox mühümdür. Məhz buna görə də, belə bir cəmiyyət yarandı”.

Deputat bildirib ki, burada məqsəd tək Türkiyə və İsrailin yox, digər aparıcı dövlətlərin də lizensiyasından istifadə etməkdir:

 

“Burada əsas məqsədlərdən biri də başqa aparıcı dövlətlərin texnologiyasından istifadə edərək silah istehsalı, ixracı, satışı kimi addımların atılmasıdır. Məhz bu Fərmanın verilməsi çox müsbət haldır. Vaxtında atılmış addımdır. Ali Baş Komandan tam şəkildə əməliyyat şəratini nəzərə alaraq, belə bir fərmanın verilməsini zəruri sayıb”.

 

Hərbi ekspert Elxan Şıxaliyev isə söyləyib ki, həm ehtiyacların öyrənilməsi, araşdırılması, həm də tələbatın dəyərləndirliməsi və təminatı istiqamətində “Azərsilah” şirkəti Müdafiə Sənayesi şirkətinin fəaliyyətini irəli aparacaq.

“Daxili bazarın ehtiyaclarının, güc strukturu üçün lazım olan silah-sursatın araşdırılması, eyni zamanda sifariş və ehtiyacların qiymətləndirilməsi, istehsalı  və təminatı üzrə Müdafiə Sənayesi Nazirliyinin tərkibində bir neçə ixtisaslaşmış şirkətlər mövcuddur. İndi “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin də yaradılması mərkəzləşdirilmiş şəkildə Azərbaycan Silahlı Qüvvələrində və güc strukturlarında ehtiyacların qiymətləndirilməsi, dəyərləndirilməsi və təminatı istiqamətində aparacı şirkət olacaq. “Azərsilah” müdafiə sənayesini beynəlxalq sərgilərdə təmsil edəcək. Eyni  zamanda beynəlxalq strateji tərəfdaşlarımızla güc strukturlarında hərbi, texniki parkımızın, silahlanmanın, ehtiyacların qiymətləndirilməsi, müqavilələrin bağlanması və silahların təminatı üzrə əsas öhdəliyi daşıyacaq. Xüsusən də, həm Müdafiə Sənayesi məhsulları olan silahların ixracı, Azərbaycanın ehtiyacı olan silahların idxalı üzrə müqavilələrdə əsas təmsiledici şirkət olacaq. Düşünürəm ki, həm ehtiyacların öyrənilməsi, araşdırılması, həm də tələbatın dəyərləndirilməsi və təminatı istiqamətində “Azərsilah” şirkəti Müdafiə Sənayesi şirkətinin fəaliyyətini irəli götürmüş olacaq”.

Ekspert “Azərsilah” şirkətinin həyata keçirəcəyi işlərdən də söhbət açıb:

 

“Azərsilah” şirkəti yeni mərhələdə həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də güc strukturlarının silahlanmasında istifadə olunan silahların modernləşməsi, yeni növ silahların istehsalında, onların texniki və taktiki xüsusiyyətlərini yeni nəsil silahların  modernləşdirilməsi və proyektləşdirilməsində iştirak edəcək. Sovet dövründə istehsal olunmuş hərbi-texniki parkımızın modernləşdirilməsi, naviqator sistemlərinin, atıcı silahlarla gücləndirilməsi, xüsusən də nişangahların, modern nişangahların, gecəgörmə sistemlərinin onların üzərinə adaptasiya olunması üzrə də araşdırmaları həyata keçirəcək. Müdafiə Sənayesi Nazirliyinin tərkibindəki “Azərsilah” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin tələbatlarını ödəyəcək. Ona görə də, bu istiqamətdə fərmanın verilməsi yerində atılmış addımdır”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur