Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları yüklərin Ağdam-Xankəndi yolu ilə aparılması təklifini qəbul ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım artıq Xankəndiyə çatıb.
Paralel olaraq Laçın Dövlət Sərhədindəki buraxılış məntəqəsindən Xankəndi istiqamətinə BQXK-ya məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi təmin olunub. Keçid səhər saatlarında gerçəkləşib. İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib.
Beləliklə, Azərbaycanın prinsipial və ədalətli mövqeyi təmin edildi, Ağdam-Xankəndi yolu artıq fəaliyyət göstərir. Bununla bir daha sübut edildi ki, Azərbaycan heç yeri blokadada saxlamır.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu gün Qarabağa Ağdam-Xankəndi yolu ilə BQXK-nin humanitar yardımının keçirilməsi Azərbaycanın dəyişməz mövqeyinin Xankəndindəki separatçılar tərəfindən qəbul olunması deməkdir:
“Ağdam və Laçın yollarından humanitar yüklərin keçirilməsi 1 sentyabra razılaşdırılmışdı. Amma ermənilər razılığı pozaraq Ağdam yolu ilə humanitar yükün keçməsinə imkan vermirdi. Nəhayət, bu gün Qarabağa Ağdam-Xankəndi yolu ilə BQXK-nin humanitar yardımının keçirilməsi Azərbaycanın dəyişilməz mövqeyinin Xankəndindəki separatçılar tərəfindən qəbul olunması deməkdir. Azərbaycan Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu ilə humanitar yüklərin daxil ola biləcəyini bəyan edirdi. Bu, belə də oldu. Həm Ağdam, həm də Laçın yolundan humanitar yüklər keçdi”.
Deputat vurğulayıb ki, burada bir məsələ hələ də həll olunmamış qalır:
“Benəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yükü Xankəndiyə buraxıldığı halda Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin (QAC) yükü 20 gündür ki, Ağdam-Əsgəran yolunda gözləyir. QAC-in yükünün buraxılmamasını düzgün hesab etmirəm. Əgər BQXK-nin humanitar yükü Xankəndiyə çatdırılırsa, QAC-ın yükü də çatdırılmalıdır. Beynəlxalq humanitar təşkilatlar arasında fərq qoymaq olmaz. QAC ilə BQXK arasındakı razılığa əsasən onlar eyni statusludurlar. Ona görə də, humanitar təşkilatlar arasında ayrıseçkilyə yol verilməsini düzgün hesab etmirəm.
Laçın yolundan BQXK-nin yükünün keçməsi bu yolun bütün daşınmalar üçün açıq olduğu anlamına gəlmir. Bu yol beynəlxalq status daşıyır və Laçın sərhəd keçid məntəqəsindən keçən bütün yüklər sərhəd və gömrük qaydalarına uyğun tənzimlənməlidir”.
Milli Məclisin digər deputatı Naqif Həmzəyev isə bildirib ki, Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasına separatçıların razılıq verməsi ermənilərin yalanlarını ifşa edib:
"Ermənistan Laçın yolu üzərindən uydurma, həqiqəti əks etdirməyən “humanitar böhran” şousu yaradaraq, Azərbaycana beynəlxalq təzyiqləri artırmaq istəyirdilər. Məhz bu, böyük planın tərkib hissəsi idi. Həm Fransadan, həm də Ermənistana havadarlıq edən digər dövlətlərdən Azərbaycan əleyhinə fikirlər səsləndirildi, ancaq bu fikirlərin heç birinin hüquqi əsası yox idi. Faktiki olaraq, BMT TŞ-də Ermənistanın iddialarının iflasa uğraması və onların istəyinə çatmaması erməniləri məyus etdi. Buna baxmayaraq, ermənilər öz məkrli planlarından əl çəkmədilər. Xüsusilə də, Fransadan, ABŞ-dan bəzi senatorların erməni diaspor və lobbisinin təsiri altında “humanitar şou”nu dəstəkləmələri ermənilərin köməyinə gəlmədi. Ermənistan da anladı ki, hər keçən gün onlar məyus duruma düşürlər. Faktiki olaraq, heç cür ortada aclığın, humanitar problemin olduğunu və bu məsələlərin Laçın yolu ilə yüklər daşınacağı halda həll olunacağını sübut edə bilmədilər.
Çünki Azərbaycan tutarlı faktlar ortaya qoyaraq, alternativ yollar təklif etmişdi. Azərbaycan tərəfi ölkədə fəaliyyət göstərən diplomatik korpusların və səfirliklərin nümayəndələrinin, dəfələrlə, bu əraziyə səfərlərini təşkil edib. Azərbaycan rəsmiləri tərəfindən xarici KİV-lərə açıqlamalar verilib. Bir sözlə, Azərbaycan faktlarla Ermənistanın yalanlarını ifşa etməyi bacarıb. Bundan qabaq Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Xankəndiyə humanitar yardım göndərilib. Ancaq bu yüklərin Xankəndiyə buraxılmasına separatçılar imkan vermədilər. Daha sonra Rusiyanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yüklər 3 gün Bərdədə gözlədildikdən sonra qəbul edildi. Onlar bu yükü də qəbul etməsələr, faktiki olaraq orada “aclıq”dan, “humanitar böhran”dan danışa bilməzdilər. Danışıqlar prosesi, Azərbaycanın qətiyyətli mövqeyini sona qədər müdafiə etməsi Ermənistan tərəfini başa saldı ki, bizim daxili işlərimizə 3-cü tərəflərin müdaxiləsi yolverilməzdir. Azərbaycan humanistlik göstərərək güc yolu ilə deyil, diplomatik danışıqlar yolu ilə erməni əhalinin reinteqraisyasına nail olmaq istəyir. Oradakı separatçıların fəaliyyətin Azərbaycan tərəfindən tanınmır. Ümid edirik ki, Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirərək, Qarabağdakı qeyri-qanuni quldur dəstələrini Xankəndi və onun ətraf ərazilərindən çıxaracaqlar".
Deputat son bir həftə ərzində əli silah tutan kişilərin Xankəndini tərk etdiyini söyləyib:
"Demək olar ki, son on gün ərzində Xankəndidən Ermənistana keçən ermənilərin əksəriyyəti kişilərdir. Özü də bunlar ya hərbi xidmətdə olan, ya da hərbi xidmətdə olma ehtimalı olan şəxslərdir. Onlardan bəzilərinin Azərbaycan telekanallarına müsahibəsində də görürük ki, onların təkrar Xankəndiyə qayıtmaq niyyəti yoxdur. Böyük ehtimalla Ermənistan artıq buradakı qanunsuz silahlı dəstələrində fəaliyyət göstərən hərbçiləri ərazidən çıxarır. Çünki gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklərini bilirlər. Böyük əksəriyyəti də buranı qorxudan tərk edir. Bilirlər ki, cinayət törədiblər və hər an döyüşlərə cəlb oluna bilərlər".
Deputat söyləyib ki, Azərbaycanın diqtəsi əsasında Ağdam-Xankəndi yolunun işə düşməsi və Ermənistan tərəfinin bu yol vasitəsilə humanitar yüklərin daşınmasına razılıq verməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir:
"Cənab Prezidentin qətiyyətli siyasəti öz bəhrəsini verir. Biz heç bir kənar güclər qarşısında geri çəkilmirik. Çünki bizim işimiz haqdır. Bizim qəhrəman şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz döyüşərək, canları,qanları bahasına torpaqlarımızı işğaldan azad edib. Bu gün beynəlxalq təşkilatların demokratiya və insan haqlarından dəm vurmağa haqqı çatmır. 30 il ərzində onlar bu münaqişəni sülh yolu ilə, danışıqlar yolu ilə həll etmədilər. Münaqişəni dondurdular. Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də, BMT-nin qətnamələrini öz gücü hesabına yerinə yetirdi. Bu gün də biz beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq öz ərazilərimizdə quruculuq-abadlıq işləri həyata keçiririk. Bu ərazilərdə yaşayan bütün əhali Azərbaycan qanunlarına tabe olmalıdır. Heç kəsin xüsusi üstünlüyü olmamalıdır. Azərbaycan tərəfi bu fikirləri, dəfələrlə, beynəlxalq təşkilatlara, Ermənistanın havadarı olan ölkələrə də çatdırıb. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Biz mərhələli şəkildə erməni əhalinin reinteqrasiyasının şahidi olacağıq. Azərbaycan qanunlarına tabe olub yaşamaq istəyənlər Xankəndi və ətraf rayonlarda məskunlaşacaqlar. Kim də Azərbaycan qanunları ilə yaşamaq istəmirsə, Ermənistana və başqa ölkələrə gedib yaşaya biləcək. Ancaq əli azərbaycanlıların qanına batmış, hərbi cinayətlər törətmiş ermənilər qanun qarşısında cavab verəcəklər. Biz artıq Vaqif Xaçaturyanın, Azərbaycan bayrağına hörmətsizlik etmiş idmançıların necə həbs edilərək Azərbaycan qanunları ilə məsuliyyətə cəlb edildiklərinin şahidi olduq. Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları bu sahədə öz işlərini görürlər.Ermənistan tərəfi reallığı başa düşməlidir. Ermənistanın havadarları da başa düşməlidir ki, onlar bu cür süni dəstəklə Ermənistan kömək etmirlər, əksinə ziyan vurular. Çünki sülh prosesinin uzadılması, yubadılması nəticə etibarilə ən çox Ermənsitana ziyan vurur".